Siyasət

Azərbaycanda inqilab başlanır

28 Sentyabr 2016 14:23
Baxış: 15 883

"Hərəkatımız, ideallarımız, istəklərimiz və arzularımız barədə çox danışa bilərik. Bəli, Litvanın SSRİ-nin tərkibindən çıxmasına nail olduq, ölkəmiz müstəqil dövlətə çevrildi. Lakin bu mitinq dalğaları, hərəkat dənizindən ayrıla bilməyən, efemer xəyallarla yaşayan insanlar vaxtlarının keçdiklərini anlamadılar. Anlamadılar ki, zaman, şərait və insanlar dəyişib, hakimiyyətdə peşəkarlar olmalıdır. Hakimiyyətdəki həvəskar dövlət və millət üçün ən böyük təhlükədir".

Baltik dənizinin sahilindəki Butinqe şəhəri, kiçik, sadə, amma çox rahat bir ev. Bu evdə Litvanın ən məşhur ziyalılarından biri, keçmiş müxalifətçi və siyasətçi, litvalıların dövlət müstəqilliyinə qovuşmalarında şəksiz və sonsuz xidmətləri olan yazıçı Vitautas Bubnis yaşayır. İllər əvvəl onunla söhbətləşmişdim və Bubnis bir zamanlar rəhbərliyində təmsil olunduğu, dünyanın "Sayudis" kimi tanıdığı hərəkatdan ayrılmasının səbəblərindən danışmışdı.

Bubnisin sözlərinə görə, "Lietuvos Persitvarkymo Sąjudis" və ya qısaca "Sayudis" demokratik təşkilat olsa da, sonradan Vitautas Landsberqisin oyuncağına, hakimiyyəti qəsb etmək üçün əlverişli vasitəsinə çevrildi.

Litvalı rəssam və bəstəkar Mikaloyus Konstantinas Çörlyonisin yaradıcılığının, habelə folklorun araşdırmaçısı sonralar ölkə parlamentinin spikeri olmuşdu.

O, 1941-ci ildə Litvanı idarə etmiş Yuozas Ambrazyaviçyusun müvəqqəti hökumətinin "qanuni hökumət" sayılması ilə bağlı 2000-ci ildə qanunun qəbul olunmasına da çalışmışdı, amma alınmamışdı.

Vitautas Landsberqis təki siyasəti romantika ilə səhv salan, böyük dövlətlərə meydan oxuyan və xalqı ilə dövlətə böyük zərərlər vuran, daim illüziyalardan danışan siyasətçilər Azərbaycanda da vardı.

Əfsuslar olsun ki, indi də var və onlar zəifliklərinə, yarıtmazlıqlarına, bacarıqsızlıqlarına rəğmən irəliyə doğru inkişafımızda ballast rolunu oynayırlar.

Bu ballast qulpu sınıq çamadan kimidir: nə götürməyə həvəs var, nə də kənara atmaq mümkün deyil.

... "İbrətlə bax, ey könlüm, bu aləmə gəl bir an

Eyvani-Mədaini ayineyi-ibrət san..."

Xaqani Şirvaninin bu kəlmələri Azərbaycan müxalifətinin indiki durumunu səciyyələndirən diaqnoz da sayıla bilər. 25 il əvvəl AXC sədri Əbülfəz Elçibəyin "Vətən, millət, Sakarya" formatında gündəmə gətirdiyi ideologemalarından, "Yəmən türküsü" paroksizminə qapılan, hələ də "Qərb bizə yardım edəcək" xəyalları ilə fəaliyyətlərini tənzimləyən insanlar müxalifət liderləri olduqlarını iddia edirlər.

Müsavat, AXCP və bu partiyaların simbiozu kimi kütləyə təşviq edilən "Demokratik Qüvvələrin Milli Şurası" təki kvazitəşkilatın rəhbərləri hansısa mifik "narazı xalq kütlələri"ndən bəhs edir, istənilən aksiya keçirəcəkləri təqdirdə ən azı yüz minlərlə insanı "ayağa qaldıracaq"larını vəd edirlər.

