Siyasət

Səfir: "Türkiyə iş adamları Azərbaycanda investisiyaları artırmaq niyyətindədirlər"

28 Oktyabr 2016 09:58
Baxış: 721

"Türkiyə iş adamları Azərbaycanda investisiyaları artırmaq niyyətindədir".

Milli.Az bildirir ki, bunu Trend-ə eksklüziv müsahibəsində Türkiyənin Azərbaycana yeni təyin edilmiş səfiri Erkan Özoral deyib.

Səfir qeyd edib ki, Türkiyə-Azərbaycan iqtisadi əlaqələri sadəcə nəqliyyat və enerji layihələri, ticarət münasibətləri deyil, eyni zamanda qarşılıqlı sərmayə qoyuluşları ilə qurulmuş münasibətlərdir: "Həqiqətən də Türkiyədəki Azərbaycan sərmayələri ilə Azərbaycandakı Türkiyə sərmayələri bir-birini dəstəkləyən, bir-birinin inkişafını təmin edən və ölkələrimizi bir-birinə daha da yaxınlaşdıran önəmli əsaslardır".

Diplomat bildirib ki, Azərbaycanda hazırda təqribən 2600 Türkiyə şirkəti fəaliyyət göstərir: "Türkiyə şirkətləri telekommunikasiya, bank, sığorta, nəqliyyat, qida, tekstil, mebel, tikinti avadanlıqları kimi, iqtisadiyyatın, demək olar, bütün sektorlarında fəaliyyət göstərir. Digər tərəfdən, Azərbaycan Türkiyədəki ən böyük xarici investor olma yolunda ciddi şəkildə addım atmaqdadır. SOCAR-ın enerji və infrastruktur sahəsində investisiyalarının qısa zaman ərzində 17-20 milyard dollar səviyyəsinə çatacağı gözlənilir. Türkiyədəki Azərbaycan sərmayələrinin həcmi 4 milyard dolları keçib. İzmirdə tikintisi davam edən "Star" zavoduna 5,5 milyard dollar investisiya qoyulacaq".

Onun sözlərinə görə, bu rəqəmlər Azərbaycanın müstəqillik əldə etməsindən bu yana iqtisadi əlaqələrimizin çatdığı səviyyəni göstərir: "Həqiqətən də 25 il üçün bu rəqəmlər olduqca böyük göstəricidir. Biz bu göstəricini daha da artırmaq istəyirik".

Diplomat deyib ki, hazırda Azərbaycanda fəaliyyət göstərən Türkiyə şirkətlərində 25 minə yaxın insan işlə təmin olunub.

Səfirin sözlərinə görə, eyni zamanda Türkiyənin inşaat şirkətləri 2003-cü ildən etibarən Azərbaycanda həyata keçirdiyi 350 layihəyə 11 milyard ABŞ dolları həcmində investisiya qoyub: "Bu göstərici heç də yetərli deyil, yeni-yeni investisiyalar lazımdır. Türk iş adamlarını Azərbaycan iqtisadiyyatının ehtiyacı olduğu sahələrə daha çox investisiya yatırmağa təşviq edirik".

E.Özoral diqqətə çatdırıb ki, Azərbaycan son zamanlar ölkədə investisiya mühitini yaxşılaşdırmaq üçün önəmli islahatlar həyata keçirir: "Təbii ki, bu, Azərbaycana xarici investisiyanın cəlb edilməsinə təşviq edəcək".

O əlavə edib ki, türk iş adamları Azərbaycandakı bu prosesləri yaxından izləyirlər: "Bakıdakı vəzifəmə başlamazdan öncə İstanbulda Azərbaycanda fəaliyyət göstərən Türkiyə şirkətlərinin nümayəndələri və Türkiyə-Azərbaycan Xarici İqtisadi Əlaqələr Şurasının üzvləri ilə görüşlər keçirdim. Hər birinin ortaq fikri Azərbaycandakı bu islahat prosesinin davam etməsi və bunun nəticəsində Türkiyə investisiyalarının artırılmasıdır".

Diplomat bildirib ki, bu günə qədər olduğu kimi, Azərbaycana yatırılacaq investisiyalarda Türkiyə iş adamları hər zaman aparıcı rol oynayacaqlar.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.