Siyasət

"Nə qədər silahlansa da, Ermənistanın güclü ordusu ola bilməz"

24 Sentyabr 2016 17:53
Baxış: 2 109

"Ermənistanın nə qədər silahlandırılmasından asılı olmayaraq, Azərbaycanda ordu quruculuğu uğurla davam etdirilir. Azərbaycan ən müasir silah, texnikaları ilə Ermənistan tərəfdən gələn istənilən təhdidi dəf etmək iqtidarındadır və bu gün Milli Ordumuz dünya miqyasında güclü ordular sırasındadır".

Bu barədə Trend-ə açıqlamasında millət vəkili Məlahət İbrahimqızı deyib.

Millət vəkili bildirib ki, Ermənistana hansısa ölkənin yardım etməsi həmin ölkənin daxili işidir: "Azərbaycan heç bir dövlətin işinə qarışmır. Ermənistanın ordusu bu gün dağılmış vəziyyətdədir. Ermənistanda çağırışçı hərbi xidmətə getməyi ən ağır həbsxana cəzası kimi sayır. Orada hazırda vəziyyət çox xaotikdir. Rusiyanın onlara silah bağışlaması o demək deyil ki, erməni ordusu güclənir. Bu qətiyyən belə deyil. Ermənistanda heç vaxt güclü ordu ola bilməz. Ordunun gücü təkcə silahda, texnikada deyil. Ordunun gücü vətənpərvər, cəsarətli, qətiyyətli oğullarındadır. Ordunun gücü cəsarətli oğulların ali baş komandan ətrafında birləşməsi, səfərbər olmasındadır. Erməni anaları dəfələrlə beynəlxalq təşkilatlarda bizə müraciət ediblər ki, bizi Sarkisyan rejimindən qurtarın. Onlar deyirlər ki, övladları başqa torpaqlarda döyüşə aparılır və öldürülür. Ona görə də erməni ordusu, erməni ictimaiyyəti Sarkisyana quldur kimi baxırlar. Onlar özlərini Sarkisyanın girovu kimi hiss edirlər. Son aprel döyüşlərində də ermənilər gördülər ki, Azərbaycan əsgəri erməni təxribatının qarşısını almaqla 3 günə onları hansı vəziyyətə saldı. Onlar 3 gün Azərbaycan Ordusunun qarşısında tab gətirə bilməyib qaçdılar. Ona görə də Azərbaycan cəmiyyəti Rusiyanın Ermənistana silah bağışlamasından narahat deyil. Çünki Azərbaycan Ordusunun kifayət qədər maddi texnikası var".

M.İbrahimqızı deyir ki, Rusiyanın Ermənistanı silahlandırması doğru deyil: "Rusiya Ermənistan-Azərbaycan-Dağlıq Qarabağ probleminin həllində vasitəçi olan ATƏT-in Minsk qrupunun üzvüdür. Qrup həmsədrləri bu məsələdə tam obyektiv olmalı, problemin həllinə çalışmalıdırlar. Amma təəssüf ki, bu belə deyil. Mənim fikrimcə, ATƏT-in Minsk Qrupunun həmsədrləri bu məsələdə tərəf saxlamamalıdırlar. Rusiya, Fransa və Amerika bu məsələdə tərəf saxlayır. Fransa, Amerika və Rusiya erməni lobbisinin təsiri altında bu cür xoşagəlməz addımlar atırlar. Ümumiyyətlə, işğalçı ölkəyə silah satılmamalıdır. Bütün dövlətlər regionun təhlükəsizliyinə çalışmalıdır.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.