Siyasət

Qarabağ cəlladı: "Bakıdan çəkinirəm"

25 Oktyabr 2016 09:19
1 Şərh     Baxış: 4 587

"Heç şübhə yoxdur ki, Azərbaycan müharibəyə hazır vəziyyətdədir. Onlar raket və mərmi istehsal edəcək zavodldar tikirlər, dəmir yolları ilə bağlı problemləri həll edirlər. Azərbaycan genişmiqyaslı, uzunmüddətli müharibəyə hazırlaşır. Biz sadəcə, bunu anlamaq istəmirik".

Dağlıq Qarabağdakı separatçı rejimin sabiq "müdafiə naziri",  vəhşiliyi ilə ad çıxaran və "Qarabağ cəlladı" kimi tanınan Samvel Babayan "Azadlıq Radiosu"nun erməni dili xidmətinə verdiyi müsahibəsində belə deyib.

Onun sözlərinə görə, Azərbaycan hərbi-sənaye kompleksini sürətlə inkişaf etdirir. Ermənistan isə, tam əksinə, silah, sursat və hərbi texnika sarıdan Rusiyadan tam asılı vəziyyətdədir.

Ermənistanın müdafiə naziri Seyran Ohanyanın vəzifəsindən kənarlaşdırılmasını isə S.Babayan yanlış addım saymaqla yanaşı, prezident Serj Sarkisyanla Ohanyan arasında münasibətlərin kəskinləşdiyini də etiraf edib.

"Ermənistan prezidenti Serj Sarkisyanın niyə belə qərar qəbul etdiyini bilmirəm. Səbəblər barədə konkret məlumatlara malik deyiləm. Lakin indiki mərhələdə Seyran Ohanyanın vəzifəsindən kənarlaşdırılmasını dürüst qərar saymıram. Ermənistandakı hakimiyyətdə o, ən savadlı və bacarıqlı hərbçi idi. Serj Sarkisyanla Ohanyan arasındakı şəxsi münasibətlər işə təsir etməməli idi. Ohanyanın işdən çıxarılmasının aprelin əvvəlindəki "Dördgünlük müharibə"nin nəticələri ilə bağlı olduğunu da düşünmürəm. Belə olsaydı, Ohanyan həmin hadisələrdən dərhal sonra o üç generalla birlikdə qovulardı. Bilmirəm, bəlkə də Sarkisyan strateji, taktiki idarəetmədə nəyisə dəyişir. Bəlkə də müdafiə məsələləri ilə özü daha çox məşğul olacaq", - S.Babayan söyləyib.

Ermənistan prezidentinin administrasiyasının sabiq rəhbəri Vigen Sarqsyanın müdafiə naziri vəzifəsinə təyin edilməsi və rəsmi İrəvanın "bütün sivil ölkələrdə müdafiə naziri postuna mülki şəxs təyin olunur" bəyanatlarına gəldikdə isə, S.Babayan deyilənləri ciddi qəbul etmir: "Vigen Sarqsyanı tanımıram və onun barəsində heç nə deyə bilmərəm. Müdafiə naziri postunda mülki adamın olmasına gəldikdə siə, unutmayın ki, Ermənistan indi müharibə vəziyyətindədir.

Mülki şəxsin Müdafiə Nazirliyinə rəhbər təyin edilməsi Fransada, Almaniyada, Avropanın başqa ölkələrində normal sayıla bilər. Amma Ermənistanda belə təyinatı doğru addım saymıram".

Daha sonra üstüörtülü şəkildə "Bakıdan çəkinirəm" deyən S.Babayan müsahibəsində S.Sarkisyanın təyinatları və ümumiyyətlə, İrəvandakı hakimiyyətdə son həftələrdə yaşanan yerdəyişmələr barədə əvvəlki dövrlərdən fərqli olaraq, sərt danışmaqdan boyun qaçırıb.

Bu isə aprelin ortalarında, "dördgünlük müharibə"dən dərhal sonra Dağlıq Qarabağa yollanan və orada "qayıdış"ını reallaşdırmaq istəyən S.Babayanın İrəvandan çox sərt təpkilər almasından sonra daha ehtiyatlı davranmağa başladığına dəlalət edir.

Samvel Babayan İrəvandakı hakimiyyətin əleyhinə sərt danışmaq istəmir. O, Seyran Ohanyanın müdafiə naziri postundan uzaqlaşdırılmasından sonra ciddi dəstəyini itirdiyini anlayır və Ermənistan prezidenti Serj Sarkisyanı qıcıqlandırmağa can atmır.

S.Babayan İrəvanda siyasi intiqam və repressiya mexanizmlərinə bələd olduğundan hələ gözləyir.

Bakıdan çəkinərək, amma erməniləri "ruhlandırmağa" çalışaraq.

Orxan Hun
Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.