Siyasət

Referendum dərsləri: radikal müxalifət partiyaları və onların media yandaşları sinifdə qaldılar

28 Sentyabr 2016 16:56
Baxış: 887

Yaxud, "Facebook" anarxistlərinin "qara piar bombası" yenə öz qucaqlarında partladı 

Azərbaycan Respublikası Konstitusiyasına əlavə və dəyişikliklərlə bağlı ümumxalq səsverməsi (referendum) baş tutdu. Seçicilərin təxminən 70 faizi səsvermə prosesində iştirak edərək dəyişikliklərə "HƏ" dedilər. Referendum günü səsvermənin gedişini Avropa Şurası Parlament Assambleyasının, MDB Parlament Assambleyasının, Türkdilli Ölkələrin Parlament Assambleyasının müşahidə missiyaları, Böyük Britaniya, İtaliya, Türkiyə, Fransa, Avstraliya və digər dövlətlərin parlamentariləri, xarici ölkələrin ali seçki qurumlarının nümayəndə heyətləri və s. daxil olmaqla 18 beynəlxalq təşkilatdan 117 müşahidəçi - 33 ölkənin vətəndaşları izləyib. Yerli müşahidəçilərin sayı isə 53 min 531 olub. Ümumxalq səsverməsinin gedişini həm yerli, həm də xarici KİV nümayəndələri ətraflı işıqlandırıblar.

Yekun rəy belədir ki, referendum beynəlxalq standartlara və demokratik prinsiplərə uyğun, azad, şəffaf, seçicilərin fəallığı şəraitində keçirilib. Referendumun nəticələri Azərbaycan xalqının iradəsini tamamilə əks etdirir. 
 
"Bir səs bir güllədən güclüdür"

Təəssüf ki, Azərbaycan siyasi palitrasının autsayderləri adlandırılan radikal müxalif partiyaları və onların "5-ci kolon" yandaşları  referendum tarixi elan olunandan səsvermə gününə qədər bu ünsürlər prosesə qara yaxmağa, Azərbaycanın imicinə ləkə vurmağa çalışdılar. Xalqımızın sentyabrın 26-da səsvermə məntəqələrinə gələrək öz münasibətini ifadə etməsi və Konstitusiyaya təklif olunan dəyişiklikləri dəstəkləməsi isə nəticədə radikal müxalifətin apardığı çirkin təbliğatın sabun köpüyü kimi dağılmasını şərtləndirdi. Tanınmış dövlət xadimi Abraham Linkoln demokratik sistemlərdə partiyaların seçki marafonunda iştirakını "bir səs bir güllədən güclüdür" deyə şərh edirdi. Məsələyə bu məntiqlə yanaşsaq, 26 sentyabrı radikal müxalifət liderlərinə xalqın verdiyi bir dərs kimi də qəbul edə bilərik.

Əslində, istər təşviqat kampaniyası ərzində müşahidə olunan ictimai əhval-ruhiyyə, istərsə də referendum günü cəmiyyətin birmənalı mövqeyi bu dəyişikliklərin Azərbaycan xalqı tərəfindən dəstəkləndiyini göstərirdi. Xüsusilə, səsvermə günü sosial şəbəkələrdə prosesin gedişi ilə bağlı fəallıq kifayət qədər yüksək idi. Sosial şəbəkə istifadəçilərinin mütləq əksəriyyəti səsvermənin şəffaf və ədalətli keçirildiyini, heç bir qanun pozuntusuna rast gəlmədiyini, seçicilərin fəallıq göstərdiklərini vurğulayırdı. Bununla yanaşı, on minlərlə seçici səsvermə prosesindən özlərinin və yaxın ətraflarının fotolarını paylaşırdı. Bu fəallığı biz anti-referendum təbliğatı aparan, prosesə kölgə salmaq üçün guya hansısa pozuntuların olmasını iddia edən "media orqanları"nın internet və sosial şəbəkələrdəki səhifələrində də izlədik. Minlərlə fəal "Meydan TV"nin, "Azadlıq" radiosunun, "Azadlıq" qəzetinin, "Hamamtimes"ın, "Sancağ"ın, "NİDA"nın  "Facebook" səhifələrində yayılmış təxribat xarakterli dezinformasiyalara etirazını bildirir, ümumxalq səsverməsinin tam demokratik norma və standartlara uyğun keçirildiyini qeyd edirdi. Həmin şərhlərdə kifayət qədər maraqlı nüanslar, bu "media orqanları"nın, o cümlədən, radikal müxalifət partiyaları təmsilçilərinin əsil məqsədlərini ifşa edən fikirlər var.