Zatən ayaqda olan vətəndaşlar isə kimlərinsə onları indiki vəziyyətlərinə gətirmək istəklərini istehza ilə müşahidə edirlər.  Əli Kərimli, İsa Qəmbər və Cəmil Həsənlidən ibarət trio, habelə onlara aradabir qatılmağa cəhd göstərən Arif Hacılı, deyəsən, reallığı dəyərləndirmək təki zəruri funksiyanı ABŞ ilə Avropanın bəlli ölkələrinin Bakıdakı səfirliklərinə vaxtında yetişmək funksionallığı ilə əvəzləməyə üstünlük veriblər.

Siyasəti şüarçılıq, tərəfdarlarını başlarına yığıb məntiqsiz, amma gəlişigözəl ibarələrlə danışmaq təki anlayan şəxslərin dövrü bitib. Ölkənin müasir siyasət arxivinin eksponatları olan bu insanlar herontologiyanın aktuallıq kəsb etmədiyini hələ də qəbul etmək istəmirlər.

25 ildən bəri partiya sədrləri və ya liderləri olan şəxslərlə siyasi mənsubiyyəti ilə yönünü buqələmun təki dəyişənlərin toplusu olan marginallar dəstəsi yenə də meydanlara çıxmaq, üstəlik də xalqı o meydanlara toplamaq arzusundadır.

Çıxırlar, sözlərini deyirlər, istədikləri qədər danışırlar, amma xalq onları qəbul etmir, mövqelərini bölüşmür və kim olduqlarını yaxşı bildiyindən bütün çağırışlara rəğmən bu uğursuzlar toplusunu meydanda cüzi sayda tərəfdarlarının öhdəsinə buraxır.

Leonid Brejnev və Erix Honekkerin tarixə düşmüş öpüş səhnəsini xatırlayıram. Keçmiş SSRİ və Almaniya Demokratik Respublikasının liderləri qapıldıqları qəflət yuxusundan ayıla bilmədikləri üçün tarixin zibilliyinə gömüldülər.

Bakıdakı "Məhsul" meydanına tərəfdarlarını toplayan müxalifət "lider"lərinin patetik, pafoslu çıxışlarının məcmusu da elə o məşum öpüş səhnəsinin təkrarı da hesab oluna bilər.

Bu ay AXCP, Milli Şura və Müsavatın Bakıda keçirdikləri üç mitinq də müxalifətin bütünlüklə iflasa uğradığını, onillərdən bəri aramsız təkrarlanan, köhnəlmiş, nimdaş və absurd şüarların istehza doğurduğunu, radikallıq və aqressivlik bataqlığına sürüklənmiş müxalifət liderlərinin son aylardakı çıxışlarında elə radikal islamçılara bel bağlamaq, onlardan yararlanmaq istəyinin demokratiya üçün hansı təhlükəni kəsb etdiyini göstərdi.

Mömin müsəlmanlara buyurulmuş "Qulun qulu olmayın!" əmrini bizdəki radikal islamçılar kölənin buyruq qulu olmaq, əvəzində məqsədə çatmaq strategiyası üçün gərəksiz saydıqlarından dünya siyasətində mümkünsüz sayılan olay Azərbaycanda yaşandı: Qərbdən alınan sifarişlərlə hərəkət edib Qərb meyilli, tolerant, dünyəvi, demokrat olduğunu iddia edən AXCP, Müsavat və Milli Şura liderləri Qərbi "Dar ül Hərb", yəni "savaşılacaq məkan" elan etmiş radikal islamçılarla ittifaq qurdular.

Beləcə, Azərbaycanın müxalifət liderləri faktiki olaraq siyasi intihar yolunu tutdular, meydanlarda xitab etdikləri isanların onlara arxa çevirmələrinə səbəb oldular: çünki "narazı xalq kütləsi" kimi qələmə verilən vətəndaşlar əslində hakimiyyətin siyasətindən razı insanlardır ki, "kütləvi etirazlar"a çağırışlar edən fiqurantların primitiv marionetka teatrında tamaşaçı olmaq istəmədilər.

