Siyasət

Firudin Nəbiyev: Siyasi sabitlik, dinamik iqtisadi inkişaf, uğurlu xarici siyasət Azərbaycanı miqrantlar üçün cəlbedici edib

10 Yanvar 2017 23:00
Baxış: 1 003

Siyasi sabitlik, dinamik iqtisadi inkişaf, aparılan uğurlu xarici siyasət Azərbaycanı miqrantlar üçün cəlbedici edib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bunu bu gün Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin 2016-cı ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında çıxışı zamanı Dövlət Miqrasiya Xidmətinin rəisi Firudin Nəbiyev deyib.

F.Nəbiyev bildirib ki, miqrasiya sahəsində dövlət siyasətinin həyata keçirilməsinin, idarəetmə sisteminin inkişaf etdirilməsinin, qanunsuz miqrasiyanın qarşısının alınmasının, miqrasiya prosesləri üzərində dövlət nəzarətinin və müvafiq dövlət orqanlarının fəaliyyətinin əlaqələndirilməsinin vahid dövlət orqanı tərəfindən aparılması bu sahədə işlərin effektivliyini daha da artırıb:

"Ötən dövr ərzində miqrasiya siyasətinin ölkəmizin siyasi və iqtisadi maraqlarına yönəldilməsi məqsədilə qanunvericilik bazası möhkəmləndirilib. Eyni zamanda, Dövlət Miqrasiya Xidməti fəaliyyətində Sizin tapşırıqlarınızı və tövsiyələrinizi rəhbər tutaraq, işini müasir tələblərə uyğun qurub. Cənab Prezident, məlum olduğu kimi, müasir dünyada miqrasiya proseslərinin tənzimlənməsi və miqrantların hüquqlarının qorunması ən aktual problemlərdən biridir. Hazırda biz İkinci Dünya müharibəsindən sonra ən böyük qaçqın və məcburi köçkün axınına şahid oluruq. Dünyada, ümumilikdə, 65,3 milyon şəxs məcburi olaraq öz yurd-yuvasından didərgin düşüb. Vətəndaşlığı olmayan şəxslərin sayı isə 10 milyona yaxınlaşıb".

Dövlət Xidmətinin rəisi deyib ki, bu gün sakitcə öz həyatını yaşayan xalqı demokratiya pərdəsi altında hakimiyyətə qarşı qaldıran və ona gözəl gələcək vəd edənlər indi həmin xoşbəxt gələcəyə qovuşmaq üçün Avropaya sığınan milyonlarla insanı dəmir və beton sədlərlə, tikanlı məftillərlə, polis zorakılığı ilə, hətta insanlığa sığmayan əməllərlə üz-üzə qoyurlar:

"Lakin acınacaqlı vəziyyətin aradan qaldırılması istiqamətində hələ ki, real və konkret addımlar atmayan Avropanın cəhdləri və bəyanatları isə heç bir nəticə vermir. Avropa ölkələrində qəbul edilən qanunlar insanların irqindən, dinindən asılı olmayaraq, hər kəsə bərabər hüquqlar, yüksək həyat şəraiti nəzərdə tutsa da, bir sıra ölkələr miqrantlara dini mənsubiyyətlərinə görə yanaşırlar. Sizin rəhbərliyinizlə Azərbaycan Respublikasının miqrasiya siyasətinin yeni dövrün tələblərinə uyğun təkmilləşdirilməsi nəticəsində son illər dünya ölkələrində baş verən miqrant böhranı fonunda ölkəmizdə həm xarici, həm də daxili miqrasiyanın mənfi təzahürlərinin qarşısının alınması istiqamətində səmərəli və məqsədyönlü tədbirlər görülüb. Bu gün Azərbaycan Respublikası üçün miqrasiya proseslərinin beynəlxalq normalara uyğun tənzimlənməsi və miqrantların hüquqlarının müdafiəsi prioritet istiqamətlərdəndir. Ölkəmiz miqrasiya sahəsində beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq edir və tərəfimizdən görülən işlər həmin təşkilatlar tərəfindən yüksək qiymətləndirilir. Bununla belə, Azərbaycanın geosiyasi cəhətdən əlverişli məkanda yerləşməsi, siyasi sabitlik, dinamik iqtisadi inkişaf, aparılan uğurlu xarici siyasət ölkəmizi miqrantlar üçün cəlbedici edib. Miqrasiya proseslərinin intensivləşməsi və qeyd olunanların məntiqi sonluğu kimi dövlətimiz mənşə ölkəsindən müasir və sürətlə inkişaf edən tranzit və təyinat ölkəsinə çevrilib".

