Siyasət

Prezident İlham Əliyev: "Azərbaycan və Xorvatiya regional təhlükəsizlik məsələlə eyni yanaşma tətbiq edir"

24 Oktyabr 2016 23:02
Baxış: 1 127

Oktyabrın 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və xanımı Mehriban Əliyevanın adından ölkəmizdə rəsmi səfərdə olan Xorvatiya Respublikasının Prezidenti xanım Kolinda Qrabar-Kitaroviçin və həyat yoldaşı Yakov Kitaroviçin şərəfinə rəsmi ziyafət verilib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, dövlət başçıları ziyafətdə çıxış ediblər.

Prezident İlham Əliyevin çıxışı

- Xanım Prezident. 

Cənab Kitaroviç.

Əziz qonaqlar.

Bir daha Azərbaycana xoş gəlmisiniz. Sizi ölkəmizdə qəbul etmək bizim üçün çox xoşdur. Bu gün bizim çox yaxşı görüşümüz, müzakirələrimiz olub. Hesab edirəm ki, qarşılıqlı marağımızda olan bütün məsələləri, o cümlədən ikitərəfli siyasi əlaqələri, regional təhlükəsizliyi, Avropa İttifaqı ilə əməkdaşlığımıza dair məsələləri, iqtisadi əməkdaşlığı əhatə etdik. Əlbəttə ki, sabah biznes forumun açılışı olacaq. Orada iqtisadi əməkdaşlığın perspektivləri daha geniş müzakirə ediləcək. Həmçinin mədəniyyət, idman sahələrində əməkdaşlıq məsələlərini müzakirə etdik və bizim baxışlarımız üst-üstə düşür.

Görüşümüzdə qeyd etdiyim kimi, biz regional təhlükəsizlik məsələlərinə eyni yanaşmanı tətbiq edirik, həmçinin beynəlxalq təşkilatlar çərçivəsində fəal əməkdaşlıq aparırıq və bu səfər əlbəttə ki, bizim yaxın əlaqələrimizin yaxşı göstəricisidir.

Biz Xorvatiyanı dost və tərəfdaş ölkə hesab edirik. Biz üç il bundan əvvəl strateji tərəfdaşlıq və dostluq üzrə mühüm sənəd imzalamışıq. Bu sənəd gələcəyə doğru yolumuzu göstərir. Biz qarşılıqlı hörmətə, dostluğa, Azərbaycan və Xorvatiya xalqları arasında bir çox oxşarlıqlara əsaslanan bu münasibətlərə önəm veririk. Bizim ortaq məqsədlərimiz var. Biz istəyirik ki, ölkələrimiz inkişaf etsin. Biz ölkələrimizin daxilində və ətrafında təhlükəsizliyin təmin olunmasını və regionlarımız arasında əməkdaşlığın gücləndirilməsi üçün atacağımız addımları müəyyənləşdirmək istəyirik. Balkanlarda, Avropada, Qafqazda, Xəzər regionunda ticarət, sərmayə qoyuluşu, enerji sahələrində çoxlu imkanlar var və bunlar bizim müzakirələrimizin və əməkdaşlığımızın vacib bir hissəsidir.

Əlbəttə ki, biz yaxın gələcəkdə Avropa enerji bazarında önəmli tərəflərə və yaxın tərəfdaşlara çevriləcəyik. Bu tərəfdaşlıq onilliklərlə davam edəcək. Çünki Azərbaycanın təbii qaz ehtiyatları ən azı 100 il ərzində bizim üçün və istehlakçılar üçün kifayət edəcək. Buna görə də enerji təhlükəsizliyində əməkdaşlıq uzunmüddətli və strateji xarakter daşıyacaq.

"Strateji xarakter" sözləri artıq ikitərəfli münasibətlərimizdə adət etdiyimiz bir ifadədir. Çox şadam ki, ölkəmizə səfər edirsiniz. Sizin proqramınız çox zəngindir. Ümidvaram ki, sabah Azərbaycan haqqında daha da çox məlumat toplamaq imkanınız olacaq.

Bir daha Sizi və nümayəndə heyətinizi ölkəmizdə salamlamaq istəyirəm. Sizə və Xorvatiya xalqına uğurlar və rifah arzu edirəm.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.