Siyasət

“Avropa İttifaqının səsi daha ucadan gəlməlidir” – SƏFİR

11 Yanvar 2017 00:02
0 Şərh     Baxış: 1 233

Azərbaycanın Belçikadakı fövqəladə və səlahiyyətli səfiri, Avropa İttifaqı yanında nümayəndəsi Fuad İsgəndərov "EurActiv" portalına müsahibə verib. Milli.Az teleqraf.com-a istinadən müsahibəni ixtisarla təqdim edir.

- Dağlıq Qarabağ münaqişəsi 25 ildir ki, həll olunmamış olaraq qalır. Bu ərazi Azərbaycana aid olsa da  azərbaycanlılar zorla qovulduğundan burada yalnız ermənilər yaşamaqdadır. Münaqişənin həllinə aparacaq dialoq üçün mümkün başlanğıcı nədə görürsünüz və sizcə, Avropa İttifaqı münaqişənin həllində daha böyük rol oynamalıdırmı?

- Əvvəlcə, münaqişəyə dair qeyd edim ki, Azərbaycan ərazisinin 20 faizi digər ölkə Ermənistan tərəfindən işğal edilib. Bizim bir milyondan çox qaçqın və məcburi köçkünümüz var və işğal edilmiş ərazilərdə bir nəfər də azərbaycanlı yoxdur. Bu, Azərbaycan üçün böyük problemdir və biz dialoq vasitəsilə həll yolu tapmağa cəhd edirik. Biz daha çox diplomatik dialoqa üstünlük vermişik və bir çox hallarda, hər iki ölkənin müvafiq rəsmiləri arasında birbaşa görüşlər keçirilib. Bu davam edir, lakin danışıqlar prosesinə cəlb olunmuş ölkələrin məqsədləri fərqlidir. Ermənistan status-kvonu saxlamaq istəyir, digərləri isə bu vəziyyəti dəyişməyə çalışırlar, çünki Şərq Tərəfdaşlığına üzv ölkələrdən birinin digərinin ərazisini zəbt etməsi tamamilə qəbuledilməzdir. Fikrimcə, Avropa İttifaqının bu məsələdə səsi daha ucadan gəlməlidir. Bu günədək Avropa İttifaqı rəsmiləri və qurumları tərəfindən Azərbaycanın ərazi bütövlüyünə dəstək nümayiş etdirən xeyli sayda qətnamələr və bəyanatlar qəbul olunub. Həm Aİ tərəfindən qəbul edilən yeni qlobal strategiyada, həm noyabrda keçirilmiş xarici işlər şurasının nəticələrində də açıq-aşkar bəllidir ki, Aİ-yə daxil olan və olmayan bütün ölkələrin ərazi bütovlüyü və suverenliyinə dəstək verir. Bu bizim üçün çox önəmlidir. Digər ölkələrin nümunələrində, məsələn, Gürcüstan və Moldovada münaqişələrin həllinə Aİ birbaşa cəlb olunsa da, Dağlıq Qarabağ münaqişəsində o bu rolu oynamır. Lakin istərdik ki, Aİ-nin beynəlxalq hüquqa uyğun olan dəqiq mövqeyinin şahidi olaq. Sevindirici haldır ki, indi biz bunu görə bilirik.

- Azərbaycanı ən kəskin tənqid edənlərdən biri Ermənistandır, lakin başqa tənqidçilər də var. İnsan haqları və mətbuat azadlığı ilə bağlı tənqidlərlə nə cür cavab verərdiniz?

- Bilirsiniz, bu dünyada heç kim mükəmməl deyil. Tənqidlərlə bağlı deyərdim ki, biz həqiqi və konstruktiv dialoqa hazırıq. Lakin biz, buradakı bəzi siyasətçilərin nümayiş etdirdiyi və tərəfimizdən dərhal reaksiya verilmiş günahlandırma və utandırma münasibətini qəbul edə bilmərik. Xatırlayırsınızsa, Azərbaycan və Avropa İttifaqı arasında parlamentlərarası münasibətlər bir ildən çox idi ki, dondurulmuşdu. Biz Avronestdə, parlament əməkdaşlıq komitəsində də iştirakımızı Avropa Parlamentinin 2015-ci ilin sentyabrında qəbul etdiyi qərəzli və ədalətsiz qətnamə ilə əlaqədar dayandırdıq. İlk növbədə biz başa düşdük ki, Avropa Parlamenti tərəfindən bizi dinləmək, mövqeyimizi anlamaq və demək istədiklərimizi eşitmək üçün hər hansı səy göstərilməyib. Daha sonra isə, ötən ilin sentyabrında parlament, şura və Avropa Komisiyasından olan üzvlərdən ibarət xüsusi nümayəndə heyəti Bakıya səfər edib, Avronest və parlament əməkdaşlıq komitəsinin həmsədrləri tərəfindən qəbul edilmiş bəyənatlar əsasında parlamentlərarası münasibətləri canladırmağa nail olublar. Problemləri dialoq vasitəsilə həll etməyin vacibliyini anlamaq çox önəmlidir. Əgər problemli məsələlərdən danışırıqsa, əmin deyiləm ki, Azərbaycanda problemli məsələlərin sayı, misal üçün bir çox Aİ-yə üzv ölkələrdə olduğundan daha artıqdır. Avropa ölkələrində bir çox hadisələr baş verib, lakin biz heç vaxt öz tərəfdaşlarımıza qarşı tənqidi yanaşmamışıq və ya baş verənlərdən istifadə edərək onları hansısa addımlar atmağa məcbur etməmişik. Tənqid etmək əvəzinə, həmişə bu problemlərin həllinə dəstək verməyə və konstruktiv dialoq aparmağa çalışmışıq. Bu səbəbdən də, siz qaçqınlarla bağlı problemli məsələlərə toxunanda, demək istəyirəm ki, biz dostlarımızı dəvət etməyə və öz təcrübələrimizi onlarla bölüşməyə hazırıq. Biz miqrasiya, terrorizmlə mübarizə, qeyri-qanuni miqrasiya, mütəşəkkil cinayətkarlıq məsələlərində əməkdaşlıq etməyə hazırıq və artıq birlikdə addımlar atmağa da başlamışıq. Bəli, biz bir-birimizi günahlandıra və əməkdaşlığı dayandıra bilərik, ancaq düşünmürəm ki, hazırki vəziyyət bunu tələb edir. Əgər çətinliklərimiz varsa, biz onları diplomatik yolla müzakirə edə bilərik və etmişik də. Oktyabr ayında Bakıda insan haqları üzrə altkomitənin iclası təşkil edildi və biz Aİ və Azərbaycanda olan bütün problemləri dost, səmimi və konstruktiv şəkildə müzakirə etdik. Fikrimcə, problemlərimizin həll yolunu tapmağın ən yaxşı vasitəsi budur.

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.