Siyasət

Prezident İlham Əliyev bir sıra görüşlər keçirib - YENİLƏNİB - FOTO

28 Sentyabr 2016 14:56
Baxış: 1 117

14:56

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 28-də Afrika İttifaqının siyasi məsələlər üzrə komissarı Aişə Abdullahini qəbul edib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Azərbaycanın Afrika İttifaqı ilə əməkdaşlığa böyük önəm verdiyini vurğulayan dövlətimizin başçısı ilk dəfədir Afrika İttifaqından olan nümayəndələrin Bakı Beynəlxalq Humanitar Forumunda iştirak etməsini əməkdaşlığımızın yaxşı göstəricisi kimi dəyələndirdi. Afrika İttifaqının siyasi məsələlər üzrə komissarı Aişə Abdullahinin Azərbaycana ilk səfərinin əhəmiyyətinə toxunan Prezident İlham Əliyev səfərin, həmçinin, ölkəmizlə yaxından tanış olmaq üçün yaxşı fürsət yaratdığını vurğuladı.

Afrika İttifaqının siyasi məsələlər üzrə komissarı Aişə Abdullahi Azərbaycanla əməkdaşlıq əlaqələrinə toxunaraq, təmsil etdiyi qurumun bu əlaqələrə xüsusi önəm verdiyini vurğuladı. Azərbaycana ilk səfərindən məmnunluğunu ifadə edən qonaq Bakının çox gözəl şəhər olduğunu söylədi. Səfərindən öncə ölkəmizin tarixi ilə maraqlandığını deyən Aişə Abdullahi müstəqillik əldə etdikdən sonra Azərbaycanın bütün sahələrdə, o cümlədən, davamlı inkişaf, düzgün idarəçilik, sülhün təmin olunması kimi məsələlər baxımından müasir və nümunəvi bir ölkəyə çevrildiyini qeyd etdi. Aişə Abdullahi bu sahələrdə də Afrika İttifaqı ilə qarşılıqlı əməkdaşlığın faydalı ola biləcəyini vurğuladı.

----------

14:54

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 28-də Uruqvay Respublikası parlamentinin Nümayəndələr Palatasının sədri Xerardo Amarilyanın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, dövlətimizin başçısı V Bakı Beynəlxalq Humanitar Forumunda Uruqvay Respublikasının yüksək səviyyədə təmsil olunmasının önəmini vurğuladı. Prezident İlham Əliyev Forumda müzakirə ediləcək məsələlərin bütün ölkələr üçün əhəmiyyətli olacağını qeyd etdi. Dövlətimizin başçısı Azərbaycanda millətlər və dinlər arası dialoqun inkişaf etdirilməsi üçün çox böyük işlərin görüldüyünü dedi. Ölkələrimiz arasında ikitərəfli əlaqələrə toxunan Prezident İlham Əliyev münasibətlərimizin genişləndirilməsində müxtəlif səviyyəli qarşılıqlı səfərlərin əhəmiyyətini vurğuladı. Azərbaycan ilə Uruqvayın o qədər də yaxın olmayan bölgələrdə yerləşməsinə baxmayaraq əməkdaşlığımızın inkişaf etdirilməsi üçün yaxşı imkanların olduğunu bildirdi. Dövlətimizin başçısı, eyni zamanda, səfərin Uruqvay nümayəndə heyətinin ölkəmizlə yaxından tanış olması üçün də yaxşı fürsət yaradacağına əminliyini söylədi.

Uruqvay Respublikası parlamentinin Nümayəndələr Palatasının sədri Xerardo Amarilya Uruqvay Prezidenti Tabare Vaskesin salamlarını dövlətimizin başçısına çatdırdı. O, V Bakı Beynəlxalq Humanitar Forumunun yüksək səviyyədə təşkilinin əhəmiyyətini vurğuladı. Xerardo Amarilya ölkəsinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququn normaları çərçivəsində sülh yolu ilə həllini dəstəklədiyini dedi. Uruqvaylı qonaq ölkəsinin növbəti aylarda BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü kimi fəaliyyətə başlayacağını da diqqətə çatdırdı.

Dövlətimizin başçısı Uruqvay Respublikasının Prezidenti Tabare Vaskesin salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Uruqvay dövlətinin başçısına çatdırmağı xahiş etdi.

Sonda xatirə şəkli çəkdirildi.

----------

12:57

AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 28-də Çili Respublikası Senatında Azərbaycan ilə dostluq qrupunun sədri İvan Barros Moreyranı qəbul edib.

