Siyasət

Ermənistana xəbərdarlıq - Azərbaycan daha bir "aprel həmləsi" edə bilər

28 Oktyabr 2016 07:28
Baxış: 5 240

Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllində artıq yeni beynəlxalq şərtlər formalaşdıra və yeni mərhələni başlada bilib. Bütün bunlar aprel döyüşlərindən sonra baş verib. Görünür, beynəlxalq şərtlər uyğun olan kimi Azərbaycan yenidən, daha bir "aprel həmləsi" edə bilər. Əminəm ki, Azərbaycanın Ermənistanı gec-tez danışıqlar masası arxasına otuzdurub konstruktiv mövqeyə gətirmək üçün kifayət qədər gücü, qüvvəsi var. Sadəcə, məqbul beynəlxalq şərtlər formalaşan kimi Azərbaycan tərəddüd etmədən bu addımı atacaq.

Bunu Milli.Az-a açıqlamasında Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü, politoloq Hikmət Babaoğlu deyib.

Ermənistanın oktyabrın 26-da cəbhədə növbəti təxribat planının qarşısının alınmasına münasibət bildirən millət vəkilinin fikrincə, bu təxribatların geniş miqyas alacağı ehtimalı azdır:

"Çünki Ermənistanın Dağlıq Qarabağ münaqişəsi zonasında cəbhə xətti boyu genişmiqyaslı təxribatlar törətməsi üçün resursları məhduddur. Yəni ermənilər daha genişmiqyaslı, daha ciddi təxribatlar törətmək istəsələr belə, bunun üçün onların nə kifayət qədər hərbi resursları, nə texniki təminatları və nə də bunu dəstəkləyə biləcək iqtisadi gücü var. Ona görə də müdafiə nazirinin dəyişməsi özü ilə bərabər bu qədər ciddi faktorları gətirə bilməz. Yəni yalnız nazirin dəyişməsi, eyni zamanda, nə ordunun təchizatının, nə hərbi texnikanın keyfiyyətinin, nə də əhval-ruhiyyənin dəyişməsidir. Bu baxımdan Vigen Sarkisyanın nazir təyin olunması cəbhədə ciddi və əsaslı dönüş yarada bilməz. Ermənistan ordusu hərbi-psixoloji deqradasiya, təşviş içindədir. Artıq Azərbaycan ordusunun gücünü görüb. Onlar hər nə qədər daxili auditoriya üçün müxtəlif xarakterli silahlar nümayiş etdirsələr belə, erməni ekspertləri də, Azərbaycanda da hamı bilir ki, bütün bunlar heç bir halda Azərbaycanın hərbi gücü qarşısında ciddi əhəmiyyət daşımır".

H.Babaoğlu hesab edir ki, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı aparılan danışıqlar prosesində Ermənistanın qeyri-konstiruktiv mövqeyinin arxasında, əslində, onu himayə edən dövlətlərin iradəsi dayanır: "Təəssüf ki, görürük ki, bunlar elə ATƏT-in Minsk qrupuna həmsədrlik edən ölkələrdir. Yəni Ermənistan onlardan ilhamlanmasa, təbii ki, dərhal danışıqlar masası arxasında oturmağın vacibliyini anlayar və konstruktiv mövqe nümayiş etdirə bilər. Ona görə də hesab edir ki, bu prosesdə bir çox məsələləri məhz Azərbaycanın qətiyyətli mövqeyi həll edəcək".

İlkin İzzət
Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.