Siyasət

Tramplı Amerika - Azərbaycanın bu dəfə konkret gözləntiləri var

22 Yanvar 2017 08:30
Baxış: 5 475

Donald Trampın prezidentliyi dövründə ABŞ-ın Azərbaycana dair siyasətində müsbət addımlar atacağı gözlənilir.

Bunu Milli.Az-a "Baku Network" ekspert qrupunun rəhbəri, təhlükəsizlik və beynəlxalq məsələlər üzrə ekspert Elxan Ələsgərov ABŞ-ın yeni prezidenti Donald Trampın inauqurasiya mərasimindəki çıxışını şərh edərkən bildirib.

Onun sözlərinə görə, indiyədək ABŞ-da belə mübahisəli seçki kampaniyası olmamışdı. Bunun da səbəbi məhz Donald Trampın açıqlamaları idi: "Onun hələ ilk çıxışında İslam terrorizmi və buna qarşı ABŞ-ın mübarizəni gücləndirməli olduğu haqqında fikirləri qalmaqal yaratdı. Daha sonra o, ABŞ-da məskunlaşma siyasətində dəyişikliklərə ehtiyac duyulduğunu və meksikalıların, eləcə də radikal islamçıların Amerikaya gəlişlərinə qadağa qoyulacağını dedi. Digər tərəfdən, Trampın Rusiya ilə münasibətlərdə müsbət dəyişiklik olacağına dair ismarıcları müəyyən ziddiyyətlərə və ona qarşı etirazlara səbəb olmuşdu".

Lakin E.Ələsgərov hesab edir ki, əslində, Trampın çıxışlarında mübahisəli məsələ yoxdur: "Birincisi, dünyada terrorizmə qarşı mübarizədə müəyyən böyük dövlətlər arasında uzlaşma olub və bir sıra digər dövlətlər də bu məsələdə birləşməlidirlər. Təbii ki, biz "radikal islamçı terrorizmi" ifadəsi ilə bağlı mübahisə edə bilərik. Amma biz bunu din amili ilə bağlaya bilmərik. Hesab edirəm ki, Trampın çıxışındakı ifadə də İslam dini ilə terrorizmin eyniləşdirilməsi mənasını daşımır. Sadəcə, "İslam dövləti" adlı terrorçu qrup müsəlmanlar adından çıxış edir və bu termin də onlara qarşı yönəldiyindən bu məsələni şişirtməyin mənası yoxdur. Çünki terrorizmə və İslama qarşı mübarizə eyni şeylər deyil.

Rusiya ilə münasibətlərə gəlincə, rusiyalı hakerlərin seçkilərin nəticələrinə guya təsir etməsi və Trampın prezident seçilməsində böyük rol oynaması ilə bağlı səslənən iddialar da mübahisəlidir. Əlbəttə ki, ABŞ-dakı prezident seçkilərində istər Rusiyanın, istərsə də başqa dövlətlərin də siyasi maraqları olub. Lakin Trampı seçən Amerika xalqı olub və bunu şübhə altına almaq lazım deyil. İndi ABŞ-ın xarici və daxili siyasətində böyük dəyişikliklərin olacağına dair gözləntilər var".

Ekspertin fikrincə, bunların içində Azərbaycanın gözləntilərini xüsusi qeyd etmək lazımdır: "Çünki prezident İlham Əliyevin seçkilərdən Donald Trampla şəxsən telefon danışığında onu təbrik etməsi və qarşı tərəfin səsləndirdiyi nisbətən ilıq bəyanatlar bizdə ABŞ-ın, ümumiyyətlə, Azərbaycan siyasətində, konkret olaraq Dağlıq Qarabağ məsələsində müəyyən müsbət dəyişikliklərin baş verəcəyinə dair ümidlər yaradır. Bu gözləntilər çoxdur. Çünki Barak Obama zamanı ABŞ-ın istər rəsmi şəxslərinin, istərsə qeyri-hökumət təşkilatlarının nümayəndələrinin bəyanatları Azərbaycanda Amerikaya olan ümidləri qırırdı. Biz ümid edirik və böyük ehtimalla belə də olacaq ki, Trampın hakimiyyəti dövründə ABŞ-ın Azərbaycanla münasibətləri daha yaxşı olacaq. Qeyd etmək lazımdır ki, Azərbaycan terrorla mübarizədə, antiterror əməliyyatlarında və çoxlu digər məsələlərdə ABŞ-ın tərəfdaşlarından biri olub, hətta Əfqanıstandakı əməliyyatlara konkert dəstək də verib. Ona görə də ABŞ-ın yeni prezident adminstasiyası tərəfindən Dağlıq Qarabağ məsələsində müsbət addımlar gözləyirik".

Qeyd: Analoji mövzularla bağlı geniş məlumatları aşağıdakı resurslardan da əldə etmək mümkündür:

http://bakunetwork.com

Bizi Facebook-dan, Twitter-dən və Youtube-dan izləyin.

İlkin İzzət
Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.