Dövlətimizin başçısı Çili Respublikası Senatında Azərbaycanla dostluq qrupunun sədri İvan Barros Moreyranı Azərbaycana səfərinin uğurlu olacağına və ölkələrimiz arasında dostluq münasibətlərinin möhkəmləndirilməsi işinə xidmət edəcəyinə ümidvar olduğunu bildirdi. Azərbaycanla Çili arasında əlaqələrin o qədər də fəal olmadığını deyən Pezident İlham Əliyev münasibətlərimizin inkişafında qarşılıqlı səfərlərin əhəmiyyətini vurğulayaraq xalqlarımızın bir-birlərini tanımalarının vacibliyini qeyd etdi. Dövlətimizin başçısı bunun həm də iqtisadi və digər sahələrdə də əməkdaşlığın fəallaşdırılması işinə yaxşı imkan yaradacağını dedi. V Bakı Beynəlxalq Humanitar Forumuna dünyada çox böyük marağın olduğunu deyən Prezident İlham Əliyev Çili Respublikasının Senatında Azərbaycanla dostluq qrupunu sədri İvan Barros Moreyranın Forumda iştirakının önəmini qeyd etdi.

Çili Respublikasının Senatında Azərbaycanla dostluq qrupunun sədri İvan Barros Moreyra ölkəsinin Xarici İşlər nazirinin Azərbaycanın son illər beynəlxalq aləmdə nüfuzunun və hörmətinin artması və eləcə də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə onlara məlumat verdiyini dedi və Çilinin münaqişənin həllində Azərbaycanın ədalətli mövqeyini dəstəklədiyini vurğuladı. İvan Barros Moreyra ölkəsinin xarici işlər naziri ilə həmçinin Azərbaycanın iqtisadi imkanları ilə bağlı söhbətlər apardığını da vurğuladı.

-----------

11:39

AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 28-də ABŞ-dakı Simon Vizental Mərkəzinin rəhbərinin müavini, ravvin Abraham Kuperi qəbul edib.

AZƏRTAC xəbər verir ki, Simon Vizental Mərkəzi rəhbərinin müavini, ravvin Abraham Kuper Azərbaycana bir neçə dəfə səfər etdiyini, hər dəfə ölkəmizdə dini dözümlülüyün şahidi olduğunu məmnunluqla qeyd etdi. O bildirdi ki, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan bu siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycanın dini tolerantlıq baxımından dünyada nümunəvi ölkə olduğunu vurğulayan Ravvin Abraham Kuper ölkəmizdə V Bakı Beynəlxalq Humanitar Forumu çərçivəsində UNESKO və Simon Vizental Mərkəzinin birgə sərgisinin təşkilinə verdiyi dəstəyə görə dövlətimizin başçısına minnətdarlığını ifadə etdi.

Prezident İlham Əliyev sərginin əhəmiyyətini vurğulayaraq, dünya mediasında əsasən mənfi halların yer aldığı bir zamanda, dini tolerantlıq, multikulturalizm kimi müsbət dəyərləri diqqət mərkəzinə gətirməyin vacibliyini qeyd etdi. Dövlətimizin başçısı dünyada müharibə və münaqişələrin, etnik və dini gərginliklərin getdikcə artdığı bir dövrdə ölkəmizin əmin-amanlıq şəraitində uğurla inkişaf etdiyini bildirdi. Prezident İlham Əliyev 2016-cı ilin Azərbaycanda multikulturalizm ili elan olunduğunu qeyd edərək bunun dövlət siyasəti olmasının əhəmiyyətini vurğuladı. Dövlətimizin başçısı Azərbaycanda multikulturalizm siyasətinin sosial sifarişə əsaslandığını vurğuladı.

Prezident İlham Əliyev ölkəmizdə mədəniyyətlərarası sülh və dostluğun mövcud olduğunu məmnunluqla qeyd edərək müxtəlif dinlərin və xalqların nümayəndələrinin əmin-amanlıq şəraitində yaşadığını dedi.

Görüşdə V Bakı Beynəlxalq Humanitar Forumunun beynəlxalq əməkdaşlığa verdiyi töhfənin önəmi qeyd olundu.

