Siyasət

Erməni cəmiyyəti sevinmir - Tufan qabağı sükut

18 Yanvar 2017 17:05
0 Şərh     Baxış: 2 990

"Rusiyanın xarici işlər naziri Sergey Lavrovun yanvarın 18-də Moskvada keçirdiyi mətbuat konfransında Qarabağla bağlı dedikləri tamamən Ermənistanın xeyrinə idi. Buna görə də erməni saytları Lavrovun Qarabağla bağlı açıqlamalarına gen-bol yer verdilər. Buna baxmayaraq, bu tip açıqlamalar keçmiş illərdə olduğu kimi Ermənistan cəmiyyətində yüksək ajiotaja, ruh yüksəkliyinə səbəb olmadı. Çünki Ermənistan cəmiyyəti Rusiyanın vassalı olmasından xeyir götürmür, iqtisadiyyatı və sosial durumu inkişaf etmir, tam əksinə ölkə geriyə gedir. Erməni cəmiyyətinin Lavrovun açıqlamalarından sevinəcək halı qalmayıb".

Milli.Az xəbər verir ki, bunu "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi ekspert Elxan Şahinoğlu deyib.

Politoloq qeyd edib ki, hazırda Ermənistan hakimiyyəti vəziyyətdən çıxış yolları axtarır: "Ermənistan prezidenti Serj Sarkisyan əvvəlcə Konstitusiya dəyişikliyinə ehtiyac duydu və 2015-ci ilin referendumunun nəticəsinə görə, Ermənistan parlament respublikasına çevrildi. Ermənistanda bu il aprel ayında keçiriləcək parlament seçkiləri Konstitusiya dəyişikliklərinin reallaşmasına yol açacaq, səlahiyyət prezidentdən parlament və hökumətə keçəcək. Ancaq bu dəyişkliklərin real olaraq Ermənistanda nəyi dəyişəcəyi bilinmir".

Onun fikrincə, bu ölkədə silahlı qarşıdurma ehtimalı yüksək olaraq qalır: "2016-cı ilin 4 günlük aprel döyüşləri erməni cəmiyyətini silkələdi. Buna qədər Ermənistan cəmiyyəti hakimiyyəti, siyasi partiyaları və ayrı-ayrı şəxsləri korrupsiyada ittiham edirdi. Ordu tənqiddən kənarda idi. Aprel döyüşlərindən sonra orduda korrupsiya mövzusu da genişləndi, buna qədər toxunulmaz olan generalların İrəvanda bahalı villalara malik olduğu üzə çıxdı. Halbuki, cəbhə bölgəsindəki hərbçilərin ərzaq və geyim təhcizatında ciddi problemlər var idi. Aprel döyüşləri olmasaydı, erməni cəmiyyəti bu problemlərdən xəbərdar olmayacaqdı. Cəmiyyət ordudakı itkilərlə bağlı ordu komandanlığını günahlandırdı.Beləliklə, ordu da digər siyasi institutlar kimi nüfuzdan düşməyə başladı. Bunun nəticəsi olaraq iyulun 17-də birinci Qarabağ savaşının "veteranları" İrəvanda polis məntəqəsinə silahlı hücum edərək qiyama başlamaq istədilər. Qiyam alınmadı, dəstək gəlmədi və bir müddət sonra silahlı şəxslər təslim oldular. Ancaq bu hadisənin özü erməni cəmiyyətində gələcəkdə silahlı qarşıdurma perspektivinin real olduğunu göstərdi".

E.Şahinoğlunun sözlərinə görə, vəziyyətin getdikcə gərginləşdiyini anlayan prezident Sarkisyan cəmiyyəti sakitləşdirmək üçün iki addım atdı: "Birincisi, Sarkisyan ordudakı vəziyyətə görə məsuliyyəti müdafiə naziri Seyran Ohanyanın üzərinə yüklədi və onu vəzifəsindən azad etdi. Sarkisyan orduda korrupsiyaya son qoymaq üçün Ermənistan tarixində ilk dəfə müdafiə naziri postuna mülki şəxsi təyin etdi.

Yeni müdafiə naziri Viqen Sarkisyan 5 il Prezident Administrasiyasına rəhbərlik etmişdi. Prezident Müdafiə Nazirliyini ən yaxın adamına etibar etməklə orduda ishalatların güclənəcəyini düşünürdü. Ancaq islahat üçün maliyyə lazımdır. Maliyyə isə Ermənistanda yoxdur. Belə olan halda yeni nazir çağırış edərək hər bir vətəndaşın orduya min dram köçürməsini istədi. Bu faktiki dilənmək idi. Ermənistan vətəndaşları ağır iqtisadi və sosial vəziyyətdə ikən büdcələrindən hələ bir orduya da pul ayırmalı idilər. Bu kampaniya erməni cəmiyyətində dəstək qazanmadı, əksinə yeni nazirin islahat imkanlarının məhdud olduğunu təlqin etdi.

