Siyasət

Erməni siyasətinin epilepsiyaları, yaxud Madrid prinsiplərinin absurd təftişi

28 Sentyabr 2016 15:01
Baxış: 1 251

Rəsmi İrəvan zaman-zaman məntiqsiz və qərəzli addımları ilə süni gərginliklər yaratmağa çalışır. Xüsusilə Dağlıq Qarabağ məsələsində son dərəcə qeyri-konstruktiv mövqe tutaraq problemin sülh yolu ilə həllinə əngəllər törədir. Azərbaycanın dövlət başçısı haqlı olaraq Ermənistan rəhbərliyinin məqsədli şəkildə danışıqlar prosesini uzatdığını vurğulayıb. Bu bağlılıqda indi də İrəvan Madrid prinsipləri haqqında qeyri-düzgün fikirlər bildirməkdədir. Bunun fonunda Ermənistanın Azərbaycana torpaq güzəştə getmək fikrindən daşındığı təəssüratı yaratmağa cəhd edilir. Təbii ki, Ermənistanın hansısa əraziləri güzəştə getməsi kimi bir anlayış ola bilməz, çünki o ərazilər Azərbaycanın əzəli torpaqlarıdır və işğalçı qeyd-şərtsiz bu torpaqları tərk etməlidir.

Milli.Az newtimes.az-a istinadən bildirir ki, erməni siyasətçilərin bu kimi absurd fikirlər ortaya atması onların epileptik siyasi təfəkkürə malik olduqlarını və danışıqları uzatmaq niyyətini güddüklərini göstərir.

Koçaryanın sayıqlamaları: Madrid razılaşmasının primitiv təhrifi

Ermənistan hələ müstəqil dövlət deyil. Onu Azərbaycan torpaqları üzərində süni olaraq havadarları formalaşdırıblar, hazırda da üzərində tam hökmranlıq edirlər. Sovet İttifaqı dağılandan bu yana bu fakt hər kəs tərəfindən birmənalı qəbul olunur. Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsinə təkan verənlər də yaxşı bilirlər ki, İrəvanın xarici siyasəti formal bir şeydir. Ona diktə edən qüvvələri qane etməyən addımları Ermənistan rəhbərliyi ata bilməz. Bu səbəbdən erməni siyasi liderləri zaman-zaman epileptik tutmalar təsiri bağışlayan bəyanatlar verirlər. Onlar zahirən özlərini müstəqil mövqedə olan siyasətçilər kimi göstərməyə çalışırlar. Lakin məsələyə bir qədər geniş kontekstdə yanaşdıqda bunun formal xarakter daşıdığı tam aydın olur.

Ermənistanın xarici işlər nazirinin müavini, amöblər və infuzorlar üzrə mütəxəssis Şavarş Koçaryanın Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı söylədikləri yuxarıda vurğuladığımız fikirlərdə haqlı olduğumuzu təsdiqləmiş olur. Hər halda, onun dediklərinin erməni ekspertlərin təqdimatında son dərəcə qeyri-real, absurd, münaqişənin xarakterinə zidd olan cümlələr yığını olduğunu görürük. Erməni rəsmisi bu dəfə də münaqişənin həlli ilə bağlı gedən prosesləri tamamilə təhrif edib, bu əsasda da bir sıra erməni ekspertlər qeyri-obyektiv nəticələr çıxarmağa çalışıblar (bax: məs., Наира Айрумян. Армения, наконец, отказалась от мадридских принципов / "Lragir.am", 15 sentyabr 2016).

Əvvəlcə Ş.Koçaryanın ATƏT-in Minsk qrupu həmsədrlərinə böhtan atdığını vurğulamaq istərdik. Onun dediyinə görə, Madrid prinsiplərində Azərbaycanın öz cəmiyyətini Dağlıq Qarabağın birdəfəlik itirilməsinə psixoloji hazırlaşdırması nəzərdə tutulubmuş. Guya həmsədrlər yalnız bu şərt daxilində Azərbaycana referendumun sonrakı mərhələyə salınmasına razılıq veriblər.