-----------

10:49

AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 28-də Tacikistan Respublikası Ali Məclisinin nümayəndələr palatasının sədri Şukurcon Zuxurovun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Dövlətimizin başçısı Tacikistan Respublikası Ali Məclisinin nümayəndələr palatasının sədri Şukurcon Zuxurovun böyük nümayəndə heyəti ilə ölkəmizə səfərinin uğurlu olacağına və uzun illər davam edən əlaqələrimizin gələcəkdə də davam etdiriləcəyinə ümidvar olduğunu bildirdi. Prezident İlham Əliyev bu yaxınlarda Bişkekdə Tacikistan prezidenti Emoməli Rəhmonla görüşünü və bir sıra məsələlərlə bağlı fikir mübadiləsi apardıqlarını məmnunluqla xatırladı. Azərbaycanla Tacikistan arasında ikitərəfli əlaqələrin çox yaxşı dostluq və qardaşlıq münasibətlərinə əsaslandığını bildirən dövlətimizin başçısı ölkələrimizin bütün məsələlərdə bir-birinə dəstək verdiklərini vurğuladı. Azərbaycanla Tacikistanın uğurla əməkdaşlıq etdiyini deyən Prezident İlham Əliyev əlaqələrimizin möhkəmləndirilməsində yüksək səviyyəli qarşılıqlı səfərlərin önəmini qeyd etdi. İkitərəfli münasibətlərimizin müxtəlif istiqamətlərdə, o cümlədən parlamentlərarası əlaqələr sahəsində də inkişaf etdiyini vurğulayan dövlətimizin başçısı qarşılıqlı səfərlərin əhəmiyyətini qeyd etdi.

Tacikistan Respublikası Ali Məclisinin nümayəndələr palatasının sədri Şukurcon Zuxurov Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmonun salamlarını dövlətimizin başçısına çatdırdı. O, ümumi tarixi və mənəvi dəyərlərə əsaslanan Tacikistan-Azərbaycan ikitərəfli əlaqələrinin, əsrlər boyu dostluq və qardaşlıq telləri ilə bir-birinə bağlı olan xalqlarımız arasında münasibətlərin möhkəmləndirilməsi işinə verdiyi töhfəyə görə şəxsən Prezident İlham Əliyevə minnətdarlığını bildirdi. Azərbaycana həm də rəsmi səfərə gəldiyini vurğulayan Şukurcon Zuxurov Azərbaycan Prezidentinin şəxsi təşəbbüsü ilə reallaşan V Bakı Beynəlxalq Humanitar Forumunda iştirakından məmnunluğunu ifadə etdi.

Görüşdə ölkələrimiz arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə, o cümlədən iqtisadi sahədə daha da genişləndirilməsi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

Dövlətimizin başçısı Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmonun salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Tacikistanın dövlət başçısına çatdırmağı xahiş etdi.

---------

10:04

AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 28-də Bolqarıstanın vitse-prezidenti Marqarita Popovanı qəbul edib.

Azərbaycan-Bolqarıstan ikitərəfli əlaqələrinin uğurla inkişaf etdiyini deyən dövlətimizin başçısı ölkələrimiz arasında əməkdaşlığın dostluq münasibətlərinə əsaslandığını bildirdi. Bolqarıstanın vitse-prezidenti Marqarita Popovanın ölkəmizə səfərinin ikitərəfli əlaqələrimizin müzakirəsi üçün yaxşı imkan yaratdığını qeyd edən Prezident İlham Əliyev qonağın V Bakı Beynəlxalq Humanitar Forumunun işində iştirakının önəmini vurğuladı. İki ölkə arasında humanitar sahədə əməkdaşlığın da uğurla inkişaf etdiyini deyən dövlətimizin başçısı bu yaxınlarda Bolqarıstanın Veliko Tırnovo şəhərində Heydər Əliyev Fondunun dəstəyi ilə mühüm bir tədbirin keçirildiyini qeyd edərək Bolqarıstan hökuməti, Baş naziri və digər rəsmi şəxslər tərəfindən göstərilən yüksək qonaqpərvərliyə görə minnətdarlığını bildirdi. Prezident İlham Əliyev bu tədbirin ölkələrimiz arasında mövcud olan sıx əlaqələrin göstəricisi olduğunu və yaxın tərəfdaşlığı davam etdirmək niyyətini nümayiş etdirdiyini vurğuladı.

Bolqarıstanın vitse-prezidenti Marqarita Popova Prezident İlham Əliyevin rəhbərliyi və Azərbaycan hökumətinin təşkilatçılığı ilə keçirilən V Bakı Beynəlxalq Humanitar Forumuna dəvətə görə minnətdarlığını ifadə edərək səfərinin uğurlu keçəcəyinə ümidvar olduğunu bildirdi. Qonaq indiki dövrdə beynəlxalq aləmdə mövcud olan gərginlik fonunda Azərbaycanda belə bir tədbirin keçirilməsinin əhəmiyyətini qeyd etdi. Ölkəmizin artıq bir neçə ildir ki, təşkil etdiyi Ümumdünya Mədəniyyətlərarası Forum, Humanitar Forum kimi beynəlxalq tədbirlərin böyük önəm daşıdığını deyən Bolqarıstanın vitse-prezidenti bu tədbirlərin getdikcə daha çox siyasi əhəmiyyət qazandığını vurğuladı.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.