İkincisi, Sarkisyan müdafiə nazirindən sonra baş naziri də dəyişdi. Ovik Abramyanın yerinə buna qədər Rusiyanın "Qazprom" şirkətində çalışan Karen Karapetyan baş nazir təyin olundu. Ancaq Karapetyan parlamentdə ilk çıxışındaca qeyd etdi ki, "mən sehrbaz deyiləm və qısa müddətdə problemləri həll edə bilməyəcəm". Karapetyan bununla mesaj verdi ki, hazırkı resurslar Ermənistan iqtisadiyyatının tənəzzüldən çıxışına və inkişafına, o cümlədən sosial problemlərin həllinə şərait yaratmır. Serj Sarkisyan Karen Karapetyanı lideri olduğu Respublika Partiyasına üzv qəbul etdirdi. Görünür, Sarkisyan bununla Karapetyanın gələcək siyasi ambisiyalarına son qoymağı düşünürdü. Çünki parlament seçkilərindən sonra əsas səlahiyyət sahibi baş nazir olacaq. Sarkisyan özünü bu vəzifədə görür, partiyanın sıravi üzvü Karapetyan isə ona tabe olmalıdır.

Ancaq Karen Karapetyan öz oyununa da başlaya bilər. Məsələn, o aprel seçkilərinə yaxın hakim partiyadan ayrılıb başqa partiya yaradaraq seçkiyə qatıla bilər. Bu təcrübədən artıq istefaya göndərilən keçmiş müdafiə naziri Seyran Ohanyan yararlanıb. O yeni partiya yaradıb. Serj Sarkisyan elə indinin özündə də Karen Karapetyana problemlər yaradır. Məsələn, Sarkisyan öz yaxın ətrafına deyib ki, Karapetyandan gözlədiyi islahatları müşahidə etmir. Bəlkə də Sarkisyan qəsdən bu şayiələrin yayılmasında maraqlıdır ki, cəmiyətdə Karapetyanın reytinqinin artmasına imkan verməsin. Ermənistan cəmiyyətinin də yeni baş nazirə ümidləri azalıb".

Ona görə də Mərkəzin rəhbəri hesab edir ki, Ermənistanda aprel seçkiləri gərgin keçəcək: "Müxalifətin müxtəlif qolları getdikcə fəallaşır. Sarkisyan özünə müttəfiq axtardığı kimi müxalifət partiyaları və liderləri də vahid blok formalaşdırmağa çalışırlar. Üstəgəl, güclü erməni diasporu 1990-cı illərdəkindən fərqli olaraq monolit deyil. Erməni diasporu iki yerə bölünüb. Bir hissəsi Ermənistan hakimiyyəti ilə əməkdaşlıq edir, digər hissəsi prezident Sarkisyana qarşı qatı müxalifətə keçib. Qərbdəki erməni diasporunun bir hissəsi Sarkisyanın Ermənistanı Rusiyanın asılılığına salmasından da narazıdır. Belə şəraitdə Serj Sarkisyana parlament seçkisində say üstünlüyü ilə qələbə çalmaq çətin olacaq. Aprelə qədər cəbhə bölgəsində ciddi toqquşma baş verərsə, bu, Ermənistan ordusunda növbəti dəfə itkilərin artmasına yol açacaq ki, bu amil də Sarkisyanın nüfuzuna zərbə vuracaq. Məsələn, erməni saytlarından biri Ermənistanın cəbhə bölgəsindəki itkiləri ilə bağlı belə bir maraqlı statistika açıqlayıb ki, 2016-cı ildə Ermənistanın Dağlıq Qarabağda və Azərbaycanla sərhəddə itkilərinin sayı 166 nəfər olub. Bunlardan 147 nəfəri hərbi xidmətdə olanlar, 18 nəfəri isə könüllüdür. Hərbçilərdən 109 nəfəri döyüşdə, 57-si isə qeyri-döyüş şəraitində öldürülüb. Bu statistikanı yayan erməni saytı iki maraqlı müqayisə də aparıb. Birincisi, 2015-ci ildə Ermənistanın itkiləri 76 nəfər idi, yəni özlərinin yazdığına görə itkiləri iki dəfə artıb. İkincisi, saytın yazdığına görə, 1994-cü ildən bu yana ilk dəfədir Ermənistan cəbhə bölgəsində könüllülərini itirir. Əslində, Ermənistanın 2016-cı ildəki itkiləri bundan dəfələrlə çoxdur, amma rəsmi İrəvan aprel döyüşlərindəki itkilərin sayını açıqlamır. Ancaq hətta erməni saytının yazdığının doğru olduğunu qəbul etsək belə, iqtisadiyyatı və əhalisi ilbəil kiçilən Ermənistan üçün 166 gəncini itirmək faciədir. Çünki əhali artmır, olan-qalan gənclər isə ya döyüşlərdə ölür, ya da ölkəni tərk etmək barədə düşünürlər. Bu prosesi aprel döyüşləri daha da sürətləndirdi. Döyüşlər isə hələ bitməyib..."

İlkin İzzət
Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.