Mitinq naminə mitinq, aksiya üçün aksiya keçirənlərin istəklərini, bəlkə də anlamaq olardı: bir şərtlə ki, bu adamlar yetkinlik yaşına yeni çatmış gənclər olaydılar, maksimalizmə qapılaydılar və ya Çe Gevaranın portretlərini daşıyaraq anarxo-sindikalist tələblər irəli sürəydilər.

Amma yox: bəhs etdiyimiz "qəhrəman"lar müxalifətin Mədain xərabələrində vurnuxan, ətrafda baş verən proseslərin mahiyyətini anlamayan və müflis olaraq mənasını tam itirmiş ritorikadan əl çəkməyənlər toplusudur.

Onlar yeniliklə, tərəqqi ilə, inkişafla mübarizədə uduzmuş retroqradlar, çıxışları absurd teatrının personajlarının mimik jestlərindən o yana getməyən kəslərdir.

Şüar naminə şüar deyən, mitinq naminə bir neçə yüz insanı ətrafına toplayaraq görüntü yaratmağa can atan siyasət zavallılarıdır bu vətəndaşlarımız.

"Referendum: nə üçün və niyə məhz indi?.." Sual ritorik deyil, çünki ölkədəki son prosesin mahiyyətini anlamağa yardım edir.

Sentyabrın 26-da Azərbaycanda Konstitusiyaya əlavələr və düzəlişlərlə bağlı referendum keçirildi. Hakimiyyət çox ciddi sınaq qarşısında idi və o, bu sınağa könüllü çıxmışdı.

Kimsə tərəfindən vadar edilmədən, təzyiqlərə boyun əymədən, bilərəkdən.

Hakimiyyət əslində Azərbaycanda xalq qarşısında öhdəlik verirdi, özünüimtahana, daha doğrusu, fəaliyyət və ideyaların, məramlarla planların testinə yönəlmişdi.

Konstitusiyaya dəyişikliklər Azərbaycanın idarəetmə sistemində köklü yenidənqurma ilə yanaşı, qanunvericilik proseslərinin və xüsusilə də parlamentin heyətinin seçilməsində yenilikləri ehtiva edirdi.

Və bu referendum xalqın iradəsinin nümayişi olmaqla yanaşı, ölkə tarixində ən önəmli mərhələnin istinad nöqtəsi, başlanğıc zamanı oldu.

Referendum həm də Azərbaycanın boşboğaz siyasi ritorikanı silah və təzyiq vasitəsi kimi anlayanların dövrünə dönüşünü birmənalı şəkildə mümkünsüz edərək ölkəni irəliyə aparacaq lokomotiv rolunu oynadı.

Hakimiyyət sınaqdan uğurla çıxdı, xalqın dəstəyini aldı və vətəndaşların etibar etdiyi, inandığı və arxasınca gedəcəyi, asan olmayacaq yolda uğrunda hər çətinliyə dözəcəyi sistem olduğunu da sübut etdi.

Azərbaycanın dövlət başçısı İlham Əliyev postneft erasında ölkənin texnoloji tərəqqisini, əsasən enerjidaşıyıcılarının satışlarından əldə edilən gəlirlərə əsaslanaraq büdcəsini formalaşdıran dövlət olmaması üçün çox geniş miqyaslı yenidənqurmaya başlayıb.

Elmi-texniki nailiyyətlərdən, iqtisadiyyatın ekstensiv yox, intensiv inkişafını ehtiva edən yeniliklərdən faydalanmanı şərtləndirən bu proses siyasəti və idarəetmə mexanizmlərini də nəzərə aldığından ölkədə İNQİLAB başlanıb.

Bəlağətli danışan, siyasi ölü olduqlarını dərk etməyən müxalifət liderlərindən fərqli olaraq İlham Əliyev Azərbaycanın ən böyük, realist və praqmat inqilabçısıdır.

Onun hakimiyyətdəki ilk günündən üzübəri siyasi uğurunun da əsas şərti universal idarəetmə sistemlərindən yararlanmayaraq Azərbaycanın müstəqil, səbatlı hakimiyyət strukturunu formalaşdırması, xarici siyasətdə real və dayanıqlı suverenliyə, daxili siyasətdə isə mərhələli, təkamülə əsaslanan inkişafa üstünlük verməsidir.

