Siyasət

Erməni-rus təhlükəsinə qarşı Bakının “Sehrli çubuq”u

26 Sentyabr 2016 09:48
Baxış: 2 349

Qarabağ danışıqları növbəti dəfə dalana girmək üzrədir - özü də bu dalan yenə işğalçı Ermənistan və onun əsas havadarı Rusiya sayəsində qaçılmaz olub. İrəvandakı 21 sentyabr hərbi paradı və paradda Rusiyanın bağışladığı deyilən (hələ ki rəsmi Moskva təkzib etməyib)"İsgəndər" raket komplekslərinin nümayişi, eyni gündə işğal altındakı Ağdamda erməni silahlı qüvvələrinin təlimlərə başlaması bu qənaəti xeyli möhkəmlədib.

Bu isə o deməkdir ki, prezidentlərin növbəti birbaşa görüşü ya baş tutmayacaq, ya da baş tutsa belə, erməni tərəfinin öz köhnə iddialarına köklənməsi fonunda simvolik xarakter daşıyacaq. Yəni aprel döyüşlərindən sonra nizamlama prosesində gözlənilən nəticə yenə olmayacaq. Adekvat şəkildə müharibə riski böyüyəcək təbii ki. Siyasi təhlilçilərin bu yöndə narahatlıq və xəbərdarlıqları artmaqdadır.

***

"Görünür, gözlənilən payız danışıqları ya baş tutmayacaq, ya da baş tutsa da, heç bir nəticə verməyəcək. Ona görə ki, ermənilər tamamilə başqa istiqamətə köklənib. Onlar elə düşünür ki, guya 2-5 aprel müharibəsində itirdikləri əraziləri geri qaytara bilərlər". Qarabağ danışıqları ətrafında son durumu şərh edən politoloq Qabil Hüseynli bu fikirdədir (Ölkə.az). 

"Rusiya Azərbaycana silah satmaq istəyir və bundan da çox böyük gəlir götürür. Hazırda Rusiyadan silah alan ölkələrin sayı çox azalıb. Onların içərisində Azərbaycan ön sırada gəlir. Rusiyaya pul lazımdır. Bu pulu da əldə etmək üçün ən gözəl mənbə hərbi sənaye kompleksidir ki, silahlar münaqişə olan ölkələrə satılsın", - deyə politoloq Moskva üçün ölkəmizin hərbi-texniki önəmindən danışarkən qeyd edib.

Lakin onun sözlərinə görə, Azərbaycan bu dəfə fərqli davranacaq: "Azərbaycan texniki parametrlərinə görə, yeni texnologiyalara dayanan silahlar almağa üstünlük verir. Bakı bundan sonra Rusiya silahlarından daha üstün silahlar əldə etməyə çalışacaq. Bu istiqamətdə İsraillə əməkdaşlıq çox sərfəlidir. Sabah Bakıda silah sərgisi keçiriləcək. Həmin sərgidə İsrail yeni və texnoloji üstünlüklərə malik, dünyada analoqu olmayan silahlarla təmsil olunacaq. Eyni zamanda İsraillə danışıqlar gedir ki, Azərbaycan həmin silahları almaqla yanaşı, o silahların ölkəmizdə istehsalını da təmin edəcək. Hazırda Azərbaycanda İsraillə müştərək bir sıra müasir silahların istehsalı davam edir. Həmin silahlar Ermənistanda yoxdur".

Milli.Az musavat-a istinadən bildirir ki, ekspert Azərbaycan İsraildən əlavə, Pakistanla da hərbi əməkdaşlığa maraqlı olmasına diqqət çəkib: "Pakistan Azərbaycana müasir tipli, Çinlə birgə istehsal edilmiş qırıcı təyyarələr göndərməyə hazır olduğunu bildirib. Həmin təyyarələr bir sıra texniki üstünlükləri ilə yanaşı, qiymət baxımından da rus təyyarələrindən ucuzdur. Bizim başqa çıxış yolumuz yoxdur, ordu sürətlə yeni silahlarla təmin edilməli, təlimlərə ara verməməlidir. Müdafiə Nazirliyində keçirilən son müşavirədə Ermənistanın bütün hərbi obyektlərinin müşahidə altına götürülməsi və onların məhv edilməsi üçün indidən tədbirlər görülməsi haqqında göstəriş verilib. Azərbaycanın buna imkanı var".Q.Hüseynli də belə vəziyyətdə yeni müharibə ehtimalı kifayət qədər real sayır. "Bunun da əsas səbəbkarı Rusiya və onun regiondakı əlaltısı Ermənistandır. Danışıqlar prosesinə söz verən Rusiya ümumiyyətlə, son vaxtlar bu danışıqların keçirilməsi barədə fikir də səsləndirmir, yaxasını hər şeydən kənara çəkərək əl altdan, xəyanətkarcasına təyyarə ilə göndərə bilmədiyi raketləri quru yolla, bizim də çox kömək etdiyimiz Gürcüstanın ərazisindən Ermənistana ötürür. Ermənistana gedən silah-sursatın böyük hissəsi Gürcüstan quru yolu ilə göndərilir. Gürcüstan tərəfi isə Rusiya tərəfindən Ermənistanın militarisləşdirilməsinə, silahla təmin edilməsinə maneçilik törətmir. Halbuki Gürcüstanın torpaqları Rusiyanın işğalı altındadır" - sonda politoloq əlavə edib.

