Siyasət

Prezident İlham Əliyev: "Ermənistan öz acı məğlubiyyətini etiraf etməyə məcburdur"

23 Yanvar 2017 16:54
Baxış: 1 533

"Ermənistan öz acı məğlubiyyətini etiraf etməyə məcburdur".

Milli.Az AZƏRTAC-a istinadən xəbər verir ki, bunu yanvarın 23-də Müdafiə Nazirliyinin Abşeron rayonunun Pirəkəşkül qəsəbəsində "N" hərbi hissəsinin yeni inşa edilmiş hərbi şəhərciyinin açılışında iştirak edən Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev hərbçilərlə görüşündə deyib.

Dövlətimizin başçısı qeyd edib: "Aprel döyüşləri bizim böyük hərbi qələbəmizdir. Uzun illər Ermənistan öz ordusu haqqında miflər yaradırdı, uydurmalar irəli sürürdü ki, guya bunların yenilməz ordusu var. Aprel döyüşləri göstərdi ki, kimin ordusu yenilməzdir. Ermənistan öz acı məğlubiyyətini etiraf etmək istəməsə də məcburdur ki, etiraf etsin. Məhz aprel döyüşlərindən sonra Ermənistanın müdafiə naziri başda olmaqla bir çox yüksək vəzifəli hərbçilər öz vəzifələrindən kənarlaşdırıldı. Bu, aprel döyüşlərinin nəticəsi idi. Bizim əsgərlərimiz, zabitlərimiz qəhrəmanlıq göstərdilər. Biz şəhidlər də verdik. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Ancaq torpağımızı qoruduq, torpaqlarımızın bir hissəsini işğalçılardan azad etdik. Aprel döyüşləri hərbi kitablara salınmalıdır. Azərbaycan Ordusu həm hərbi peşəkarlıq, həm qəhrəmanlıq göstərmişdir".

Prezident vurğulayıb ki, bütün bu uğurların təməlində düşünülmüş siyasət dayanır: "Ordu quruculuğu prosesi Azərbaycanda ardıcıllıqla icra edilir. Həm təminat, təchizat, müasir texnikanın alınması, döyüş qabiliyyətinin artırılması, eyni zamanda, bizim hərbi uğurlarımız siyasi uğurlarla da tamamlanır. Biz bu gün özümüzü beynəlxalq aləmdə çox etibarlı tərəfdaş kimi təqdim etmişik. Bizim dünyadakı dostlarımızın sayı getdikcə artır. Bizim haqq işimiz barədə dünya ictimaiyyəti daha da dolğun məlumat əldə edir".

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.