Siyasət

Belə də İslam koalisiyası olar?!

27 Avqust 2016 13:09
Baxış: 3 918

"Terrorizmə qarşı İslam koalisiyası" bu vaxta kimi Suriyada terrorçulara qarşı hərbi əməliyyatlara başlayan Türkiyəyə heç bir dəstək verməyib və güman ki, bundan sonra da bu olmayacaq.

Bunu Milli.Az-a açıqlamasında Trend İnformasiya Agentliyinin Yaxın Şərq redaksiyasının rəhbəri, Yaxın Şərq məsələləri üzrə ekspert Rufiz Hafizoğlu bildirib. 

Onun sözlərinə görə, Yaxın Şərq bölgəsində Suriya böhranına, daha doğrusu, "İŞİD" terror qruplaşmasına qarşı mübarizə üçün bir neçə koalisiya mövcuddur. Türkiyənin də daxil olduğu ABŞ-ın rəhbərliyi altındakı Qərb koalisiyası, İran-Rusiya-İraq koalisiyasını bunlara misal gətirmək mümkündür. Bunlarla yanaşı, 2015-ci ilin sonlarında Səudiyyə Ərəbistanı da öz növbəsində "Terrorizmə qarşı İslam koalisiyası" yaradılması təklifi ilə çıxış etdi. Lakin onun məqsədi nə terrora qarşı mübarizədir, nə də onu İslam koalisiyası adlandırmaq olar:

"Həmin "koalisiya"ya üzv olan ölkələr 2016-cı ilin fevral ayında ortaq hərbi təlimlərə başladılar. Həmin hərbi təlimlərə artıq 3 gündür Suriyada "İŞİD"ə qarşı aktiv mübarizəyə başlayan Türkiyə hərbi qüvvələri də qatılmışdı. "Terrorizmə qarşı İslam koalisiyası"nın yaradılmasını sadəcə Suriya böhranının həllində deyil, ümumilikdə İslam dünyasında artmaqda olan radikallaşmanın da qarşısının ala bilən mexanizm hesab etmək olardı. Lakin təəssüf ki, Səudiyyə Ərəbistanının başçılığı ilə yaradılan bu "koalisiya" sadəcə siyasi xarakter daşıyır".  

R.Hafizoğlu hesab edir ki, Türkiyə bu koalisiyadan heç bir dəstək gözləməməlidir: "Məsələ burasındadır ki, "Terrorizmə qarşı İslam koalisiyası"nda terrordan əziyyət çəkən Suriya və İraqın özü, nə də İran və Livan yer alır. Bu da həmin təsisatın əslində tam mənada İslam koalisiyası olmadığını göstərir. Bəlli məsələdir ki, İranın iştirakı olmadan Suriya böhranının həllinə, xüsusən də İraqda stabilliyə nail olmaq mümkün olmayacaq.

Artıq heç kimə sirr deyil ki, bu  terror təşkilatlarının başlıca məqsədlərindən biri də, ilkin mərhələdə Suriya, İraq kimi ölkələrin parçalanmasına nail olmaqdır.

Bilindiyi kimi, avqustun 24-dən etibarən Türkiyə Silahlı Qüvvələri başda "İŞİD" olmaqla Suriya ərazisində region dövlətləri, o cümlədən İran üçün təhlükə olan və eyni mərkəzdən idarə edilən PYD və YPG terror qruplaşmalarına qarşı əməliyyatlara başlayıb.

Maraqlısı odur ki, Türkiyənin də üzvü olduğu "Terrorizmə qarşı İslam koalisiyası" bu vaxta kimi bu əməliyyatlarda hər hansı nə siyasi, nə də hərbi dəstək nümayiş etdirməyib. Böyük ehtimalla adıçəkilən "koalisiya" bundan sonra da Türkiyəyə hər hansı dəstək nümayiş etdirməyəcək. Bu "koalisiya" formal olduğunu göstərməklə yanaşı, həm də qurumun tam mənada islam dünyasını əhatə etmədiyini və məqsədin onları qorumaq olmadığını bir daha sübut edir".

İlkin İzzət

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.