Sözün həqiqi mənasında belə dayaz düşüncəli və qərəzli birisinin dövlətdə yüksək vəzifə tutması təəccüb doğurur. Ancaq bu, normal dövlətdə belədir, Ermənistan üçün isə adi haldır. Madrid prinsipləri birmənalı olaraq Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsini nəzərdə tutur. Bu barədə dəfələrlə rəsmi şəxslər fikirlərini bildiriblər. Rəsmi Bakı yeniləşmiş Madrid prinsiplərini qəbul edir. Burada münaqişənin paket həlli nəzərdə tutulur ki, erməni işğalçı qüvvələri zəbt etdikləri torpaqlardan çıxdıqdan sonra müzakirələrin aparıla biləcəyi vurğulanır. İndi Ermənistan rəhbərliyini təmsil edənlərin vəziyyəti tamamilə başqa cür təqdim etməyə çalışması səbəbsiz deyil.

Məsələ ondan ibarətdir ki, artıq Ermənistanın işğal etdiyi əraziləri qeyd-şərtsiz tərk etməsi bütün səviyyələrdə tələb olunur. Hətta bu qondarma dövlətin havadarları belə bir sıra rayonların erməni işğalçı qüvvələrindən təmizlənməsi zərurətindən danışırlar. Bunun qarşılığında heç bir tutarlı və əsaslı fikir deyə bilməyən rəsmi İrəvan indi yeni bir süründürməçi oyuna başlamaq istəyir. Bunu Azərbaycan prezidenti MDB-nin Bişkekdəki sammitində açıq bəyan etdi. İrəvan indiyə qədər danışıqları uzatmaq, baş aldatmaq mövqeyini tutub, hazırda da aprel ayında özünün törətdiyi hərbi avantüradan istifadə edərək, bu istiqamətdə yeni mərhələnin əsasını qoymağa çalışır.

Süründürməçi mövqe: rəsmi İrəvan köhnə ampluasında

Madrid prinsiplərini təftiş etmək, yaxud onlardan imtina cəhdi görüntüsü də məhz bu səbəbdən yaradılır. Guya Ermənistan rəhbərliyi artıq torpaqları "güzəştə getmək" kursundan imtina edir, çünki Azərbaycan aprel ayında müharibə edərək indiyə qədər əldə edilən razılaşmaları pozub. Görün Ermənistana rəhbərlik edənlər nə dərəcədə axmaq düşüncəyə malikdirlər ki, Azərbaycanı öz cəmiyyətini işğalla barışdırmaq üçün addım atmamaqda günahlandırmağa cəhd göstərirlər. Bu siyasi nadanların və məhdud düşüncəli, orta əsr təfəkkürlü sadəlövhlərin havadarları belə təəccüblənirlər. Təbii ki, bu kimi fikirləri Ş.Koçaryan və onun kimiləri daxili informasiya məkanı üçün deyə bilərlər, lakin çox qısa zamanda reallıq göstərəcək ki, belə yalanlar, əslində, erməni xalqını uçuruma aparmaqdan başqa fayda vermir.

Heç bir beynəlxalq təşkilat erməni terrorçularını üçüncü tərəf kimi qəbul etdirə bilməz. O halda Vaşinqton "əl-Qaidə" və İŞİD-lə, Moskva, Paris və London da İŞİD-lə danışıqlar masası arxasında oturmalıdırlar. Dağlıq Qarabağda fəaliyyət göstərən terror tör-töküntüləri "əl-Qaidə" və İŞİD-dən də alçaq xislətə malikdirlər. Çünki əgər terror qruplarından ilk ikisinə qarşı beynəlxalq koalisiya formalaşıbsa, erməni terror təşkilatlarına güclü xristian dövlətləri himayədarlıq edirlər və bundan ermənilər qudururlar.

Lakin Azərbaycan rəhbərliyi beynəlxalq təşkilatlarda məsələni son dərəcə incə diplomatik və siyasi müstəvidə qaldırır ki, erməni terrorçuların danışıqlar tərəfi olması istisnadır. Söhbət yalnız Azərbaycanın bir bölgəsinin azərbaycanlı və erməni əhalisinin təmsilçilərinin qarşılıqlı məsləhətləşmələrindən gedə bilər. Onun da detalları peşəkar diplomatlar tərəfindən müzakirə edilməlidir.

