Siyasət

Dağlıq Qarabağ və böyük dövlətlərin xarici siyasəti: yeni "yolayrıcı"?

19 Yanvar 2017 16:15
Baxış: 1 722

Rusiyanın xarici işlər naziri Sergey Lavrovun bu il yanvarın 17-də keçirdiyi mətbuat konfransında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı söylədiyi fikirlərə müxtəlif reaksiyalar verilir. Milli.Az newtimes.az-a istinadən xəbər verir ki, Azərbaycan tərəfi öz təmkinli mövqeyini bir daha nümayiş etdirərək, real vəziyyəti ifadə edən fikirlər səsləndirib. Bunun fonunda bir sıra Rusiya və Ermənistan KİV-i təbliğat xarakterli yazılar verirlər. Onlar S.Lavrovun dediklərini daha çox işğalçı Ermənistanın mövqeyinə uyğun şərh etməyə çalışırlar. Bununla həm danışıqlar prosesinə zərbə vurulur, həm də həqiqətlər təhrif edilir. Nəticədə, münaqişənin ədalətli həlli yoluna növbəti maneə çıxarılmış olur.

Münaqişənin məzmunu: hər şey Ermənistanın təcavüzündən başlayıb

Rusiya Federasiyası xarici siyasət idarəsinin rəhbəri Sergey Lavrovun bu il yanvarın 17-də 2016-cı ilin yekunları ilə bağlı keçirdiyi brifinqdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi (bundan sonra - Dağlıq Qarabağ münaqişəsi) ilə bağlı dediyi fikirlər əks-səda doğurub. Azərbaycan jurnalistinin bu məsələ ilə bağlı verdiyi suala cavabında Rusiya rəsmisi münaqişənin yalnız Azərbaycanın daxili işi olmadığını və beynəlxalq miqyasda onunla məşğul olan qurumun mövcud olduğunu deyib (bax: Выступление и ответы на вопросы СМИ Министра иностранных дел России С.В.Лаврова в ходе пресс-конференции по итогам деятельности российской дипломатии в 2016 году / "mid.ru", 17 yanvar 2017).

S.Lavrov sözlərinə davam edərək bildirib ki, BMT Təhlükəsizlik Şurasının münaqişənin qızğın vaxtı qəbul etdiyi bir çox qərarlar vardır ki, atəşkəsin dayandırılması istənilirdi. Rusiyanın xarici işlər naziri deyib: "Əgər arxivlərə müraciət etsək, atəşin dərhal dayandırılması tələbinə necə əməl edildiyini və kimlərin ona əməl edib, kimlərin etmədiyini görmək mümkündür" (bax: əvvəlki mənbəyə).

İşğal olunmuş ərazilərin azad olunması məsələsi isə, rusiyalı nazirin dediyinə görə, "hər zaman danışıqlar masasında olub, lakin sülh yolu ilə və Dağlıq Qarabağın sonradan statusunun müəyyənləşməsi şərti ilə" (bax: əvvəlki mənbəyə). S.Lavrov Rusiyanın aprel döyüşlərinin dayandırılmasındakı rolunu da vurğulayıb və bunun müsbət addım olduğunu söyləyib. Bundan sonra Vyanada və Sankt-Peterburqda prezidentlərin görüşündə münaqişə zonasında insidentlərə nəzarət mexanizminin hazırlanması barədə razılıq əldə edilib. Lakin ATƏT-də bu məsələ ilə bağlı hələlik ortaq fikir yoxdur (bax: əvvəlki mənbəyə).

Şübhə yoxdur ki, Rusiya böyük dövlətdir və onun Dağlıq Qarabağ münaqişəsinə təsiri güclüdür. Hətta bir sıra dairələr bu məsələnin real həllinin açarının Moskvanın əlində olduğunu hesab edir. Bu prizmadan S.Lavrovun ifadə etdiyi fikirlərə nəzər yetirdikdə, bəzi məqamlar üzərində geniş dayanmağa ehtiyac görürük.

Əvvəlcə onu deyək ki, nədənsə, Azərbaycanın bir sıra KİV orqanı S.Lavrovun bu cür fikirlər söyləməsini brifinqdə iştirak edən azərbaycanlı jurnalistlərin "təxribatçı suallar verməsi" ilə əlaqələndiriblər (bax: məs., Азербайджанские журналисты спровоцировали Лаврова / "haqqin.az", 17 yanvar 2017). Mümkündür ki, Rusiyanın hansısa informasiya agentliyi, yaxud erməni saytı bu fikirdə olsun, ancaq həmin mövqeyi Azərbaycanda işləyən bir KİV orqanının müdafiə etməsinin mənasını anlamaq çox çətindir.

