Siyasət

Azərbaycanda timsah rəqs edən zavallıları uddu

31 Avqust 2016 13:27
Baxış: 8 007

Hər siyasətçinin ən gərəkli, vacib xüsusiyyətlərindən biri də onun gerçəkliyi anlamaq bacarığı, adekvatlığıdır. İstini soyuq, sazağı börkü, alatoranı sübh, gündoğarı da zülmət sayan kəslər əsla lider ola bilməzlər. Belələri ən yaxşı halda onlara hələ də inanan tək-tük insanları çaşdırırlar, aldadırlar, nəyəsə ümidvar edirlər.

Özləri naümid olsalar da...

Sovetlər Birliyi dönəmində məşhur şair Korney Çukovskinin yaratdığı ən populyar obrazlardan biri "Doktor Aybolit" idi. Aybolit Afrikaya yollanıb, Limpopo çayının sahillərindəki canlıları xilas edəndə quldur Barmaley ona mane olmağa çalışmış, amma timsah Barmaleyi udmuşdu.

Heykəltaraş Romuald İdko da o vaxtkı Stalinqrad, indiki Volqoqrad şəhərinin mərkəzi meydanında bu hadisənin əks olunduğu "Əl-ələ tutub rəqs edən uşaqlar" adlı abidə kompleksi yaratmışdı.

İkinci Dünya Müharibəsi illərində alman nasistləri Stalinqradı amansız bombardmana məruz qoyanda, şəhər viran qalanda bu abidə dağılmamışdı. Fotoqraf Emmanuel Evzerixinin çəkdiyi və həmin abidənin əks olunduğu "1942-ci ilin 23 avqustu, Stalinqradda" fotosu dünyaca məşhurlaşmışdı.

Azərbaycan müxalifətinin durumu indi həmin fotodakı mənzərəni xatırladır. Ortada ambisiyalar, hikkə, eqoizm, bisavadlıq, eqosentrizmin məcmu formasında obrazı sayıla biləcək "Məğlubiyyət Timsahı", onun ətrafında da əl-ələ tutub rəqs edən müxalifət liderləri. Həmin tamah, didişmələr və yalan timsahı ölkə müxalifətinin hər hansı halda dəyərləndirilə biləcək, hətta ehtimal olunacaq perspektivlərini çoxdan udub. Özlərini "lider" sayanlar və gündə az qala bir neçə dəfə "Mən liderəm! Mən liderəm!" autotreninqi ilə məşğul olaraq "müxalifət rəhbəri" olmalarını özlərinə təlqin edənlər isə vəba zamanı zifayətdəki təki maniakal israrla "Haydı, başlayaq!" israrlarını səsləndirirlər.

Zavallı görkəmə düşdüklərini, bəhs etdikləri mövzuların çoxdan aktuallığını itirdiyini, xitab etdikləri və guya onları dəstəklədiyini düşündükləri cəmiyyətin onlara çoxdan antipatiya bəslədiyini hələ də anlamayan bu fərdlər Azərbaycan Konstitusiyasına dəyişikliklər və əlavələrlə bağlı sentyabrın 26-da keçiriləcək referendumu boykot etmək istəyirlər.
Eyni zamanda, onlar toz basmış, nimdaşlaşmış şüarlarını yenə arxivdən çıxararaq "kütləni meydanlara çağırmaq" sindromunun yeni təzahüründən həzz almağa çalışırlar.

Halonki Tibetdə bədirlənmiş ay zamanı dağın cənub yamacında rəqs edən və məhz bu rəqs sayəsində dünyanın düzənini müəyyənləşdirdiklərini düşünən lamalar təki, "müxalifət liderləri" də Azərbaycanın ictimai-siyasi fikrinə, şüurlara təsir etdikləri, edə bildiklərini xəyal edirlər.

İllüziyalara qapılanlar az deyil, lakin illüziya həyat tərzinə çevriləndə, insan xəyalındakı aləmlə real həyat arasındakı fərqi hiss etməyəndə bu, ciddi psixoloji və hətta psixiatrik problemlərə çevrilir.

Sərt olsa da, belədir: Azərbaycan müxalifətinin "pasiban"ları məşhur "Səhranın bəyaz günəşi" filmində divar dibində oturub ətrafa dalğın nəzərlərlə baxan ahılları xatırladırlar. O kadr yadınızdamı? Divar dibində bir neçə qoca, qarşılarında da keçinmiş yaşıdları. Həmin o uzanıqlı fərd, bəlkə də, Azərbaycan müxalifətidir, xəbərimiz yox...

"Uşaqlar, oynamağa gəlirsiniz?!" 

çağırışına bənzər təkliflə AXCP sədrini həmişə olduğu kimi, bu dəfə də AXCP sədri Əli Kərimli səsləndirib.
"Dostlar, mitinqlərə varmısınız? Əslində mitinq tələbi sizdən gəlmişdi. Biz də mitinq üçün sosial sifarişi nəzərə alaraq Milli Şura adından bəyan etdik ki, mitinqlər keçirəcəyik. Mitinqlərə hazırlığımız davam edir. İlk mitinqin vaxtı tezliklə elan olunacaq. Bəs siz, əziz həmvətənlər, mitinq tələbinizdən vaz keçməmisiniz ki?" - müraciətindəki minnət çalarlarını, çağırış səsləndirənin məsuliyyəti qarşı tərəfə, yəni üz tutduğu insanların üzərinə atması istəyi aşkar sezilir.