Məsələn, İradə Şakirqızı adlı sosial şəbəkə istifadəçisi yazır: "Kukla teatırının nümayəndələri, indi nə deyəcəksiniz? Referendum baş tutmuş sayılır. İndi necə olacaq halınız? Con dayılarınıza nə cavab verəcəksiniz? Deməyəcəklərmi o qədər pul verdik mitinq keçirdiniz, bir qələt edə bilmədiniz? Əslində, referendumda xalqın mövqeyi bir daha sizin kimilərə öz yerini göstərdi. Xalq dövlətinə sahib çıxdı. Bütün cəhdlərinizə baxmayaraq, xalq dövlətinin, onun başçısının yanında yer aldı və onun siyasətinə sadiq olduğunu, Azərbaycanın bütövlüyünə, əmin-amanlığına sadiq oluğunu göstərdi. Siz isə növbəti dəfə fiaskoya uğramış yazıq durumda qaldınız. Unutmayın, saxta dəlillərlə, saxta mütəxəssislərlə ictimai rəyə təsir etmək olmur. Axşama doğru xalq şər qüvvələr üzərində növbəti zəfərini qutlayacaq. AZƏRBAYCAN!!!" 

Səsvermə yalanları və ya radikalların buqələmun instinkti

Türkiyənin keçmiş baş nazirlərindən olan Ərdal İnönü "Gerçəklərin mütləq gün üzünə çıxmaq kimi pis bir xüsusiyyəti var" deyirdi. Amma Azərbaycanın müxalifət partiyalarının mənfur ünsürlərinin referendum sınağı həqiqətin ortaya çıxması, yalanların ifşa olunması üçün münbit zamanın özünü elə də çox gözlətmədiyni təsdiq etdi. Belə ki, səsvermənin ilk saatlarında radikal müxalifət partiyalarının sədrləri guya prosesə insanların maraq göstərməməsi, səsvermə məntəqələrində seçicilərin ya azlıq təşkil etməsi, ya da ümumiyyətlə olmaması yönündə absurd iddialar ortaya atdılar. Qısa bir müddət sonra isə həm yerli, həm də xarici KİV-lərdə seçici fəallığı ilə bağlı informasiyaların, canlı görüntülərin yer alması müxalifət liderlərini elə pəjmürdəyə saldı ki, onlar dərhal büqələmun instikti ilə "metodlarına" dəyişiklik edərək bu dəfə hansısa "saxtakarlıq"dan, "qanun pozuntsu"ndan, karusel əməliyyatından dəm vurmağa başladılar. Çərənə təfsir olmadığı kimi, onların bu yalanları da yerimədi. Sosial şəbəkə istifadəçilərinin ciddi arqumentləri və faktoloji şərhləri bu yalanlar qarşısında sədd çəkdi. Elə təqdim edəcəyimiz şərhlərdə də bu yöndə kifayət qədər fikirlər yer alıb. Məsələn, Elvin Məmmədzadə adlı şəxs yazır: "Hal-hazırda Azərbaycan xalqı seçkilərə gedərək öz azad fikrini orada bildirir. Bunu xəyanətkar insanlar, dövlətini sevməyənlər, özü bir iş bacarmayanlar ləkələmək istəyir. Amma onlara elə boş-boş danışmaq qalacaq".

