Siyasət

Trampın fikincə, bu məsələlərə diqqət daha da gücləndirilməlidir

21 Yanvar 2017 21:07
Baxış: 1 614

Prezident Donald Tramp inauqurasiya mərasimi zamanı çıxışında faktiki olaraq müəyyən mənada elə prezident seçkiləri kampaniyası dövründə səsləndirdiyi ifadələri, vədləri təkrarladı. Onun ideyalarının əsas məğzi isə budur ki, Amerika yenidən nəhəng bir dövlətə çevrilməlidir. Tramp hesab edir ki, ABŞ-ın artıq keçmiş rəhbərliyi bu ölkənın gücünə müəyyən dərəcə zərbə endirib, onu zəiflədib, ona görə də Amerika bundan sonra yenidən bərpa olunmalı və inkişaf etməlidir.

Bunu Milli.Az-a beynəlxalq məsələlər üzrə ekspert, politoloq Fikrət Sadıqov ABŞ-ın yeni prezidenti Donald Trampın inauqurasiya mərasimindəki çıxışını şərh edərkən bildirib.

Politoloqun qənaətincə, ABŞ-ın yeni prezidenti və onun komandası hakimiyyəti dövründə daha çox ölkənin dirçəlməsinə və onun təhlükəsizliyinin təmin edilməsinə diqqət yetirəcək:

"Tramp çıxışında terrorçularla və radikal islamçı təşkilatlarla mübarizəyə dair bəyanat verdi və dedi ki, terrorçuların da sonuna çıxacağıq, radikal islamçı terrorizmə son qoyulmalıdır.

Tramp bir sıra məqamlarda, o cümlədən xarici siyasətlə bağlı kifayət qədər sərt və birmənalı ifadələr işlətdi. O, ABŞ-ın bir çox ölkələrin daxili işlərinə faktiki müdaxilə etdiyini, eyni zamanda bəzi ölkələrin təhlükəsizliyini təmin etdiklərini, amma öz təhlükəsizliyini təmin etmədiyini, öz sərhədlərini kifayət qədər qoruya bilmədiyini dedi. Trampın fikincə, bu məsələlərə diqqət daha da gücləndirilməlidir.

Bundan başqa, ABŞ-ın yeni prezidenti xarici siyasət prioritetləri ilə bağlı çox sərt və konservativ fikirlər söylədi. Mənə elə gəlir ki, bundan sonra o, hansısa ölkənin təhlükəsizliyini təmin etməkdənsə, ABŞ-ın daxili problemlərinə, ölkənin dayaqlarının möhkəmləndirilməsinə daha çox diqqət yetirəcək. Biz bilirik ki, Obama adminstrasiyası bir sıra dövlətlərin daxili işlərinə müdaxilə edirdi, lazımi bildiyi dəyərləri orada tətbiq etmək istəyirdi. İnauqurasiyadakı çıxışdan belə anladım ki, Trampın adminstrasiyası bunu etməyəcək. O hesab edir ki, digər ölkələrdə hansısa məsələlərlə məşğul olmaq əvəzinə Amerikanın daxili problemlərini həll etmək lazımdır. Bunu təmin etmək üçün terrorizmə qarşı mübarizə aparmaq və ABŞ-ın maraqlarına cavab verən təhlükəsizlik tədbirlərini həyata keçirmək lazımdır".

İlkin İzzət
Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.