Siyasət

BMT-də Şahbaz Quliyev və Dilqəm Əsgərovla bağlı məsələ qaldırılıb

1 Fevral 2015 09:29
0 Şərh     Baxış: 957

Diplomat insan hüquqlarının müdafiəsi üzrə bütün beynəlxalq təşkilatları bu məsələyə müdaxilə etməyə, bu şəxslər sağkən onların həbsdən azad olunmasına kömək etməyə çağırıb.
 

Azərbaycanın BMT-dəki daimi nümayəndəsi Yaşar Əliyev qurumun Təhlükəsizlik Şurasının silahlı münaqişələrdə dinc vətəndaşların müdafiəsi məsələsinin müzakirəsinə həsr edilmiş iclasında çıxış edib.
 

Milli.Az APA-ya istinadən bildirir ki, Y.Əliyev qeyd edib ki, Azərbaycan silahlı münaqişə qurbanları ilə bağlı vəziyyətin yaxşılaşdırılması üçün beynəlxalq humanitar hüquqa uyğunluğun təmin edilməsi mövqeyini dəstəkləyir.

Diplomat beynəlxalq hüquq normalarını və münaqişə aparan tərəflərin öhdəliklərinə toxunaraq bildirib ki, əsas problem təkcə öhdəliklərə tez-tez riayət edilməməsi deyil, cəzasızlıq şəraitinin olmasıdır.
 

Y.Əliyev münaqişələr nəticəsində öz doğma yurdundan qovulmuş mülki əhalinin müdafiəsinə xüsusi diqqət yetirilməsinin zəruriliyini vurğulayıb: "Azərbaycan məcburi köçkünlərin problemləri və onların öz evlərinə qayıtmaq hüquqları barədə məlumatın artırılmasına yönəlmiş səyləri dəstəkləyir".

O qeyd edib ki, dinc vətəndaşların hərbi qulluqçu kateqoriyasına aid olmadıqlarını göstərən kifayət qədər fakt olmasına baxmayaraq, onların statusunun şübhə altına alınması faktı da mülki əhalinin hüquqlarının pozulmasında təşviş doğuran məqamdır.
 

Y.Əliyev vurğulayıb ki, insanların girov götürülməsi, qanunsuz tutulub saxlanması və təqib edilməsi beynəlxalq humanitar hüququn ciddi pozuntularıdır.

Diplomat ermənilərin girov götürdükləri Azərbaycan vətəndaşları Həsən Həsənov, Şahbaz Quliyev və Dilqəm Əsgərovla bu hüququn normalarına uyğun olmayan rəftar etdiklərini, bunun ermənilərin beynəlxalq humanitar hüququ pozmalarına aid ən son nümunə olduğunu deyib.
 

Y. Əliyev daha sonra iclas iştirakçılarına azərbaycanlı girovların işi və onların hüquqlarının erməni işğalçı qüvvələri tərəfindən pozulması ilə bağlı faktları təqdim edib. Diplomat Həsən Həsənovun erməni hərbi qulluqçuları tərəfindən 2014-cü il iyulun 11-də öldürüldüyünü, onun cəsədinin isə Azərbaycan tərəfinə yalnız 2014-cü il oktyabrın 2-də Beynəlxalq Qırmızı Xaç Komitəsinin köməyi ilə təhvil verildiyini qeyd edib: "Digər iki girov - Şahbaz Quliyev və Dilqəm Əsgərov uydurma təxribatlarda ittiham edilərək, Azərbaycanın işğal olunmuş ərazilərindəki həbsxanaya salınıb".
 

Y.Əliyev bu mülki şəxslərin Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində girov götürüldüyünü də xatırladıb: "Azərbaycan Respublikasının qanunlarından başqa heç kəs və heç nə Azərbaycan vətəndaşlarının öz ərazisində sərbəst yerdəyişməsini məhdudlaşdıra və ya qadağan edə bilməz".

O vurğulayıb ki, Ş.Quliyev və D.Əsgərovun üzərində qondarma məhkəmə prosesi və çıxarılan hökm qanunsuzdur.

Diplomat insan hüquqlarının müdafiəsi üzrə bütün beynəlxalq təşkilatları bu məsələyə müdaxilə etməyə, bu şəxslər sağkən onların həbsdən azad olunmasına kömək etməyə çağırıb.
 

Milli.Az 

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.