Onun sözlərinə görə, bununla yanaşı, ölkəmizdə tolerantlığın yüksək səviyyədə olması miqrasiya proseslərinə təsir edən əsas amil kimi qeyd edilməlidir: "Xüsusilə vurğulanmalıdır ki, ölkəmizdə bu günə qədər miqrantlara münasibətdə milli, etnik və dini zəmində hüquq pozuntusu qeydə alınmayıb.

Möhtərəm cənab Prezident, Sizin tərəfinizdən "Miqrasiya proseslərinin idarə olunmasında "bir pəncərə" prinsipinin tətbiqi haqqında" imzalanmış 2009-cu il 4 mart tarixli Fərmanın tətbiqi bu sahədə operativliyi, sənədləşmənin sadələşməsini və həllini gözləyən bir çox problemin aradan qaldırılmasını təmin edib. 2013-cü ildən qüvvəyə minən Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsi istər MDB, istər Avropa, istərsə də digər dövlətlərin marağına səbəb olub və ölkəmizin bu sahədəki təcrübəsi həmin dövlətlər tərəfindən öyrənilməkdədir".

F.Nəbiyev vurğulayıb ki, bu gün Dövlət Miqrasiya Xidməti vahid miqrasiya məlumat sistemi vasitəsilə hər bir əcnəbinin və vətəndaşlığı olmayan şəxsin hansı tarixdə ölkəyə daxil olduğuna, harada yaşadığına, işlədiyinə və nə vaxt ölkəni tərk etdiyinə tam nəzarət edir: "Belə ki, Vahid Miqrasiya Məlumat Sistemi vasitəsilə müəyyən edilib ki, 2016-cı il ərzində Azərbaycan Respublikasına gələn əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin ümumi sayı 1 milyon 143 min 951 nəfər, ölkəni tərk edənlərin sayı isə 1 milyon 137 min 351 nəfər təşkil edib. 2016-cı il ərzində 672 min 337 nəfər əcnəbi olduğu yer üzrə qeydiyyata alınıb, 51 min 710 nəfərə isə müvafiq yaşama icazələri verilib. 2016-cı ildə haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq üçün müraciət etmiş əcnəbilərdən əmək miqrasiyası kvotası üzrə 9 min 480 nəfərə iş icazəsi verilib.

Son beş il ərzində 68 min 270 nəfərin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti müəyyənləşdirilib. 58 nəfərin Azərbaycan Respublikasının hüdudlarından kənarda dini ekstremizm və terrorçuluq fəaliyyətində iştirak etmələri barədə hüquq-mühafizə orqanlarından daxil olmuş materiallar əsasında Dövlət Miqrasiya Xidməti tərəfindən həmin şəxslərin Azərbaycan Respublikası vətəndaşlığını itirməsi ilə bağlı icraata başlanılıb, aidiyyəti sənədlər məhkəmələrə təqdim olunub və məhkəmələr tərəfindən artıq müvafiq qərarlar qəbul edilib".

Dövlət Xidmətinin rəisi qeyd edib ki, görülən tədbirlər ölkəmizin təhlükəsizliyinin təmin edilməsi baxımından mühüm əhəmiyyət kəsb etdiyindən bu sahədə aparılan işlər daim ciddi nəzarətimizdə saxlanılacaq: "Eyni zamanda, məruzə etmək istəyirəm ki, bir çox ölkələr Azərbaycanın bu sahədəki təcrübəsinə maraq göstərir və qanunvericiliklərində müvafiq dəyişikliklər edərək, həmin təcrübəni tətbiq etmək istəyirlər. 2016-cı ildə 7 min 956 ikili vətəndaşlığı olan şəxslər müəyyənləşdirilib, onların adları müvafiq bazaya daxil edilib və hazırda statistikası aparılmaqdadır. Hesabat dövründə "qaçqın" statusu almaq niyyətində olan 95 əcnəbinin (ailə üzvləri ilə birlikdə 209 nəfər) Dövlət Miqrasiya Xidmətinə müraciət edib. Hazırda üçüncü ölkə vətəndaşlarından qaçqın statusu almış 73 nəfər Dövlət Miqrasiya Xidmətində qeydiyyatdadır".

