Siyasət

Avropa Şurasının baş katibi: "Azərbaycanlı əsgərin meyitinin qaytarılması bir jest olardı"

24 Yanvar 2017 20:37
2 Şərh     Baxış: 997

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) qış sessiyasının bugünkü plenar iclasında Avropa Şurasının baş katibi Tyorbörn Yaqland Assambleya üzvləri qarşısında çıxış edərək təşkilatın fəaliyyəti haqqında məlumat verib. Avropa Şurasının baş katibi bir sıra parlamentarın suallarını da cavablandırıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Rəfael Hüseynovun ermənilərin işğal etdikləri Azərbaycan ərazilərində iki azərbaycanlı - Dilgəm Əsgərov Şahbaz Quliyevi tutaraq girov saxlamaları haqda sualına münasibət bildirən Tyorbörn Yaqland ermənilərin saxladıqları iki azərbaycanlının Azərbaycana qaytarılmasının əlamətdar bir jest ola biləcəyini söyləyib.

"İki azərbaycanlının ermənilər tərəfindən saxlanılması məsələsinə gəldikdə, mən bu məsələni, səhv etmirəmsə, iki il əvvəl Ermənistan prezidenti ilə görüşümdə qaldırmışdım. Bundan əlavə, 29 dekabrda tərəflər arasında baş vermiş atəşkəsin pozulması nəticəsində qətlə yetirilmiş azərbaycanlı əsgərin meyitinin qaytarılması məsələsini qaldırmışam. Bu məsələlərdə biz həmişə xalqların, insanların narahatçılığını əsas götürməliyik. Əlbəttə ki, biz bu münaqişənin sülh yolu ilə həlli yollarını axtaran Minsk prosesinin iştirakçısı deyilik, sülhün bərqərar etmək  səlahiyyətində olan təşkilat deyilik. Amma münaqişələrin humanitar tərəflərinə gəldikdə, biz hər zaman öz töhfəmizi verməyə hazırıq. Tərəflər arasında aparılan danışıqlarda onların Azərbaycana təhvil verilməsi əlamətdar bir jest olardı. Münaqişələr məsələsində tərəflər arasındakı gərginliyin azaldılması naminə hər zaman humanitar jestlərə tərəf irəliləmək lazımdır", - deyə Tyorbörn Yaqland qeyd edib.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.