Azərbaycan həm də inkişaf etmiş ölkələrin dövlət insititutlarının uğur modelindən yararlandığı üçün siyasətin fərdiləşdirilməsi mərəzinə tutulmayıb - əksinə, fərdlər siyasətin aparıcı qüvvəsinə çevrilib və yetərincə effektiv çalışan bu sistem birmənalı olaraq İlham Əliyevin fəaliyyətinin nəticəsidir.

Çünki istisnasız olaraq bütün mütərəqqi, güclü dövlətlərin uğur sirri inkişafı təmin edən və bunun üçün köhnə sistemin yeniləşdirilməsindən, özünü doğrultmayan mexanizmlərin qətiyyətli dekonstruksiyasından çəkinməyən şəxsiyyətlərlə bağlıdır.

İlham Əliyev də Azərbaycanı geosiyasi girdabdan xilas edən, ölkənin müstəqilliyini qoruyaraq inkişafını təmin edən Heydər Əliyevin taleyüklü islahatlarını davam etdirir. Bununla yanaşı, o, postsovet məkanının ən novator prezidenti kimi Avropa ilə Asiyanın qovşağında yerləşən Azərbaycanı mental dəyərlərini hifz etməklə inkişaf etmiş dövlətlərin sırasına qatılmaq üçün gərəkli yolu bütün ekspertlərin ehtimallarını alt-üst edən sürətlə qət edən ölkə halına gətirib.

Radikallığa qapılan və gerçəklik hissini itirib qeyri-adekvatlığa qapılan müxalifətçilərin "Azərbaycanda neomonarxiyadır!" tipli absurd, çılğın çıxışlarının marazmı da odur ki, onlar ölkəmizdə əslində sosial və iqtisadi inqilabı təkamül formatına salmağa müvəffəq olaraq postsovet məkanı ölkələrinin uğursuz təcrübələrini təkrarlamayan hakimiyyətin insan amilinə üstünlük verən, peşəkarları ön plana çəkən doktrinasını anlamır, anlamağı bacarmırlar.

Yeni zaman və yeni situasiyaya uyğunlaşmağın qaçılmaz olduğu bir dövrdə Azərbaycanda hakimiyyət iqtisadiyyatı tələbatın tam təminatı istiqamətinə yönəldib.

Avropa Birliyi və ABŞ-ın indiyədək yalnız vədlər verərək proseslərdə real iştirakdan həmişə kənarda durmasını postsovet ölkələri gec də olsa, başa düşüblər. Məhz bu səbəbdən Azərbaycanda ümumdaxili məhsulda sənaye sektorunun payı ilə yanaşı, kənd təsərrüfatının payını da artırmağı nəzərdə tutan dəyişikliklər dövrü başlanıb.

İlham Əliyev yeni, sosial inqilaba başlayıb və xalqdan tam dəstək alıb, çünki Azərbaycandakı hakimiyyət üçün ölkənin başlıca ehtiyatı, resursu və dəyəri insandır.

O insan ki, iqtisadiyyatın və sosial münasibətlərin yeni, əvvəlki strukturlaşdırılmış formatından çıxarılaraq inkişafa yönləndirilməsini qəbul edir, iqtidarın bünövrəsi olur və ictimai şüurun tərəqqiyə köklənməsinə rəvac verir.

Sentyabrın 26-da keçirilmiş referendum da məhz bu səbəbdən Azərbaycanda konstitusional dəyişikliklər yolunda ilk addım oldu.

Xalq üçün çalışan dövlət başçısı xalqdan yararlanmağa çalışan parazitləri bir daha məğlub etdi və hüququn əslində xalq olduğunu bir daha sübut etdi.

Azərbaycan inkişafın yeni mərhələsindədir.

Əsas da budur.

... Vitautas Landsberqisə gəldikdə isə, o, vətəni Litvada uğursuz, ambisiyalarının qurbanı olan siyasətçi sayılır. Litvalılar musiqiçinin, professorun, "hərşeyşünas"ın siyasətlə məşğul olmasının yolverilməzliyini bilirlər.

Azərbaycanda da bu anlayışın bərqərar olacağı vaxta çox qalmayıb...

Elçin Alıoğlu
Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.