Siyasət

Beynəlxalq gücləri susduran səbəb

29 Sentyabr 2016 10:40
Baxış: 850

Referendum geridə qaldı. "Xalq konstitusiya dəyişikliklərinə yox deyəcək" proqnozları doğrulmadı. Səsverməyə qatılanların 90 faizi təqdim edilən dəyişikliklərin lehinə səs verdi. Amma yanlış proqnoz müəlliflərini təkcə ölkə seçicilərinin rəyi deyil, həm də beynəlxalq təşkilatların susqunluğu məyus edib. Helsinki Komissiyasının ermənipərəst həmsədri Kris Smitin açıqlamalarına söykənib "Referendumun nəticələri beynəlxalq aləm tərəfindən tanınmayacaq" deyənlər əks mənzərə ilə üzləşiblər. Beynəlxalq statuslu dövlətlərarası qurumlar birmənalı şəkildə nəticələrlə barışıq nümayiş etdirdilər. Bu sırada ən "təəccüblü bəyanat" Avropa Şurası Parlament Assambleyasının müşahidə missiyasından gəlib. Müşahidə qrupunun rəhbəri Aleksandr Nikoloski "Azərbaycan Konstitusiyasına dəyişikliklərin edilməsi məqsədilə keçirilmiş referendum milli qanunvericiliyə uyğun təşkil edilib və legitimdir" deməklə təkcə azərbaycanlı izləyicilərini təəccübləndirmədi. Nəzərə alsaq ki, referendumun keçirildiyi tarixdən cəmi bir həftə öncə AŞ-nin Venesiya Komissiyası referendumu şübhəyə alacaq bəyanat yaymışdı, onda Nikoloskinin açıqlamalarının yaratdığı heyrəti təsəvvür etmək olar. Avropa Birliyinin referendum bəyanatı da AŞPA-dan geri qalmır. Müxalif media bəyanatı kontekstdən çıxarmağa çalışsa da, Avropa Birliyinin bəyanatının diplomatik dildə açılımı referendum nəticələrinin qəbulunu ehtiva edir: "Seçicilərin əksəriyyəti referenduma çıxarılan 29 bəndin hamısının lehinə səs verib. Referendum dinc şəraitdə keçib. Avropa Birliyi Azərbaycanı Konstitusiya dəyişikliklərini həyata keçirərkən Venesiya Komissiyasının iradlarını da nəzərə almağa çağırır".

Əks düşərgə təmsilçilərinin sığındıqları "son qala" da özünü doğrultmadı. ABŞ Dövlət Departamenti də referendumun nəticələrinə normal reaksiya verdi. Gündəlik brifinqdə jurnalistlərin suallarını cavablandıran Dövlət Departamentinin təmsilçisi Mark Toner Konstitusiya üzərində keçirilən referendumun "insidentsiz" ötüşdüyünü bildirib: "ABŞ Azərbaycanda daha güclü demokratiya qurulmasını dəstəkləyir... Biz diqqətimizi Azərbaycanda təsisatların təkmilləşdirilməsinə, xalq və hökumətlə əməkdaşlıq edərək demokratik prosesin təkmilləşdirilməsinə yönəldirik. Demokratik prosesin sonucunu diktə etmək bizim işimiz deyil. Biz onu qeyd edə bilərik ki, pozuntular varsa araşdırılmalıdır, nöqsanlara baxılmalı və onlar aradan qaldırılmalıdır".

