Siyasət

Yalnız bu halda müharibə bitəcək...

28 Sentyabr 2016 07:44
Baxış: 2 947

"Suriya da yaxşı bilir ki, Türkiyə onun ərazi bütövlüyünü həmişə tanıyıb, indi də elədir və heç bir torpaq iddiası yoxdur. Düzdür, Türkiyəyə nota verilmişdi, amma hər halda Suriya hökumətinin də xoşuna gəlmir ki, kürdlər ərəbləri və digər millətlərin nümayəndələrini ərazİdən sürgün edirdilər. Belə vəziyyətdə Türkiyənin hərbi əməliyyatlar aparması Suriyadakı proseslərə əngəl olmayacaq. Suriya artıq Bəşər Əsəd hakimiyyətinə tabe olmayan bölgələrə bölünüb. Bu proseslə Türkiyə həm öz maraqlarını qoruyur, həm də ayrılmış bölgələr arasında uzlaşma prosesinə töhfə verir. Məncə, Türkiyə bu addımını digər qüvvələrlə hərtərəfli razılaşdırmışdı. Çox güman ki, Suriyadakı gələcək siyasi proseslərdə də Türkiyənin maraqları nəzərə alınacaq".

Bunu Milli.Az-a açıqlamasında "Baku Network" ekspert qrupunun rəhbəri, təhlükəsizlik və beynəlxalq məsələlər üzrə ekspert Elxan Ələsgərov deyib.

Ekspertin fikrincə, Türkiyənin Suriyanın şimalına, Cerablusa girməsinin əsas səbəbi terrorizmlə mübarizə idi: "Hazırda Türkiyəyə iki terror təhdidi var: İŞİD və PKK. Türkiyə üçün hər ikisinə münasibətdə sərhəddə vəziyyət getdikcə gərginləşirdi. Ona görə də bu işə qarışmağa məcbur oldu. Türkiyə ilə sərhədyanı zona bir tərəfdən kürd dövləti yaratmaq məqsədilə etnik təmizləmələr aparan kürd terror təşkilatları tərəfindən zəbt edilmişdi. Kürdlər ərəbləri və türkmənləri köçürməklə orada ayrıca dövlət qurmağa çalışırlar. Digər tərəfdəki ərazilər isə İŞİD-ə daxil olan terror qrupları tərəfindən zəbt olunmuşdu. Ona görə də Türkiyə Cerablusa girərək bölgədə hərbi əməliyyatlara başlamaq məcburiyyətində qaldı. Türkiyə çoxmənalı münasibətlərin gərginləşməsi nəticəsində Suriya, İran, Rusiya və ABŞ-la çəkişmələrdən sonra indi müəyən razılıq əldə edib və həmin bölgəni nəzarəti altında saxlayır".

E.Ələsgərov ehtimal edir ki, hadisələrin gedişatında Suriyada türkmən muxtariyyəti də yaradılsın: "Çünki türkmənlər Suriyada sayca üçüncü etnik qrupdur, tarixən də orada yaşayıblar, Suriyada İŞİD-ə qarşı mübarizədə də iştirak ediblər. Fikrimcə, gələcəkdə o bölgədə Suriyada federativ dövlət və ya muxtariyyətlər yaradılsa, türkmənlərin də haqqı var ki, özlərinə muxtariyyət tələb etsinlər. Fikrimcə, Türkiyə də bu məsələdə müəyyən rol oynaya bilər. Düzdür, bu barədə hər hansı bəyanat səslənməyib, amma Türkiyə türkmənlərlə çox yaxın və yaxşı münasibətdədir. Lakin vahid Suriya tərkibində müxtəlif avtonomiyalar sırasında türkmənlərin də muxtariyyət yaradacağını ehtimal edirəm. Əks halda, Suriya parçalanmış vəziyyətdə qalsa, bu müharibə bitməyəcək".

Qeyd: Analoji mövzularla bağlı geniş məlumatları aşağıdakı resurslardan da əldə etmək mümkündür:

http://bakunetwork.com

Bizi Facebook-dan, Twitter-dən və Youtube-dan izləyin.

İlkin İzzət
Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.