Siyasət

Prezident İlham Əliyev: "Bizi bu vəziyyətlə şantaj etmək istəyənlər özlərinə hörmət etmirlər"

11 Yanvar 2017 00:32
Baxış: 2 924

"Bu il biz "Cənub" qaz dəhlizinin yaradılması ilə bağlı çox böyük işlər görəcəyik. Bu il həlledici il olacaq. Bu nəhəng layihəni maliyyələşdirmək üçün bizim kifayət qədər öz vəsaitimiz var. Beynəlxalq maliyyə qurumları da bu layihəyə vəsait ayırırlar. Ona görə yox ki, bizə belə xüsusi xoş münasibət bəsləyirlər".

Milli.Az bildirir ki, Azərbaycan prezidenti İlham Əliyev bunu Nazirlər Kabinetinin 2016-cı ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında söyləyib.

Dövlət başçısı deyib: "Ona görə ki, bu, səmərəli layihədir. İndi beynəlxalq maliyyə qurumları elə layihələri axtarırlar ki, o layihələr pul gətirsin. Bax, "Cənub Qaz Dəhlizi" o layihələrdəndir. Bu layihə həm iqtisadi cəhətdən çox səmərəlidir, həm də ki, enerji təhlükəsizliyi baxımından bir çox ölkələrin maraqlarını təmin edəcək, ilk növbədə Azərbaycanın. Ona görə, əgər kimsə düşünürsə ki, bu layihənin icrası ilə bağlı bizdə problem olacaq, o, səhv edir. Mən nəyə görə bunu deyirəm? Çünki bilirəm ki, bəzi siyasi dairələr neftin qiymətinin düşməsi ilə bağlı yaranmış vəziyyətdən istifadə edərək deyirlər ki, Azərbaycanın indi pulu azalıb, Azərbaycan indi ağır, çətin vəziyyətə düşüb, "Cənub" qaz dəhlizini maliyyələşdirmək üçün pulu yoxdur, ona görə, gəlin Azərbaycana təzyiq edək, öz tələblərimizi qoyaq, öz maraqlarımızı təmin edək ki, o şərtlə biz Azərbaycana kredit verə bilərik. Bax, bu, keçən il ərzində müşahidə edilən mənzərə idi, çox ucuz, necə deyərlər, çox ləyaqətsiz hərəkətlər idi.

İlk növbədə, heç bir kənar qüvvə bizi istəmədiyimiz layihəyə cəlb edə bilməz, bu, birincisi. Bizim üçün əsas dövlətimizin, xalqımızın maraqlarıdır. İkincisi, heç kim bizə heç nəyi diktə edə bilməz. Bunu yaxın tarix artıq göstərib, bütün bu səylər əbəsdir. Bizi bu vəziyyətlə şantaj etmək istəyənlər, sadəcə olaraq, özlərinə hörmət etmirlər və onlara olan-qalan, azalan inamı da tamamilə aradan götürürlər. Biz "Cənub Qaz Dəhlizi"ni də, bütün başqa layihələri də icra edəcəyik. Yenə də deyirəm, bu layihənin icrası bizə də, Avropaya da lazımdır. Bu layihənin icrası nəticəsində onların enerji təhlükəsizliyi təmin ediləcək. Ona görə, belə ucuz şantaj hərəkətləri yersizdir. Ancaq onu da qeyd etməliyəm ki, biz təkcə Avropa maliyyə qurumları ilə işləmirik, biz Asiya maliyyə qurumları ilə də işləyirik və daha da səmərəli işləyirik, daha asan yolla vəsait əldə edirik. Misal üçün, Asiya İnkişaf Bankı bu layihəyə böyük vəsait ayırır, özü də qısa müddət ərzində. Asiya İnfrastruktur Bankı da - biz özümüz də bu bankın təsisçisiyik, qısa müddət ərzində böyük vəsait ayırıb. Bu qaz Asiyaya getməyəcək, Avropaya gedəcək, ancaq vəsaiti biz Asiyadan alırıq. Ona görə, əgər kimsə düşünürsə ki, biz indi çətin, çıxılmaz vəziyyətdəyik və bizim qarşımızda hansısa əsassız tələb qoyula bilər, tamamilə yanlış yanaşmadır. Heç kim bizim qarşımızda heç bir tələb qoya bilməz. İstəyirlər əməkdaşlıq etsinlər, istəmirlərsə bizə də lazım deyil. "Cənub" qaz dəhlizini biz icra edəcəyik və vaxtında.

Nəqliyyat sahəsində görüləcək əsas işlərlə bağlı bir neçə kəlmə demək istəyirəm. Bilirsiniz ki, Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisi ilə bağlı Azərbaycanın üzərinə düşən vəzifə yerinə yetirildi. Biz bütün məsələləri həll etdik. Ümid edirik ki, bu il artıq bu layihə icra ediləcək. Bizdən nə asılı idisə hər şeyi etmişik, həm investisiyaları qoymuşuq, kreditlər vermişik, 700 milyondan çox. Yəni, nə lazımdırsa etmişik və gözləyirik ki, bu layihə tamamlansın. Bununla bərabər, Şimal-Cənub layihəsi ilə bağlı da bir il ərzində bizim üzərimizə düşən bütün vəzifələri icra etdik. Nəyi demişiksə, onu da etmişik. İran sərhədinə qədər dəmir yolunu uzatdıq, körpünü tikdik, əlavə tədbirlər görüldü. Bu il bu layihənin maliyyələşməsində də iştirak etməyə hazırıq və bunu bildirmişik. İndi danışıqlar gedir ki, hansı formada Azərbaycan öz maliyyə resurslarını bu layihənin tam icrası üçün səfərbər edə bilər. Ələt Beynəlxalq Dəniz Limanının birinci mərhələsinin tikintisi bu il başa çatmalıdır. Həm bütün infrastruktur, tikinti işləri, o cümlədən avadanlıq, bütün bu tədbirlər dövlət investisiya proqramında nəzərdə tutulur və icra ediləcək. Sadəcə olaraq, bu layihənin podratçıları da öz məsuliyyətini dərk etməlidirlər. İl ərzində bu məsələ ilə bağlı mənim böyük iradlarım olub, hökumət üzvləri bunu bilir. Bəzi icraçılar bu məsələyə çox laqeyd yanaşmışlar, baxmayaraq ki, dövlət vəsaiti ayrılmışdır, 2016-cı ildə o vəsaitdən tam istifadə edilməyib. Bu, dözülməzdir. Ona görə, əgər o məsuliyyəti dərk etmirlərsə, əgər dövlətin verdiyi sifarişi yerinə yetirməyə laqeydlik göstərirlərsə, bundan sonra dövlət sifarişlərindən məhrum ediləcəklər, qoy bunu bilsinlər. Ona görə, bu ilin payızına qədər Ələt Beynəlxalq Dəniz Limanının birinci mərhələsi bütün avadanlıqlarla, kranlarla təmin edilməlidir, əks halda özlərindən küssünlər".

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.