Siyasət

Kremlin "İsgəndər"lərlə bağlı susqunluğunun pərdəarxası

30 Sentyabr 2016 12:13
0 Şərh     Baxış: 1 330

Azərbaycanla Rusiyanın arasını birdəfəlik vurmaq şübhəsiz ki, işğalçı Ermənistanın əsas hədəflərindən biri olaraq qalır. Düşmən ölkə bununla söz yox ki, Kremlin Dağlıq Qarabağ məsələsində onu daha güclü müdafiə edəcəyinə ümid edir. Eyni zamanda Bakı ilə Moskva arasında son illər genişlənən və İrəvanı ciddi narahat edən hərbi-texniki əməkdaşlığın bitəcəyinə inanır.

Son günlər "İsgəndər" operativ-taktiki raket kompleksləri ətrafında yaşanan hay-küyün arxasında ilk növbədə bu motivi axtarmaq lazım gəlir. Qeyd edək ki, bu günədək həmin raket sistemlərinin Ermənistana, yoxsa Rusiyaya məxsus olması barədə nə rəsmi Moskva, nə də Rusiya Müdafiə Nazirliyi açıqlama verməyib. Susqunluq davam edir.

İstənilən halda, görəsən işğalçı ölkənin sevinməsi üçün əsas varmı? Doğrudanmı Rusiya öz forpostuna belə bir yaxşılığı edə, eyni zamanda Azərbaycanla münasibətləri zərbə altına qoya bilər? Məsələ ilə bağlı ekspert rəylərini təqdim etməkdə davam edirik.

*****
Milli.Az musavat-a istinadən bildirir ki, mövzunu şərh edən politoloq Rasim Musabəyov faktı ən əvvəl təxribat və pozucu xarakterli hesab edir: "Üstəlik də bu raketlər ehtiyac olarsa, nüvə başlıqları ilə də təchiz oluna bilər. Təbii ki, bunu yalnız rusiyalı hərbçilər edə bilər. Ermənilərin belə hərbi texnikadan istifadə üçün kosmik kəşfiyyat və yönəltmə vasitələri yoxdur. Nəzərə alsaq ki, "İsgəndər" raketlərinin maksimum uzağı vurma məsafəsi 300 km-dən bir qədər azdır, o zaman bu raketlər Ermənistandan Bakıdakı obyektləri hədəf ala bilməz, hərçənd Mingəçevir bəndinə və ya neft-qaz kəmərlərinin kompressor stansiyalarına çata bilər".

Ancaq politoloq Ermənistan rəhbərliyini xəbərdar edir ki, bu qəbildən təxribatçı addımlar geridönməz nəticələrə gətirə bilər: ""İsgəndər" kompleksi müdafiə üçün yox, hücum üçün - qarşı tərəfin siyasi rəhbərlik və ordunu idarə mərkəzlərinə ilk zərbə endirmək üçün nəzərdə tutulub. Əgər Ermənistanın arsenalında "İsgəndər" kompleksinin mövcudluğu təsdiqlənsə, Qarabağdakı separatçı rejim isə ondan Azərbaycana qarşı istifadə edilə biləcəyini iddia eləsə, o halda Azərbaycan tərəfinin qisası ağır olacaq. Bakı cavab zərbəsi qismində "Smerç" və ya Türkiyədən aldığı T-300 "Qasırğa" raket sistemlərindən istifadə edə bilər. Bu raketlər həm İrəvanı, həm də Metsamor AES-i hədəf almaq imkanındadır".

R.Musabəyov də "İsgəndər" sistemlərinin Rusiyanın 200 milyonluq kredit çərçivəsində alınmasını qeyri-mümkün sayır: "Aydın məsələdir ki, "İsgəndər" kompleksləri ətrafındakı ajiotaj (əgər belə bir şey realdırsa), həm say, həm də keyfiyyət baxımından Ermənistanı hərbi cəhətcə üstələyən Azərbaycanı qorxutmağa hesablanıb. Bu mənada mən istisna etmirəm ki, "İsgəndər" kompleksləri - olsa-olsa, Azərbaycana hərbi-siyasi təzyiq etmək üçün düşünülmüş bir aksiyadır".

Bununla belə, politoloq erməni silahlı qüvvələrində "İsgəndər"lər mövcudluğu haqda xəbərlərin blef ola biləcəyini də mümkün sayır: "Necə ki, erməni məmurları bir ara onlarda hətta atom bombasının olduğunu iddia edirdilər, necə ki, bir nəfəsə Bakıya çatacaqlarını, Gəncəni tutacaqlarını, başqa bu kimi əsəbləri zəiflər üçün sərsəmləmələr oxuyurdular".

