Siyasət

Gəncədə seçici aktivliyi müşahidə olunur - FOTO

26 Sentyabr 2016 13:31
Baxış: 3 903

Respublikanın hər yerində olduğu kimi, Gəncədə də bütün seçki məntəqələri saat 8-də öz qapılarını seçicilərin üzünə açıb.

ARB Kəpəz xəbər verir ki, elə ilk saatlardan məntəqələrdə səsverənlərin aktivliyi müşahidə olunub. Seçki məntəqələrində çəkiliş aparan həmkarlarımız da, iş başında olmalarına baxmayarq, fürsətdən istifadə edib, səs veriblər.

Saat 8-dir. Qutular möhürlənir və səsvermə prosesinə start verilir.

Səhərin erkən saatlarından etibarən referenduma çıxarılan Konstitusiyaya əlavə və dəyişikliklərə öz mövqeyini bildirmək üçün səsverənlərin aktivliyi müşahidə olunur. Gəncədə 4 dairə üzrə 107 məntəqə var. Bu məntəqələrdə ümumilikdə 146 720 seçici qeydiyyatdadır ki, onlardan da 753 nəfəri ilk dəfədir öz səsvermə hüququndan istifadə edir. Gəncədə 2 saylı istintaq təcridxanası və hərbi hissələrdə isə əlavə 5 qapalı səsvermə məntəqəsi də yaradılıb və burada da daha 4142 nəfər səs verəcək. Gəncədə səsvermə prosesini 1496 yerli müşahidəçi izləyir və xarici müşahidəçilərin də səsvermə prosesini müşahidə etməsi istisna olunmur. Dairə Seçki Komissiyalarından verilən məlumata görə, 22 məntəqədə "exit-poll" keçirilir.

Əli Quliyev - müşahidəçi: "Səsvermə ilə əlaqədar yaxşı axın var. Hər kəs gəlib öz ürəyində olan fikrini sərbəst şəkildə qeyd edir".

Vüsalə Hüseynova - müşahidəçi: "Bu prosesdə heç bir neqativ hal müşahidə etmirik. İnsanlar gəlib sərbəst şəkildə səs verirlər".

Qeyd edək ki, 37, 38, 39 və 40 saylı seçki dairələrinin 44 məntəqəsində əlil arabaları ilə hərəkət edənlərin binaya daxil olmaları üçün xüsusi panduslar quraşdırılıb. Səsvermə prosesini canlı izləmək üçün 41 məntəqədə veb-kameralar aktivdir və gün ərzində internet, rabitə və elektrik təminatında problem yaşanmasın deyə qabaqlayıcı tədbirlər görülüb.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.