Siyasət

"Ümid edirəm ki, bu yanlışlıq son hesabatdan silinəcək"

27 Sentyabr 2016 17:21
Baxış: 718

Ümid edirəm ki, AŞPA qiymətləndirmə missiyasının referendumla bağlı bəyanatında gedən yanlışlıq oktyabrın 10-da AŞPA bürosuna təqdim ediləcək son hesabatdan silinəcək.

Milli.Az bildirir ki, bu sözləri APA-ya açıqlamasında AŞPA Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçisi, referendumla bağlı qiymətləndirmə missiyasının üzvü Sezar Preda Florin (Rumıniya) deyib.
 
Onun sözlərinə görə, qiymətləndirmə missiyasının referendumla bağlı bəyanatı çox normal sənəddir: "Bəyanat vəziyyəti olduğu kimi göstərib. Lakin bəyanatda bir məsələ var ki, o, məni narahat edir. Bunu qeyd etməliyəm. Məni narahat edən məqamı təkzib edən məlumatı isə bəyanatı yazdıqdan sonra əldə etmişik. Bu da referendumla bağlı aksiya zamanı saxlanılmış bəzi fəallarla bağlıdır. Biz bəyanatımızda qeyd etmişik ki, onlardan bəziləri azad olunub. Lakin bu, köhnə məlumatdır. Daha sonra Ədliyyə Nazirliyindən bizə məlumat daxil oldu ki, onların hamısı azad edilib. Biz bunu düzəltməyə vaxt tapa bilməmişik. Bu, texniki səhv olub. Ona görə də bəyanatda "fəalların bəziləri azad olunub" ifadəsi qalıb. AŞPA-nın Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçisi kimi mən bu müsbət addımı növbəti faktaraşdırıcı missiya hesabatında qeyd edəcəyəm. Lakin bundan öncə ümid edirəm ki, bu yanlışlıq oktyabrın 10-da AŞPA bürosuna təqdim ediləcək son hesabatdan silinəcək".
 
Həmməruzəçi bildirib ki, missiyanın əsas məqsədi burada yalnız referendumla bağlı müşahidə aparmaqdır: "Burada bizim çox vacib görüşlərimiz oldu. QHT, mətbuat nümayəndələri, müxalifət üzvləri, eyni zamanda ölkə rəhbərliyi, parlament üzvləri və MSK sədri ilə görüşlər keçirdik. Düşünürəm ki, referendum çox gözəl təşkil olunub. Öz adımdan danışıram, bu barədə həmkarlarımla da müzakirələr aparmışam. Hesab edirəm ki, referendumla bağlı həm Bakıda, həm də rayonlarda kifayət qədər məlumat olub. Səs verənlər nəyə və niyə səs verdiklərini biliblər və onlara referendumdan əvvəl müəyyən müddət ərzində nəyə səs vermələri ilə bağlı kifayət qədər məlumat verilib. Bunu mənim müşahidələrim göstərir, bir neçə nəfərdən bu barədə soruşmuşam və onlar bunu təsdiqləyiblər. Bura nöqsan axtarmağa gəlməmişik, çünki nöqsanlar bütün ölkələrdə var. 14 seçki məntəqəsində olmuşam. Digər üzvlər də başqa yerlərdə olublar. Bu barədə bəyanatımızda qeyd etmişik".

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.