Ulya Cəlilin şərhi də xarakterikdir: "Seçkiyə ləkə yaxmağa çalışmaqdan başqa heç bir fəaliyyətiniz yoxdur. Şərhlərdən də görünür ki, yalan ayaq açar, amma yeriməz".

Çingiz İbrahimov isə prosesin gedişini müşahidələri əsasında belə qiymətləndirir: "Tam şəffaf, ədalətli seçki gedir. Hər birimiz referendumdakı dəyişiklik və əlavələrə hə deməklə Azərbaycanın uğurlarının artmasına, təhlükəsizliyimizin daha da möhkəmlənməsinə, bir sözlə, xoşbəxt gələcəyimizə HƏ deyirik".

"Fikir plüralizmi fanatlarının" əsl mahiyyəti bir daha ortaya çıxdı

Referendum sınağından üzüqara çıxan, ictimaiyyətdən töhmətini alan təkcə radikal müxalifət ünsürləri deyil. Bir də anti-Azərbaycan dairələrinin maddi, mənəvi dəstəyi və tezisləri ilə fəaliyyət göstərən KİV töküntüləri var. Özlərinə "tənqidçi media orqanları" deyən, əslində isə jurnalistika fəaliyyəti ilə yaxından - uzaqdan əlaqəsi olmayan, konkret maraqlı dairələrin siyasi ruporu vəzifəsini icra edən "Azadlıq" radiosunun Bakı redaksiyasının, "Meydan"TV-nin, "Azadlıq" qəzetinin yeganə məqsədinin Azərbaycan dövlətçiliyinə qarşı kampaniya aparmaq olması heç kəsdə şübhə doğurmur. Təsadüfi deyil ki, son zamanlar bir qrup islamofob və  imperialist mərkəzlərin ölkəmizə qarşı beynəlxalq aləmdə apardığı kampaniyanın yerli media qanadını da məhz sadalanan KİV-lər təşkil edir. Referendum üzrə təşviqat kampaniyası ərəfəsində və səsvermə günü isə bu fərasətsiz təbliğatçılar daha da fəallaşdılar.

Əlbəttə, sözügedən media orqanlarının sosial şəbəkələrdəki səhifələrində insanların ədalətli, faktlara söykənən və həqiqətlərini tərənnüm edən fikirlərinə qarşı, yumşaq desək, dözümsüz münasibət qətiyyən başadüşülən deyil. Çünki əgər məqsəd normal polemika mühiti yaratmaqdırsa, onda gərək sosial şəbəkə istifadəçilərinin fikirlərinə hörmətlə yanaşılsın. Amma səsvermə günü bu "demokratların", "fikir  plüralizmi fanatlarının" "söz azadlığı" deyə təsnif etdikləri nəsnənin mahiyyəti bir daha aydın ortaya çıxdı. Sözügedən səhifələrin idarəediciləri öz amplualarına sadiq qalaraq maraqlarına uyğun olmayan, uydurduqları yalanları ifşa edən fikirləri dərhal silməyə, bu şərhlərin sahiblərini isə "blok"lamağa başladılar. Belə ki, bir çox "facebook" istifadəçiləri şərhlərində əks fikrə qarşı belə aqressiv münasibətin qəbuledilməz olmasını yazır, bu addımın həmin media qurumlarının özlərinə ziyan vurduğunu bildirirdilər. Məsələn, Təhminə Əliyeva adlı xanım yazır: "Demokratiya carçıları" olan "Azadlıq" radiosu və "Meydan" TV facebook səhifələrinə şərh yazanları bloklayır. Bu isə onların ən böyük saxtakarlığıdır".

