Siyasət

Ekspert: "Ermənistan havadarlarına müraciət etməsəydi, Azərbaycan öz torpaqlarını işğaldan azad edərdi"

11 Yanvar 2017 12:29
Baxış: 2 151

"Əgər Ermənistan aprel döyüşləri zamanı öz havadarlarına və digər dövlətlərə müraciət etməsəydi, Azərbaycan Dağlıq Qarabağ münaqişəsini hərbi yolla həll etməyə qadir idi və bu gün də qadirdir".

Milli.Az xəbər verir ki, bunu Trend İnformasiya Agentliyinin baş direktorunun müavini, siyasi ekspert Arzu Nağıyev prezident İlham Əliyevin yanvarın 10-da Nazirlər Kabinetinin 2016-cı ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında çıxışında səsləndirdiyi fikirlərə münasibət bildirərkən deyib.

A.Nağıyev bildirib ki, aprel döyüşləri Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində əsas hadisələrdən biri oldu və Ermənistan ordusu haqqında yaradılan mifin dağılması ilə nəticələndi:

"2017-ci ildə də dövlət siyasətinin əsas prioritet istiqaməti Dağlıq Qarabağ münaqişəsinin həlli olacaq. Bununla yanaşı, ATƏT-in Minsk qrupunun həmsədrləri və bu işə cavabdeh olan beynəlxalq qurumlar bu məsələdə Ermənistana hərtərəfli təzyiq göstərməlidirlər".

A.Nağıyev vurğulayıb ki, Ermənistan iqtisadiyyatı Azərbaycan ordusunun qarşısında davam gətirməyə qadir deyil:
"Azərbaycan çox müasir silahlara malikdir. Dağlıq Qarabağ münaqişəsinin həllində danışıqlar yolunun seçilməsinə baxmayaraq, Ermənistan bu məsələnin danışıqlar yolu ilə həll edilməli olduğunu anlamırsa, Ermənistanı hərbi yolla danışıqlar masasına oturtmaq mümkündür. Artıq burada Ermənistana nə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvü olması kömək edəcək, nə də havadarları kömək göstərə biləcəklər. Çünki bizim işimiz haqq işidir, öz ərazilərimizdən işğalçı qoşunların çıxarılması və suverenliyimizi bərpa etmək istiqamətində antiterror əməliyyatlarının aparılması bizim öz işimizdir".

Ekspert bildirib ki, Dağlıq Qarabağ münaqişəsinin həllinin uzadılmasının heç bir mənası yoxdur: "Minsk qrupunun həm Fransadan, həm də ABŞ-dan olan həmsədrləri dəyişdirildi. Bundan başqa, ATƏT-də sədrlik Avstriyaya keçdi. Bununla bağlı demək olar ki, ATƏT-in bütün üzvləri Ermənistana hərtərəfli təzyiq göstərməlidir".

Milli.Az

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.