Çünki hər bir jurnalistin, ilk növbədə azərbaycanlı jurnalistlərin haqqı və hüququ vardır ki, istənilən rəsmi şəxsdən soruşsun: əgər Azərbaycan öz torpaqlarını azad etmək üçün hərbi əməliyyatlara başlasa, Siz necə reaksiya verərdiniz? Bu kimi sualları vermək hüququmuzu tanımamanın özü çox kobud və qəbuledilməz hüquq pozuntusudur və məsələ o dərəcədə aydındır ki, sübuta ehtiyac yoxdur. Bundan başqa, azərbaycanlı jurnalistlərin haqlı olduğunu S.Lavrovun cavabları bir daha təsdiqlədi.

Azərbaycan Xarici İşlər Nazirliyinin rəsmi şəxslərinin məsələyə münasibəti də bunu təsdiq etməkdədir. Belə ki, Azərbaycan tərəfi BMT TŞ-nin qəbul etdiyi dörd qətnaməyə məhz İrəvanın əməl etmədiyini bir daha xatırladıb. Problem özlüyündə atəşkəsə nail olmaqda deyil, əsas maneə Ermənistanın təcavüzkar siyasətindən əl çəkməməsindədir. Bu aspektdə "kim atəşkəsə əməl etdi, kim etmədi" məntiqi tamamilə yersizdir. Çünki əgər Azərbaycan torpaqlarının işğalına son qoyulmursa, buna mütləq cavab verilməlidir. Misal üçün, Rusiya öz ərazisinə olan hər hansı təcavüzə cavab vermək əvəzinə BMT-yə, yaxud ATƏT-ə müraciət edərdimi? Mümkün deyil.

Hətta Gürcüstan öz ərazisində olan Cənubi Osetiyada əməliyyatlara başlayanda Kreml heç kəsdən icazə almadan gürcü ordusunu nəinki həmin ərazidən vurub çıxardı, hətta Gürcüstanın ora aid olmayan başqa bölgələrini bombaladı. İndi Moskva da daxil olmaqla ATƏT-in Minsk qrupunun həmsədrləri Azərbaycanın qarşısına "hərbi əməliyyatlar keçirmə!" kimi tələb qoyurlar. Bizim öz doğma torpaqlarımızı işğalçılardan təmizləmək istəyimizin qarşısına sədd çəkməyin adı nədir? Heç olmasa bu barədə sual vermək belə haqqımız yoxdurmu? Baxın, təxribatçı kimdir!

Rusiya və Ermənistan KİV-in məsələni necə şərh etmələrindən aydın görünür ki, bir sıra dairələr dərhal S.Lavrovun fikirlərini özləri bildiyi kimi yozmağa başlayıblar. S.Markedonov yazır ki, münaqişəyə xarici oyunçuların - Rusiya, Qərb, Türkiyə və İranın təsiri çoxdur. Hazırda onlar arasında müəyyən məsələlərdə fikir ayrılığı vardır. ABŞ-la Rusiya problemin sülh yolu ilə həllində ortaq mövqedədirlər, İran müəyyən fərqli baxışa sahib olsa da, dinc üsula üstünlük verir, Türkiyə daha çox Azərbaycanın mövqeyinə uyğun davranır və s. (bax: Сергей Маркедонов. Нагорно-карабахский конфликт: на перекрестке внешнеполитических интересов / РСМД, 17 yanvar 2016).

Bu cür müqayisələrin fonunda müəllif iddia edir ki, "hərbi üsuldan başqa bütün üsullar qəbulediləndir", hətta qeyri-hərbi yol "münaqişənin həllinin eliksiridir" (bax: əvvəlki mənbəyə). Sonra S.Markedonov Türkiyənin mövqeyini "Azərbaycanpərəst" adlandırır, Rusiyanın, ABŞ-ın, Fransanın və Qərbin digər dövlətlərinin mövqeyini isə "obyektiv", "qan tökülməsini istəməyən" mövqe kimi təqdim edir. Yəni həmin dövlətlərin təcavüzkarı dəstəkləməsi "ümumi obyektiv", "humanist" davranış kimi qələmə verilir.