O bildirib ki, Avropa İttifaqı ilə ölkəmiz arasında imzalanmış readmissiya sazişi çərçivəsində 2016-cı ildə Dövlət Miqrasiya Xidmətinə göndərilmiş bildirişlər əsasında Azərbaycan Respublikasının vətəndaşlığına mənsub olması müəyyənləşdirilmiş 120 şəxsin readmissiyası həyata keçirilib:

"Möhtərəm cənab Prezident, 2016-cı il ərzində Dövlət Miqrasiya Xidməti tərəfindən qanunsuz miqrasiyaya qarşı mübarizə tədbirləri daha da gücləndirilib, əcnəbi və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olma və yaşama qaydalarının pozulması halları aşkar edilərək qarşısı alınıb. Belə ki, hesabat dövründə 26 min 435 əcnəbi və vətəndaşlığı olmayan şəxs tərəfindən miqrasiya qanunvericiliyinin tələblərinin pozulması müəyyən olunub, onlardan əsas olduğu üçün 2372 nəfərin ölkə ərazisində yaşamaları leqallaşdırılıb, 18 min 540 nəfərin 48 saat ərzində ölkə ərazisini tərk etməklə, 5523 nəfərin isə inzibati qaydada ölkə hüdudlarından kənara çıxarılma və girişinə məhdudiyyət qoyulması ilə bağlı Xidmətin müvafiq qərarlarının icrası təmin olunub, qanunsuz miqrantların sayı minimuma endirilib. Hazırda vizalarının müddəti bitmiş 929 nəfər əcnəbinin Azərbaycanda qanunsuz qalması faktı müəyyən edilib və həmin şəxslərin ölkədən çıxarılması istiqamətində hüquq-mühafizə orqanları ilə birgə iş aparılır.

Miqrasiya orqanlarının fəaliyyətində şəffaflığın artırılması, vətəndaşlara göstərilən xidmətlərin daha keyfiyyətli, rahat, yeni üslubda və müasir innovasiyaları tətbiq etməklə həyata keçirilməsi məqsədilə Dövlət Miqrasiya Xidməti tərəfindən "ASAN xidmət" mərkəzlərində də bir neçə xidmət növü təqdim olunur. Ümumilikdə, Dövlət Miqrasiya Xidməti tərəfindən əhaliyə 11 növ elektron xidmət göstərilir".

F.Nəbiyev deyib ki, hesabat dövrü ərzində miqrasiya sahəsində baş verən yeniliklər və mühüm tədbirlər barədə ictimaiyyətin məlumatlandırılması və vətəndaşların maarifləndirilməsi məqsədi ilə müvafiq tədbirlər təşkil olunaraq həyata keçirilib:

"Hörmətli cənab Prezident, 2016-cı il ərzində Dövlət Miqrasiya Xidməti ikitərəfli və çoxtərəfli əlaqələrin genişləndirilməsinə və beynəlxalq layihələrdə iştirakın təmin olunmasına xüsusi önəm verib, Birləşmiş Millətlər Təşkilatı, Qaçqınlar üzrə Ali Komissarlıq, Avropa İttifaqı, Beynəlxalq Miqrasiya Təşkilatı, Müstəqil Dövlətlər Birliyi kimi təşkilatlarla və bir çox ölkələrlə miqrasiya sahəsində əlaqələri inkişaf etdirib.

Möhtərəm cənab Prezident, Sizin tərəfinizdən ölkəmizin hərtərəfli inkişafı üçün müəyyənləşdirilmiş daxili və xarici siyasət kursunun yeni mərhələyə keçməsi qarşımıza daha ciddi vəzifələr qoyub. Dövlət Miqrasiya Xidmətinin şəxsi heyəti adından Sizi əmin edirəm ki, Azərbaycan Respublikasının miqrasiya siyasətinin uğurla davam etdirilməsi, qarşımıza qoyulmuş tapşırıqların vaxtında və keyfiyyətlə yerinə yetirilməsi məqsədi ilə bundan sonra da bütün imkanlarımızı səfərbər edəcəyik".

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.