*****
Rusiyalı tarixçi-alim və siyasi analitik Oleq Kuznetsov isə "Vesti Kavkaza" nəşrinə deyib ki, hərgah, "İsgəndər" operativ-taktiki raket komplekslərinin Ermənistanda yerləşdirilməsi iki tərəfin iştirakçı olduğu beynəlxalq anlaşmaya uyğundur, heç bir şübhə yoxdur ki, bu silahlar Rusiya ordusunun tam nəzarətindədir: "KTMT çərçivəsində belə silahların Rusiyanın nəzarəti altında təşkilata üzv ölkələrin ərazisində yerləşdirilməsi mümkündür. Lakin bu zaman Avropada adi hücum silahlarının məhdudlaşdırılması haqda müqaviləni unutmamaq gərəkdir. Həmin sənədə görə, hər belə silah növü beynəlxalq uçota götürülür. Onların sayı Avropa ölkələrinin ərazisində sərt şəkildə limitləşdirilib. Buradan da Avropada adi hücum silahlarının məhdudlaşdırılması haqda müqavilə ilə mövcud situasiya arasında real kolliziya üzə çıxır. Odur ki, "İsgəndər" komplekslərinin Gümrüdəki 102 saylı baza da daxil, Rusiya Silahlı Qüvvələri daxilində təzədən paylaşdırılması istisnadır".

Ekspert "İsgəndər" komplekslərinin İrəvana satılması və ya ötürülməsini isə daha az ehtimallı sayır: "Düşünmürəm ki, bu, prinsipcə mümkün olsun. Nədən ki, belə sistemlər Rusiyanın hərbi-texniki reqlamentinə müvafiq surətdə ixrac üçün nəzərdə tutulmayıb, üstəlik, lizinqə də verilmir. Yeganə ehtimal edilən o ola bilər ki, yeni "İsgəndər"lər Ermənistanda Cənub Hərbi Dairəsi daxilində bu cür hücum sistemlərinin yerdəyişməsi çərçivəsində, 102-ci bazanı gücləndirmək üçün peyda olub. Ancaq bu sistemlərin Ermənistana verilməsindən heç bir söhbət gedə bilməz".

Analitik bu raket sistemlərinin Rusiya hərbçilərinin nəzarətində olduğuna əmindən də artıq əmin olduğunu bildirir: "Həmin sistemlər postsovet dövlətlərinə yönəlməyib, bütövlükdə Ön Asiyada situasiyanı stabilləşdirmək üçün İŞİD-ə qarşı hərbi əməliyyatlar teatrına yaxıpnlaşdırılıb. Rusiya üçün belə sistemləri iki dağ aşırımı o yana hədəfə atəş açmaq üçün xərcləmək axmaqlıq olardı".

Rusiyalı siyasi təhlilçiyə görə, Ermənistandakı "İsgəndər" sistemləri ilə bağlı aktiv piar bu ölkənin hərbi-siyasi rəhbərliyinə öz zəifləmiş hakimiyyətini gücləndirmək üçün lazımdır: "Bu, Gebbels təbliğatının tipik üsuludur. Nasistlər də həmişə deyirdilər ki, Almaniya müttəfiq qoşunlarına qarşı yeni silahlar tətbiq edəcək. Belə bir təhdid sonuncu dəfə 29 aprel 1945-ci ildə olmuşdu. Sovet qoşunlarının Berlinə daxil olması ilə bu hədələr yoxa çıxdı - hərçənd özünümüdafiənin son həftəsinədək almanlar yeni silahlar haqda qışqırırdılar".

***** 
Göründüyü kimi, "İsgəndər" raket komplekslərinin Ermənistanda olması ilə bağlı ekspert rəyləri müxtəlifdir. Bu sistemlərin Rusiya hərbçilərinin tam nəzarətində olduğu da deyilir, ermənilərin onlardan Azərbaycan əleyhinə istifadə imkanları da istisna edilmir. Unutmayaq ki, Ermənistan rəsmən Rusiyanın hərbi-siyasi müttəfiqidir və onların ortaq ordu yaratmaq planı da mövcuddur . 

Bir şey dəqiqidir ki, Moskva ilə İrəvan arasında həqiqətən "İsgəndər" anlaşması varsa, bu, Qarabağ konfliktinin dinc və ədalətli həllinə qətiyyən yardım etməyəcək. Əksinə. Azərbaycan tərəfi isə artıq yeni bir reallıqla üz-üzədir və yəqin ki, ona adekvat cavabı çox gecikməyəcək. Buna ölkəmizin potensialı yetərlidir.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.