Siyasət

Kiyevdə Ukrayna azərbaycanlılarının IV Forumu keçirilib - FOTO

11 Dekabr 2016 22:06
0 Şərh     Baxış: 752

Kiyevdə Ukrayna azərbaycanlılarının IV Forumu keçirilib. "Ukraynada Azərbaycan diasporunun lobbi fəaliyyətinin əhəmiyyəti və sahibkarların diaspora inteqrasiyası" mövzusuna həsr olunmuş və "Azərbaycan naminə bir olaq" devizi altında baş tutan tədbir "Ukrayna azərbaycanlılarının birləşmiş diasporu" (UABD) Ümumukrayna İctimai Təşkilatı (ÜİT) tərəfindən təşkil edilib. Forum ilk dəfə olaraq sosial şəbəkələrdə və "YouTube"da birbaşa yayımlanıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki,  Tədbirdən əvvəl UABD-nin sədri, Dünya Azərbaycanlılarını Əlaqələndirmə Mərkəzinin rəhbəri Hikmət Cavadov AZƏRTAC-a müsahibəsində deyib ki, bütün dünyada yaşayan azərbaycanlılar müasir informasiya-kommunikasiya vasitələrindən istifadə etməklə foruma qoşularaq öz təklif və tövsiyələrini bildiriblər.

Forumda ölkəmizin Kiyevdəki səfirliyinin əməkdaşları, Azərbaycandan və Avropa İttifaqı ölkələrindən gəlmiş qonaqlar, sahibkarlar, UABD-nin təmsilçiləri, Azərbaycanın başqa diaspor təşkilatlarının Ukraynanın bütün regionlarında yaşayan və biznes fəaliyyəti ilə məşğul olan nümayəndələri iştirak ediblər.

Əvvəlcə iki dost ölkənin dövlət himnləri səslənib.

Azərbaycanın Ukraynadakı səfiri Azər Xudiyev tədbirdə çıxış edərək qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə həmvətənlərimizə təbriklərini çatdırıb, Ukraynada diaspor təşkilatlarını bir monolit struktur şəklində birləşməyə, azərbaycanlıların bu ölkənin cəmiyyətinə inteqrasiyası üçün sistemli və ardıcıl fəaliyyətə çağırıb. Səfir, həmçinin Azərbaycan icmasının ən layiqli nümayəndələrinin Ukrayna dövlətinin qanunverici orqanlarına, yerli özünüidarə strukturlarına irəli çəkilməsinin zəruriliyini vurğulayıb.

A.Xudiyev Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə həqiqətlərin yerli media-strukturlar vasitəsilə Ukrayna ictimaiyyətinə çatdırmağın əhəmiyyətini xüsusi vurğulayıb.

Çıxışının sonunda diplomat Forumun bütün iştirakçılarına uğurlar arzulayıb və onları Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anım günü münasibətilə ölkəmizin Ukraynadakı səfirliyi tərəfindən təşkil edilmiş konsertə dəvət edib. Konsert dekabrın 11-də P.İ.Çaykovski adına Ukrayna Milli Musiqi Akademiyasının böyük zalında olacaq.

Forumda diaspor fəaliyyətinin daha da təkmilləşdirilməsi, dünya azərbaycanlılarının sonuncu qurultayında Prezident İlham Əliyevin verdiyi tövsiyələrin reallaşdırılması məsələləri müzakirə edilib.

Tədbir iştirakçıları informasiya sahəsində uğurlu fəaliyyət, sosial şəbəkələrdə fəallıq, Ukrayna mediasında Azərbaycan reallıqlarının təbliği kimi məsələlərə xüsusi diqqət yetiriblər. İştirakçılara, həmçinin Azərbaycanın turizm potensialını təbliğ etmək, ölkəmizdə hökm sürən multikulturalizm və tolerantlıq mühiti haqqında informasiyaların Ukrayna ictimaiyyətinə çatdırmaq məsləhət görülüb, bizneslə məşğul olan həmvətənlərimizə isə Azərbaycan bazarına sərmayə qoymaq təklif edilib.

Hikmət Cavadov Ukraynada Azərbaycan diasporunun sıx birləşməsi işinə verdiyi sanballı şəxsi töhfəyə görə "Dədə Qorqud" Milli Xeyriyyə Fondunun "Vətən Oğlu" qızıl medalı ilə təltif olunub. Mükafatı Fondun rəhbəri, "Azərbaycan Dünyası" beynəlxalq jurnalının redaktoru Eldar İsmayılov təqdim edib.

Öz növbəsində H.Cavadov diasporun fərqlənmiş üzvlərinə UABD-nin fəxri fərmanlarını təqdim edib.

Forum çərçivəsində UABD və İsveç Azərbaycanlıları Konqresi arasında əməkdaşlıq haqqında memorandum imzalanıb. Sənədi Azərbaycan diaspor təşkilatlarının rəhbərləri Hikmət Cavadov və Emil Mirzəyev imzaladılar.

Forumun yekunlarına əsasən bəyannamə qəbul edilib.

Tədbir tanınmış müğənni Cəfər Behbudovun və "Qafqaz" xalq rəqsləri ansamblının iştirakı ilə konsertlə başa çatıb.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.