Beynəlxalq təşkilatların Azərbaycanda yeniliyi ehtiva edən istənilən addımı pisləmək vərdişlərini nəzərə alsaq, referendumun nəticələrinin sakitcə tanınmasına yönəlmiş pozitiv bəyanatlar istər-istəməz "onları kim və niyə susdurdu?" sualını aktuallaşdırır. Şərh prosesi yenə də müxalif düşərgədən başlayıb. Düşərgə ideoloqları əsaslandırmağa çalışırlar ki, bu dəfə ənənənin pozulması, yəni bəyanatların neqativ yükünun pozitivə çevrilməsi hansısa razılaşmanın nəticəsidir. İddia edirlər ki, "Azərbaycan hakimiyyəti referendumdan sonra ölkədə güclü iqtisadi-siyasi islahatlar keçiriləcəyini vəd etdiyi üçün beynəlxalq təşkilatlar da səsvermənin nəticələrinə loyal yanaşıblar". İrəli gedib məsələni geopolitik durumla əlaqələndirənlər də var. Ehtimal edirlər ki, ABŞ, Rusiya və Avropa Birliyinin region üzərində maraqlarının toqquşması və onlardan hər birinin bu regiondakı ölkələri öz tərəfinə çəkmək istəyi Azərbaycana loyal yanaşmanı stimullaşdırıb.

Bənzər ehtimallar çoxdur. Amma bu çoxluqdan heç biri, hələ ki, reallığı əks etdirməyib. Hiss olunur ki, sürətlə gündəmə buraxılan ehtimalların hər biri ictimai rəyi çaşdırmağa, region üzərində marağı olan güclərdən hansısa birinin itmiş nüfuzunun bərpasına yönəlib. Unudurlar ki, ölkə ictimaiyyəti ayıqdır, illərlə təkrarlanan bənzər bəyanatlar arasında oxşarlığı sezə bilir.

Məsələ budur ki, referendumdan sonra ölkədə islahatlar paketinin gerçəkləşdiriləcəyi anonsunu xarici güclər deyil, Azərbaycan hakimiyyətinin təmsilçiləri veriblər, həm də referendumdan xeyli əvvəl. Hətta prezidentin siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov elan etmişdi ki, 26 sentyabr referendumunun özü nəzərdə tutulmuş islahatlar paketinin tərkib hissəsidir. Nəticə çıxır ki, islahatlar paketinin icrasına başlanılıb, o, referendumdan öncə olub, sonra da olacaq. Bu islahatlar hansısa kənar qüvvənin iradəsi ilə yox, ölkənin inkişafına uyğun Azərbaycan hakimiyyəti tərəfindən hazırlanıb və icra edilir. Referendum sonrası baş verəcək dəyişikliklərin hansısa beynəlxalq gücün adına bağlanılması isə kimlərinsə Azərbaycana təsir etmək gücündə olduğu qənaətini formalaşdırmağa hesablanıb. Ölkə əhalisi bənzər bəyanatları bütün siyasi aktiv dönəmlərdə, ən son olaraq, 2015-ci ilin parlament seçkiləri ərəfəsində görüb.

Beləcə, beynəlxalq güclərin 26 sentyabr referendumunun nəticələrinə loyal yanaşmalarının səbəbi "sirr" olaraq qalır. Diqqətlə yanaşsaq, prosesdə "sirr" axtarılmasına zərurət yoxdur. Sadəcə ölkə əhalisi referendum öncəsi aparılan təxribata uymadı, səsverməni boykot etmədi. Əhali seçki məntəqələrinə gəldi və gələnlərin 90 faizi təklif edilən dəyişikliklərə "Hə" dedi. Beləcə, beynəlxalq güclərin referendum təxribatı törətmək cəhdləri baş tutmadı, nəticələrlə barışmaqdan başqa yolları qalmadı.

Bu yöndə müzakirələrə prezident İlham Əliyev son qoydu. Sumqayıt şəhər ictimaiyyətinin nümayəndələri ilə görüşə gedən prezident referendumla bağlı fikir çaşqınlığı yaratmağa çalışanlara sərt mesaj verdi: "Bu gün istənilən beynəlxalq forumda Azərbaycan öz sözünü deyir, öz yolu ilə gedir, müstəqillik, ləyaqət yolu ilə gedir, heç kimin qarşısında gözükölgəli deyil, heç kimin diktəsi ilə oturub-duran deyil. Bu siyasət xalq tərəfindən dəstəklənir, bəyənilir və beynəlxalq aləmdə bizə çox böyük şöhrət qazandırıb".

Müşfiq Ələsgərli

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.