Əli Kərimlinin bu sözlərindən belə əyan olur ki, sən demə, ona indiyədək mitinqlə bağlı çoxsaylı, fasiləsiz müraciətlər olur və AXCP sədri də şəfqətinin böyüklüyündən, himmətinin genişliyindən bu insanlara "yox" deyə bilməyərək razılaşıb.
"Siz dediniz ha, mən də təklifinizi qəbul edirəm, unutmayın" xəbərdarlıq elementinin də sezildiyi bu fantasmaqorik çağırışla AXCP sədri sosial bazasından nə qədər məhrum, siyasi meydanda kiçik göründüyünün fərqindədirmi?!

Çətin, çünki iyulun 15-də Türkiyədə hərbi çevriliş cəhdini hazırlayan və rəhbərlik edən Fətullah Gülənin şaxələnmiş şəbəkəsi ilə əlaqələrini "qətiyyət"lə təkzib edən AXCP sədrinin cəhdləri nə qədər komik təsir bağışlayırdısa, son mitinq çağırışı da çoxmərtəbəli yaşayış binasının həyətində durub yuxarı mərtəbələrdəki mənzillərin eyvanlarına boylanaraq "Nə oldu, gəlmirsiniz?!" qışqıran uşağın ümidlərinin ekzaltasiya olunmuş halına bənzəyir.

AXCP sədri yalnız sosial şəbəkələrdə, "lider"lərin toplantılarındakı müzakirələrdə səslənən kəlmə yığınlarında, bir də "demokratik" müxalifətin yazışmalarında var olan Milli Şuranı da xatırladır.
Həsəd aparılası nikbinlik, anlaşılması çətin fobiyadır. Bu mərəzin biokimyəvi təhlilinə varmaq, AXCP rəhbərliyinin absurd davranışının patogenezini araşdırmaq niyyətindən çox uzağıq. Sadəcə, onu yazaq ki, Əli Kərimlinin son çağırışı onun siyasi davranışında və təşkilatına rəhbərlik sistemindəki bipolyar fəsadlardan xəbər verir ki, bunun da nə olduğunu mütəxəssislər bilirlər.

Ölkə siyasətinin "hurda"ları

Azərbaycanda özlərini "müxalifət liderləri" adlandıran şəxslər postsovet məkanında, bəlkə də, ən uzunömürlü siyasi fiqurlardır. Səthi, tələsik araşdırmalar belə, sabiq Sovetlər Birliyinin heç bir ölkəsində Azərbaycandakı təki "mastodont" müxalifət siyasətçilərinin siyasi arenada mövcudluqlarını davam etdirdiyini göstərmir.

Ukrayna, Gürcüstan və ya Moldova bir tərəfə - heç Qırğızıstan, Qazaxıstan və ya Belarusda 20-25 il əvvəlki siyasi partiya liderləri indi tərəfdarlarını mitinqlərə səsləmirlər. Nədən ki, onlar dövranlarının bitdiyini çoxdan dərk ediblər və həmin ölkələrdəki müxalifət düşərgəsində illər əvvəl yeni formasiya bərqərar olub, yeni nəsil fəaliyyətə  başlayıb.

Bizim yerli müxalifət düşərgəsində isə sanki dejavyu sindromudur: onillər əvvəl hədsiz dərəcədə çox danışan, absurd vədlər verən, vətəndaşları həmişə harayasa səsləyən insanlar indi də boğazlarını arıtlayıb nələrsə söyləyirlər.
AXCP sədri Əli Kərimli də onillərə rəğmən əsla dəyişməyib. Cüzi dəyişiklər yalnız onun müraciətlərinin məzmununda, bir də geyimindədir, vəssalam. Neobolşevik hikkəsindən saxta demokratik şüarçılığa, əyalət düşüncəsindən psevdoqərbçi söz yığınınadək geniş müstəvidə olan açıqlamaların sistemsizliyi əslində AXCP-nin özünün rəhbərlərinin ambisiyalarına qurban getmiş təşkilat olduğunu tam aydınlığı ilə göstərir.

AXCP sədri dərk etsə də, söyləmək istəmir ki, onun təklifləri ölkənin daxili siyasət meydanında osmanlı türklərinin təbirincə desək, "hurda", yəni köhnə-küləş, parçalanmış hissələr təsiri bağışlayır.

Ukraynanın sabiq prezidenti Viktor Yuşşenko tarixin arxivinə atıldığını bilir və bu səbəbdən də antikvariat bazarlarında dolaşır, köhnə mebellərin qiymətlərini öyrənir.

Di gəl, Azərbaycan siyasətinin anturajı, ən yaxşı halda dekorasiyasına çevrilmiş yerli siyasətçiləriiz çoxdan, illər əvvəl antikvariata çevrildiklərinin fərqində deyillər.
Əksinə, onlar hələ də AXCP-nin matros jeleznyaklarının hakimiyyətdə olduğu dövrü həsrətlə xatırlayır, "Ax, necə kef çəkməli əyyam idi, övladi-Vətən onda hələ xam idi" deyib köks ötürürlər.

Əli Kərimli, bəlkə də nəyəsə ümid edir, "bəlkə də qaytardılar" düşünür.
Amma qayıdan və qaytarılan bir nəsnə yox.

Bunu dərk etmək gərək artıq, çünki Azərbaycan müxalifətinin gələcəyini çoxdan udmuş tamah və yalan timsahının həzm prosesi çoxdan bitib. Qalan siyasi ölümünü qəbul etməyənlərdir nə yazıq ki...

Orxan Hun
Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.