Atəşkəs və ərazi bütövlüyü: əsas faktın gizlədilməsi

Ermənilər isə çox haqsız, həyasız fikirlər irəli sürürlər. Onlar Sergey Lavrovun boynuna qoymağa çalışırlar ki, Rusiyanın xarici işlər naziri Azərbaycanın siyasi rəhbərliyini xəbərdar edib ki, danışıqlar prosesini pozmasın, münaqişəni özünün daxili işi hesab etməsin. Bəzi separatçı qatillər isə S.Lavrovun dediklərinin Bakı üçün "soyuq duş" effekti yaratdığından, Azərbaycanın "diplomatik eqoizmini" və "özünün faşist mövqeyini kənara qoymasına" istiqamətləndiyindən dəm vururlar (bax: məs., Заявление Лаврова о карабахском конфликте - констатация действительности: Теван Погосян / "armenpress.am", 18 yanvar 2017 və Пресс-секретарь президента НКР считает заявление главы МИД РФ о Нагорном Карабахе холодным душем для Баку / "armenpress.am", 17 yanvar 2017).

Bütün bunlara rəğmən, bütövlükdə, atəşkəsdən, sülhdən, dinc yanaşı yaşamaqdan danışmaqla Qərbin ekspertləri bir məntiqi tələdən istifadə edirlər. Onlar Azərbaycan torpaqlarının işğal altında olması faktını yox saymaqla, hazırkı vəziyyəti başlanğıc kimi təqdim etməyə çalışırlar və Bakını "bu həqiqəti" qəbul etməməkdə suçlayırlar. Ankaranı da həmin kontekstdə "davakar qardaşını" dəstəkləyən qismində təqdim etməyə cəhd göstərirlər.

Açıq deyək: ATƏT-in Minsk qrupunun bütün həmsədrlərinin böyük tarixi səhvi təcavüzə gizli olaraq haqq qazandırmalarından ibarətdir! Ermənistanın Dağlıq Qarabağı və ətraf rayonları işğal etdiyi ilk zamanlardan bu yana beynəlxalq təşkilatların qəbul etdiyi sənədlərdə dəfələrlə erməni qoşunlarının işğal olunmuş ərazilərdən qeyd-şərtsiz çıxarılması tələb olunur. Ancaq hansı həmsədr dövlət məhz bu kontekstdə məsələni kəskin qoyaraq İrəvandan bunu tələb edib? Heç biri etməyib və etmək fikirləri də yoxdur! Bu reallıqdır, unudulmaz faktdır! Və belə həqiqətlərin fonunda atəşkəsdən ağızdolusu danışmaq baş aldatmaqdan, Ermənistanı qorumaqdan, işğal olunmuş ərazilərin hesabına geosiyasi dividend qazanmağa çalışmaqdan başqa bir şey deyil! Özü də bu davranış hansı dövlət tərəfindən edilirsə-edilsin, mənası birdir - təcavüzkarı müdafiə etmək!

Hamıya məlumdur ki, bütün bunlara baxmayaraq, rəsmi Bakı daim münaqişənin sülh yolu ilə həllinə tərəfdar olub və bu mövqeyində indi də qalmaqdadır. Həmin çərçivədə Azərbaycan Rusiyanın göstərdiyi sülh təşəbbüslərini məmnunluqla qarşılayır, onu yüksək qiymətləndirir və böyük önəm verir. Bu barədə ən yüksək səviyyədə Azərbaycan rəhbərliyi fikrini ifadə edib. Azərbaycan tərəfi əldə edilən razılıqlara həmişə əməl edib və etməkdədir. O cümlədən atəşkəs rejiminə də tam əməl edir.

Bunlarla yanaşı, Bakının bir haqlı tələbi yerinə yetirilməsə, münaqişə həll oluna bilməz - Ermənistan silahlı qüvvələri işğal etdikləri Azərbaycan torpaqlarından qeyd-şərtsiz çıxmalıdırlar, ölkənin BMT tərəfindən tanınan ərazisinin bütövlüyü təmin olunmalıdır! Əgər buna danışıqlar yolu ilə nail olunacaqsa, çox yaxşı, Azərbaycan rəhbərliyi bunu qəbul edir. Lakin 20 ildən çoxdur ki, ermənilər müxtəlif bəhanələrlə məsələni qeyri-müəyyənlikdə saxlayırlar, Minsk qrupunun həmsədrləri isə ona ciddi mane olmurlar.

Bu vəziyyət nə vaxta qədər davam etməlidir? Rəsmi Bakı hesab edir ki, limit qurtarıb. Artıq konkret işə keçmək zamanıdır. Əgər həmsədrlər də daxil bunun reallaşmasına dəstək verilməyəcəksə, onda Azərbaycan BMT-nin Nizamnaməsində olan uyğun özünümüdafiə hüququna əsaslanmaqla, istədiyi üsulla işğalçını qovmaq haqqını saxlayır. Burada aydın olmayan nə var ki?

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.