***
Beləcə, Rusiyanın "hərbi balans" bəhanəsi ilə öz forpostunu silahlandırmaqda davam eləməsi, o sırada "İsgəndər"lə bağlı yaşanan qalmaqal, nəticə etibarilə kövrək sülh danışıqlarının pozulması həqiqətən də ölkəmizi öz hərbi taktikasını gücləndirmək, bütövlükdə özünün Qarabağ strategiyasına düzəliş etmək zorunda qoyur. Çünki işğala məruz qalan tərəf kimi Azərbaycan heç vaxt təcavüzkarın nəinki hərbi cəhətdən ondan üstün olmasına, hətta paritet yaratmasına belə razı ola bilməz.

Bu yöndə isə Bakının köməyinə gerçəkdən də ən əvvəl özünün ən müasir və modern hərbi texnologiyaları ilə İsrail gələ bilər. Aprel döyüşləri də göstərdi ki, həmin texnologiyalar hətta Rusiyanın özündə yoxdur və istehsalı gözlənilmir. Bu istiqamətdə Azərbaycanla İsrail arasında əlaqələr yüksələn xətlə inkişaf edir və yəqin ki, yaxın perspektivdə, vurğulandığı kimi, növbəti sanballı anlaşmaların şahidi olacağıq. 

Rusiyanın "İsgəndər" riyakarlığı sözsüz ki, bu prosesi sürətləndirəcək. Bu kontekstdə İsrailin baş naziri Benyamin Netanyahunun qarşıdakı Bakı səfəri ikiqat önəm kəsb edir. Hətta istisna deyil ki, Bakı-Təl-Əviv yaxınlaşması fonunda İsraildə Azərbaycan səfirliyinin açılması məsələsi də nəhayət, öz müsbət həllini tapsın. İlin sonunadək bu hadisə də baş versə, gərək təəccüblü olmasın.  

Bu hadisə Azərbaycana münasibətdə vaxtaşırı qeyri-dost münasibəti sərgiləyən Rusiya və İranla yanaşı, işğalçı Ermənistan üçün əlavə çəkindirici faktor olacaq, qaynar başlar üçün "soyuq duş" effekti yaradacaq. Həm də o səbəbə ki, yəhudi dövləti ilə isti və yaxın münasibətlər, avtomatik şəkildə güclü beynəlxalq yəhudi lobbisinin himayəsi deməkdir.
 
***

"Azərbaycan İsrailin müasir raketdən müdafiə sistemləri (RMS) vasitəsilə öz ərazisini bütünlüklə müdafiə edə bilər". Haqqin.az xəbər verir ki, bunu İsrailin Rusiyadakı sabiq səfiri, "Avropa-Asiya" İnstitutunun rəhbəri Svi Maqen deyib. Onun sözlərinə görə, İsrailin RMS-ləri "İsgəndər" raketləri, pilotlu və pilotsuz uçan təyyarələr, hətta minomyot mərmiləri  də daxil, havadan olan ən geniş spektrli hücumları dəf etməyə hesablanıb: "Hərbi əməkdaşlıq çərçivəsində Azərbaycan öz müdafiəsini "Sehrli çubuq" müasir İsrail sistemləri hesabına təmin edə bilər. Bu sistem ən uzaq məsafə və yüksəkliklərdə belə ballistik raketləri müəyyən edib məhv etmək qabiliyyətinə malikdir". 

Bu yerdə xatırladaq ki, az öncə Bakı və Təl-Əviv arasında İsrailin modern "Dəmir gümbəz" raket əleyhinə sistemi ilə bağlı anlaşma əldə olunduğu haqda məlumat yayılmışdı. İsrailli politoloq xəbəri təsdiqləyir və əlavə edir ki, İsrail başqa ölkələrə silah satmağa ehtiyatla yanaşsa da, Azərbaycanın durumu İsrailin vəziyyətinə yaxın olduğu üçün yanaşma fərqlidir: "Fakt budur ki, böyük olmayan bir dövlət müxtəlif xarici təhdidlərə məruz qalır. Belə vəziyyətdə Azərbaycan İsrail RMS-ləri əldə eləməklə öz təhlükəsizliyini tam təmin edə bilər. İsrail hökuməti Azərbaycanla hərbi və başqa sahələrdə əməkdaşlığı yüksək qiymətləndirir. Müasir silahlarda maraqlı olan və buna maddi imkanı olan Bakı İsrail silahının etibarlı alıcısıdır".

***

"Dəmir günbəz"in ardınca "Sehrli çubuq"... Bu, erməni-rus iş birliyi və "İsgəndər" təhlükəsinə qarşı Bakının ən güclü kontur gedişi və cavab gedişı olardı. Belədə Azərbaycanın paritet üçün Rusiyadan bahalı "İsgəndər" komplekslərini almasına da lüzum qalmayacaq.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.