Siyasət

Erməni terrorçularının Los-Anceles Olimpiadası üçün təhlükəsi barədə - MKİ-dən MƏXFİ HESABAT

19 Yanvar 2017 15:05
Baxış: 2 513

Artıq xəbər verildiyi kimi, ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ - ingiliscə CİA) dünyada baş vermiş və baş verən müxtəlif hadisələrə dair çoxlu sənədləri açıqlayıb.

Milli.Az Day.Az-a istinadən xəbər verir ki, açıq əldə etmək üçün qoyulmuş sənədlərin arasında elələri var ki, erməni terrorçularının, xüsusilə də ASALA-nın dünya üçün yaratdığı ciddi təhlükələrə aydınlıq gətirir. Belə ki, amerika kəşfiyyatı 1984-cü il fevralın 28-də həmin ilin yayında Los-Ancelesdə keçirilmiş Olimpiadanın təhlükəsizliyinin təmin olunması məsələlərinə həsr olunmuş məxfi hesabat hazırlayıb.

Hesabatda qeyd edilir ki, Oyunların keçirilməsi ilə əlaqədar terror əleyhinə fəaliyyətin təmin edilməsinə görə əsas məsuliyyəti Federal Təhqiqatlar Bürosu (FTB - ingiliscə FBİ) öz üzərinə götürüb. Büronun Los-Ancelesdəki mənzil-qərargahında tam olaraq FTB və yerli polisin zabitlərindən ibarət Antiterror Əməliyyatları Mərkəzi yaradılıb.

Sənəddə qeyd edilir ki, Oyunlara hazırlıq və keçiriməsi dövründə kəşfiyyatın əsas məqsədi mümkün terror təhlükələrinin aşkar və təhlil edilməsi olub. Bununla yanaşı, MKİ bildirir ki, Olimpiadanı terror aktları meydanına çevirə biləcək əsas təhlükə ermənilərdir.

"Əvvəla, Los-Ancelesdə Birləşmiş Ştatların istənilən digər şəhərindən daha çox erməni yaşayır. İkincisi, burada son 30 il ərzində işləyən heç bir Türkiyə konsulu evinə sağ qayıtmayıb (1973-cü ildə Türkiyənin konsul və vitse-konsulu, 1982-ci ilin yanvarında isə daha bir türk konsulu qətlə yetirilib). Daha çox ASALA və JCAG (özlərini "erməni soyqırımına münasibətdə ədalət uğrunda döyüşçü" adlandıranlar) narahatlıq doğurur," - deyə açıqlanmış hesabatda yazılır.

Maraqlıdır ki, MKİ-nin analitikləri o zamanlar hətta dünyada təhlükəsizlik baxımından aktual olan Liviya, İran və Suriya təhdidlərini Los-Anceles Olimpadası üçün erməni terrorundan daha az təhlükəli hesab edirdilər.

Beləliklə, ABŞ-ın Mərkəzi Kəşfiyyat idarəsi erməni terrorizmi tərəfindən dünya üçün ciddi təhlükə olduğunu təsdiq edib. Bundan əlavə, açıqlanmış məlumatlar sübut edir ki, erməni terrorunun təhlükəli olması çoxdan dünyaya məlumdur.

Pünhan Mirzə

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.