Siyasət

"Yarpaq tökümü" başladı - Sarkisyan təklənir

24 Yanvar 2017 17:14
0 Şərh     Baxış: 3 005

Ermənistan müxalifəti apreldə keçiriləcən parlament seçkilərinə ciddi hazırlaşır. Bu arada, prezident Serj Sarkisyanın gəmisini tərk edənlərin sayı artır.

Milli.Az xəbər verir ki, bunu "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi ekspert Elxan Şahinoğlu bildirib.

Politoloqun sözlərinə görə, prezident Sarkisyanın ətrafından uzaqlaşaraq ona qarşı çıxanların sayı getdikcə çoxalır:

"Sarkisyan Seyran Ohanyanı müdafiə naziri vəzifəsindən uzaqlaşdırdıqdan sonra eks-nazir siyasi fəliyyətə başlayacağını elan etdi və keçmiş xarici işlər naziri Vardan Oskanyanla siyasi blok formalaşdırdı.

Bu bloka Ermənistanın tanınmış siyasətçisi, keçmiş dissident Paruyr Ayrikyan da qoşulub. Ayrikyan müstəqillikdən bu yana Ermənistan hakimiyyətlərinə qarşı hər zaman müxalifətdə olub, ruspərəst siyasətin əleyhinədir.

Ayrikyanın özü yeni blokun müvəqqəti xarakter daşıdığını bildirir, əsas məqsədlərinin parlament seçkisində Serj Sarkisyanın qələbəsini əngəlləmək olduğunu deyir.

Bu gün Serj Sarkisyan partiyadakı müavinini - keçmiş baş nazir Ovik Abramyanı da itirdi. Abramyan hakim partiyadan istefa verdiyini açıqladı. Böyük ehtimalla o da müxalifətin sıralarını genişləndirəcək. Ovik Abramyanın Ohanyan-Oskaynan-Ayrikyan üçlüyünə qoşulması ehtimalı da yüksədir.

O biri tərəfdə isə Serj Sarkisyanı qarabaqara izləyən keçmiş dostu, eks-prezident Robert Köçəryan var. O da Sarkisyanın idarəetməsinin tənqidçilərindəndir".

E.Şahinoğlu hesab edir ki, bu sıraya keçmiş prezident Levon Ter-Petrosyan da əlavə edilsə, hazırkı prezidenti apreldə ciddi sınaq gözlədiyini ehtimal etmək mümkündür:

"Sarkisyan hakimiyyətinin ömrünü uzatmaq üçün növbəti dəfə qarşıdurmaya gedəcəyi, İrəvan küçələrində kütləvi silahlı toqquşmaların olacağı da istisna deyil. İndi əsas məsələ ağaları Moskvanın Ermənistanda hakimiyyət dəyişikliyinə icazəsinin alınmasıdır.

Moskvada Sarkisyana böyük simpatiya yoxdur. Təsadüfi deyil ki, hakimiyyətdə təmsil olunmamalarına rəğmən, Robert Köçəryan Vladimir Putinlə, Ovik Abramyan isə Dmitri Medvedyevlə görüşürlər".

İlkin İzzət
Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.