Onu deyək ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsinin kökündə erməni silahlı qüvvələrinin işğalçı hərəkətlərinin yaratdığı vəziyyətdən xilas olmaq tezisi dayanır. Burada hansısa terrorçu, yaxud separatçı dairələrin Azərbaycan ərazisində ikinci erməni dövləti yaratmasını tənzimləmək prosesindən söhbət getmir. Bu günə qədər problemin həll olunmamasının əsas səbəbi Ermənistanın güclü orduya malik olmasında deyil, rəsmi İrəvanı bir sıra nüfuzlu dairələrin himayə etməsidir! Bu məqam ATƏT-in Minsk qrupunun həmsədrlərinin əməllərində açıq görünür.

Deməli, həmişə olduğu kimi, indi də Azərbaycan prezidenti tamamilə haqlıdır - Ermənistan rəhbərliyi daim danışıqları uzatmaq üçün müəyyən bəhanələr axtarır, təxribatçı addımlar atır. İndi Madrid prinsipindən imtina kimi bir fikri ortaya ataraq, rəsmi İrəvan bir daha ənənəvi qeyri-konstruktivliyini nümayiş etdirir.

Lakin Azərbaycan üçün fərqi yoxdur, Madrid, yaxud başqa prinsiplər - torpaqlardan işğalçı qeyd-şərtsiz getməlidir, vəssalam! Rəsmi Bakı bu mövqeyindən heç zaman dönməyəcək, çünki ədalət prinsipi və milli mənafelər bunu tələb edir. Digər tərəfdən, reallıq ondan ibarətdir ki, İrəvan öz himayədarlarının icazəsi olmadan ən kiçik prinsipdən belə imtina edə bilməz.

İndi onların "Lavrov modeli" adlandırdıqları və Azərbaycanın bir neçə rayonunun işğaldan azad edilməsi tələbini özündə ehtiva edən təklifi rusiyapərəst mövqe kimi təqdim etməyə çalışması blefdən başqa bir şey deyil. Guya ki, amerikalılar ruslarınkından fərqlənən və Ermənistanın işğalçı olduğunu nəzərə almayan həll üsulu təklif edirlər. Burada qoşunların təmas xəttinddə təhqiqat mexanizmlərini yaratmaq, sərhədləri açmaq və siyasi proseslərə təkan vermək kimi müddəalar öz əksini tapıb (bax: əvvəlki mənbəyə).

Təbii ki, belə deyil və söhbət yalnız ermənilərin bəsit siyasi-ideoloji manevrlərindən gedə bilər. Rusiya heç zaman özünün regiondakı ən yaxın müttəfiqinin maraqlarına zidd olan təklif etməz. Üstəlik, atası erməni olan Sergey Lavrovun boynuna belə bir şeyi qoymaq sadəlövh adamları qane edən absurddur. Bunlardan başqa, Vaşinqton heç zaman Azərbaycanın ərazi bütövlüyünə qarşı olan həll modelini irəli sürə bilməz. Buna onun nə səlahiyyəti var, nə də xarici siyasət prinsiplərinə uyğun deyil. Əksinə, bu ölkənin Minsk qrupunda olan təmsilçisi Ceyms Uorlik dəfələrlə bəyan edib ki, ABŞ "DQR" adlanan bir qurumu tanımır (bax: məs., Джеймс Уорлик прокомментировал предстоящее мероприятие в связи с 25-летием непризнанной "НКР" / ''1news.az'', 26 avqust 2016).

Beləliklə, erməni siyasi təfəkkürü növbəti epilepsiyaya düşüb. Rəsmi İrəvan məntiqsiz fikirlər söyləməklə özünün qeyri-konstruktiv mövqeyində qaldığını bir daha təsdiqləyir. İndi Madrid prinsiplərini öz xəyallarına uyğun şərh etməyə çalışan Ermənistan rəhbərliyi özünü belə təkzib edən cümlələr işlədir. Belə görünür ki, İrəvan danışıqlar prosesini süründürmək üçün növbəti şər-böhtan kampaniyasına start verməyə cəhd göstərir. Lakin prezident İlham Əliyevin dəfələrlə vurğuladığı kimi, Azərbaycan növbəti 20 il gözləyən deyil. Məsələ konkretdir - işğalçı zəbt etdiyi əraziləri tərk etməlidir!

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.