Təhminə Əliyeva xaricdən idarə olunan bu media qurumlarının bloklandığı yeganə istifadəçi deyil. Həmin səhifədə sözügedən şikayətlə müraciət edən xeyli sayda sosial şəbəkə istifadəçisi var. Onların bəzilərinin şərhlərini təqdim edirik:

Camal Ağarzayev: "Azadlıq" radiosu, "Azadlıq" qəzeti, "Meydan" TV, "Hamam Times", "Sancaq Production" və "Nida" Vətəndaş Hərəkatının facebook səhifələrinə dəfələrlə öz real adım olan profilimdən şərhlər yazdım. Ancaq məni təhqir edib, söyüş yazıb blok elədilər. Şərhimi sildilər. Mənə qarşı söyüş yazanların şərhi isə hələ də həmin səhifələrdə qalır. Əslində, bu, çox gülüncdür. Çünki kənardan elə görsənir ki, bunlar özləri özlərini söyürlər. Bundan əlavə, facebooklarında xəbərə baxanda 70 şərh görünür. Ancaq xəbəri açıb şərhləri saysaz, cəmi 30 şərh olacaqdır. Bu isə o deməkdir ki, 40 şərh silinib. Ancaq ümumi şərhlərin sayı xəbərin altında görsənir. Öz səhifələrində, həqiqətən, seçkini müşahidə edən, heç bir qanun pozuntusuna rast gəlməyən mənim kimi yüzlərlə insanın şərhlərin pozub blok ediblər. Bu da onların "demokratiyası".

Namiq Murad Sulduz: "Son bir neçə gündə, əslində, "Meydan" TV  və "Azadlıq" radiosunun yalnız sözdə demokratiya, azad söz anlayışına sahib olduqlarının sübutunu bariz şəkildə gördük".

Emin Məhərrəmli: "Meydan" TV facebook səhifəsi seçkinin şəffaf keçirilməsi ilə yazılan bütün şərhləri silir. Şərhlərin ümumi sayına baxdıqdan sonra şərhləri sayanda şərhlərin azlığı onların silinməsinin sübutudur".

Söyüş, təhqir bu ünsürlərin mənəviyyatına hopub

Qeyd etmək yerinə düşər ki, bu səhifələrin idarəçiləri şərhləri silməklə, bloklamaqla kifayətlənməyib, birbaşa radikal müxalifət başçılarına və onların əlaltılarına məxsus olduğu şübhə doğurmayan saxta profillərlə səsvermənin gedişi haqqında müsbət fikir bildirən sosial şəbəkə istifadəçilərini təhqir də ediblər.

Əlbəttə, istənilən halda hər bir fərd öz davranışı, cəmiyyətə münasibəti və mövqeyi ilə  daşıdığı dəyərləri, öz mənini nümayiş etdirir. Bu media orqanlarının "troll şəbəkəsi"nin üzvləri də məhz öz əxlaqi keyfiyyətlərini ortaya qoyaraq insanları təhqir etməkdən belə çəkinmirlər. Belə çıxır ki, bunlar ailələrində, yaşadıqları mühitdə hansı tərz və üslubda davranırlarsa, bir-birlərinə münasibətdə hansı fraza və ifadələrdən istifadə edirlərsə, belə ritorikanı sosial şəbəkələrə də daşıyırlar. Bu isə sözügedən trolların da, onları yönləndirən "başbilənlər"in də mənəviyyat və əxlaq baxımından nə qədər kasad, aciz durumda olduqlarını göstərir.

Beləliklə, referendumun nəticələri bir çox həqiqətləri ifadə edir. Şübhə yoxdur ki, yaxın zamanlarda bununla bağlı obyektiv, reallığı ifadə edən təhlillər aparılacaq, qarşıdakı dövrlərdə Azərbaycan vətəndaşları ümumxalq səsverməsində qəbul olunmuş dəyişikliklərin müsbət nəticələrini öz həyatlarında hiss edəcəklər. Referendumun ortaya qoyduğu daha bir gerçəklik isə xaricdən idarə olunan, ölkənin və xalqın maraqlarına zidd fəaliyyət göstərən antimilli ünsürlərin həzin sonluğa məhkum olmasıdır.

Kaspi.az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.