Siyasət

Azay Quliyev Astanada nüvə tədbirində ATƏT PA adından çıxış edəcək

26 Avqust 2016 18:29
Baxış: 674

Azərbaycan Milli Məclisinin deputatları Azay Quliyev və Səməd Seyidov avqustun 27-dən 31-dək Qazaxıstanda səfərdə olacaqlar.

Trend Milli Məclisin mətbuat xidmətinə istinadən məlumatına görə, səfərdən məqsəd ölkənin paytaxtı Astana şəhərində keçiriləcək "Nüvə silahından azad dünyanın inşa edilməsi" adlı beynəlxalq konfransda iştirak etməkdir. A.Quliyev isə ATƏT PA-nın vitse-prezidenti qismində bu qurumu təmsil edəcək.

Millət vəkili, ATƏT PA-nın vitse-prezidenti A.Quliyev konfransın plenar iclasında ATƏT PA-nın adından çıxış edəcək və konfransın mövzusu ilə əlaqədar təşkilatın mövqeyini tədbir iştirakçılarının diqqətinə çatdıracaq.

Səfər çərçivəsində A.Quliyevin bir sıra ikitərəfli görüşləri, o cümlədən Qazaxıstan Senatının Sədri Kasım-Jomart Tokayev ilə görüşü nəzərdə tutulub. A.Quliyevin Qazaxıstan Senatının Sədri ilə görüşü zamanı ilk növbədə bu ölkə ilə ATƏT PA arasında mövcud münasibətlərin durumu və gələcək perspektivləri müzakirə ediləcək.

Görüş çərçivəsində, həmçinin Azərbaycanla Qazaxıstan parlamentlərarası ikitərəfli münasibətlər, o cümlədən ATƏT PA çərçivəsində Azərbaycan və Qazaxıstan nümayəndə heyətləri arasında tərəfdaşlıq, bu tərəfdaşlığın daha da gücləndirilməsi və əlaqələrin daha sıx koordinasiya edilməsi məsələləri müzakirə ediləcək.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.