Siyasət

Ermənilərin fransız dostunun gizli Qarabağ planı

25 Oktyabr 2016 11:49
1 Şərh     Baxış: 3 444

Vaxtilə ermənilər Azərbaycana qarşı informasiya blokadasından yararlanaraq Avropadakı "dostlarından" bizə qarşı istifadə edirdilər. Sonrakı illərdə informasiya blokadasını yara bildik. Ancaq Avropada "ağ" rəngə "qara" və tərsinə deyənlərin sayı azalmadı. Bunlardan biri də Fransanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin rəhbəri və qurumun vitse-prezidenti Rene Rukedir. Fransalı deputat İrəvanı və Xankəndini su yoluna döndərib. Etdiklərinin və dediklərinin büsbütün hamısı Azərbaycana qarşıdır.

Milli.Az xəbər verir ki, bunu "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi ekspert Elxan Şahinoğlu bildirib.

Ekspert xatırladıb ki, Rene Ruke qatı ermənipərəst mövqedən çıxış edir, onun marağına uyğun mövzular avtomatik olaraq erməni separatçılarının da maraqlarına uyğun gəlir. Yəni əgər AŞPA-da Rene Rukenin mövqeyi güclənəcəksə, bu, ilk növbədə erməni separatçılarını sevindirəcək:

"Bu, həmin Rene Rukedir ki, dəfələrlə Ermənistan üzərindən Dağlıq Qarabağa səfərlər edib və separatçıların lideri ilə saatlarla müzakirələr aparıb. Bu azmış kimi, əgər fransalı deputat əvvəllər Dağlıq Qarabağa tək gəlirdisə, sonrakı illərdə özü ilə birgə "əshabələrini" də Xankəndiyə gətirib. O, bununla da kifayətlənməyib və 2011-ci ilin oktyabrında AŞPA-nın 32 deputatı ilə birgə Dağlıq Qarabağın müstəqil dövlət kimi tanınmasına dair sənəd imzalayıb. Buna görə də rəsmi Bakı AŞPA-nın 2014-cü il mayın 22-23-də Bakıda keçirilən büro və daimi komitəsinin iclaslarında iştirak etmək məqsədilə Azərbaycana səfər etməsi üçün Rene Rukeyə viza verməyib. Rene Rukeyə görə rəsmi Bakı ilə AŞPA arasında münasibətlər gərginləşib. AŞPA iki il ərzində təşkilatın komitələrinin Azərbaycanda nəzərdə tutulan iclaslarını təxirə salmaq haqqında qərar verib. Bu da fransalı deputatın vecinə olmayıb və o, aprel döyüşlərindən sonra yenə də Dağlıq Qarabağa gələrək separatçılara dəstək ifadə edib".

Politoloq R.Rukenin sentyabrın 12-də Parisdə konfransdakı çıxışındakı bir məqama diqqət yönəldib: "Onun çıxışında belə bir hissə var: "Narahat olmaq üçün müxtəlif səbəblər mövcuddur. Milliyyətçilik və ksenofobiya artmaqda davam edir. Terrorizm bəzilərini hüquqi dövlət və insan hüquqları prinsiplərini təhlükəsizliklə qarşı-qarşıya qoymağa vadar edir. Belə olan halda hüquqi dövlət və insan hüquqlarını təhlükəsizliyə qurban vermək meyli ortaya çıxır. Digər yerlərdə isə məhkəmə qərarlarını yerinə yetirməkdən imtina olunması kimi narahatedici tendensiya yaranmışdır, Ukrayna və Dağlıq Qarabağ məsələsi daxil olmaqla Avropa daxilində münaqişələr daha da pisləşməkdədir".

Rene Rukenin Ukraynanı Dağlıq Qarabağla eyniləndirməsində məqsədi nədir? Fransalı deputat Ukraynanın ərazi bütövlüyünü nəzərdə tutubsa, bəs onda Azərbaycan əvəzinə niyə Dağlıq Qarabağın adını çəkib? Məncə, bunun səbəbi odur ki, fransalı deputat Krım və Donbass məsələsində Ukraynanın ərazi bütövlüyündən çıxış edərkən, Azərbaycan torpaqlarının işğalı məsələsində fərqli mövqedən çıxış edib. R.Ruke qorxur ki, Azərbaycan öz torpaqlarını geri qaytarmaq üçün yenidən fəallaşacaq. Təsadüfi deyildi ki, Ruke aprel döyüşlərindən sonra təcili Xankəndiyə separatçılarla görüşə gəlmişdi.

Əslində R. Ruke Parisdəki çıxışı ilə Azərbaycanın işğal altındakı torpaqları geri qaytarmaq cəhdinin guya Avropaya təhlükə yaradacağına eyham vurur".

E.Şahinoğlu qeyd edib ki, Ruke Parisdəki çıxışının başqa bir yerində isə deyir ki, Dağlıq Qarabağ məsələsi AŞPA-da müzakirə edilməlidir: "Bunu biz də istəyirik, ancaq məsələ burasındadır ki, ermənipərəst Rene Rukenin məqsədi başqadır. Birincisi, bu şəxs AŞPA-da növbəti müzakirə predmetini Ermənistanla razılaşdırmaq istəyir. Başqa sözlə, Azərbaycana qarşı təxribat planlaşdırırlar. Misal üçün, bu ilin əvvəlində AŞPA-da Sərsəng su anbarı ilə bağlı qətnaməyə ermənilər 15 düzəliş irəli sürmüşdülər və erməni deputatların hər bir düzəlişinə R.Ruke imza atmışdı. Bu, bir daha ondan xəbər verir ki, erməni deputatlarla R.Ruke vahid tandemdə fəaliyyət göstərirlər.

İkincisi, Rene Ruke öz vəzifə səlahiyyətindən istifadə edərək, AŞPA-da elə bir sənəd qəbul etdirmək istəyir ki, Azərbaycan heç bir halda işğal altındakı torpaqları güc yolu ilə geri qaytarmağa çalışmasın, əks halda təşkilatın sanksiyaları ilə üz-üzə qalsın".

Buna görə də Mərkəzin rəhbəri hesab edir ki, AŞPA-dakı nümayəndə heyətimizdən Rene Ruke ilə erməni separatçıların işbirliyini pozmaq tələb olunur: "Onunla əl sıxışıb saatlarla fikir mübadiləsi aparmaqla heç nəyə nail olmaq mümkün deyil. Belələrinin beyni erməni təbliğatı ilə zəhərlənib. Elə etmək lazımdır ki, erməni separatçılarının AŞPA-nın vitse-prezident səviyyəsində dostu və dəstəkçisi varsa, Dağlıq Qarabağdan didərgin salınan azərbaycanlıların da bu səviyyədə dostu və himayəçisi olsun. Rene Ruke qeyri-qanuni olaraq Xankəndiyə gəldikdə, o birisi də tez-tez Ağdama, Bərdəyə və Tərtərə gəlsin. Başqa sözlə, Avropada, o cümlədən AŞPA-da Dağlıq Qarabağın didərgin azərbaycanlı icmasının dostları qrupunun yaradılması vacibdir. Məhz Avropadakı dostlarımız Rene Ruke ilə mübarizə aparmalıdırlar".

İlkin İzzət

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.