Siyasət

Regionun təhlükəsizliyi: Azərbaycan rəhbərliyinin təşəbbüsləri işığında

24 Avqust 2016 17:07
Baxış: 1 851

Cənubi Qafqaz dünyanın təhlükəsizlik aspektində ən həssas məkanlarından biri olaraq qalmaqdadır. İyul ayında Rusiyanın müdafiə nazirinin burada hərbi münaqişələrin mümkünlüyü barədə danışmasından sonra bu məsələyə ekspertlər daha çox diqqət yetirməyə başlayıblar. Etiraf olunur ki, bütövlükdə regionda geosiyasi və təhlükəsizlik sahəsində vəziyyət mürəkkəbdir, kifayət qədər dayanıqlı deyil. Buraya, təbii ki, yaxın regionlarda müşahidə edilən geosiyasi silkələnmələr də təsir göstərir.

Milli.Az newtimes.az-a istinadən bildirir ki, o cümlədən Suriyadakı ağır durum və terror qruplarının geniş məkanlara nüfuz etmək cəhdləri bir sıra suallar yaradır. Bundan başqa, böyük dövlətlərin həyata keçirdiyi siyasət Cənubi Qafqaza öz təsirini göstərməkdədir. Ancaq bu da reallıqdır ki, vəziyyət, əsasən, Cənubi Qafqaz ölkələrinin özlərinin həyata keçirdiyi siyasətdən asılıdır. Qafqazın bu və ya digər ölkəsi nə cür siyasi xətt yeridir? Regionda sabitliyi təmin etmək istiqamətində konkret proqramlar həyata keçirilirmi?

Hərbi münaqişə ssenarisi: Cənubi Qafqazın həssas "nöqtələri"

Yaşadığımız regionun təhlükəsizliyi məsələsi öz aktuallığını saxlayır. Siyasətçilər bu barədə mütəmadi olaraq danışırlar. Ekspertlərin qiymətləndirmələrinə görə, bu problem son zamanlar daha da həssaslaşıb. Xüsusilə bu ilin iyul ayında Rusiyanın müdafiə naziri Sergey Şoyqunun səsləndirdiyi bir bəyanat çox düşündürücüdür. Onda S.Şoyqu demişdi: "Dünyadakı vəziyyətin inkişafının təhlili göstərir ki, yaxın perspektivdə hərbi münaqişələrin yaranması ehtimalı qalır. Suriya böhranı kimi situasiyalar istənilən ölkədə, o cümlədən Mərkəzi Asiya və Cənubi Qafqaz ölkələrində də meydana gətirilə bilər. Bu şəraitdə Rusiya potensial təhlükələrə adekvat reaksiya verməyə məcbur olacaq" (bax: Шойгу констатировал сохранение вероятности новых военных конфликтов у границ РФ / "Interfax.ru", 15 iyul 2016).

Doğrudan da, bu fikirlərdən dərhal sonra Türkiyə və Ermənistanda münaqişələr yarandı, Qazaxıstanda da bir-birinin ardınca terror hadisələri baş verdi. Türkiyə hərbi çevrilişin baş tutmasına imkan vermədi, lakin itki çox oldu. İndi də hakimiyyət həmin hadisənin nəticələrini aradan qaldırmaq üçün ciddi surətdə çalışır. Getdikcə aydın olur ki, bu hadisənin arxasında xarici qüvvələr dayanır. Yəni o, yalnız daxili faktorlarla şərtlənmir.

Ermənistan olayları da xeyli düşündürücü təsir bağışlayır. İrəvanın uzun illərdir yeritdiyi məntiqsiz və reallıqdan uzaq siyasətin nəticəsi kimi bir qrupun üsyan etməsi tamamilə gözləniləndir. Bununla yanaşı, bu aksiyanın da kənardan olan sifarişlə həyata keçirildiyi barədə fikirlər səslənir.

Gürcüstan müxalifətinin səsləndirdiyi fikirlərə görə, ölkədə kriminogen vəziyyət getdikcə ağırlaşır. Hətta gizli hərbi hissəyə əvvəllər xarici kəşfiyyata işləmiş keçmiş hərbçinin buraxılması ilə bağlı qalmaqal da qalxmışdı. Bu hadisədən sonra güc strukturlarında bir sıra vəzifəlilər istefaya göndərilib. Müdafiə naziri də öz postunu tərk edib. Onun yerinə isə təhlükəsizlik xidmətindən kadr gətirilib. Bu, hakimiyyətin güc strukturlarını daha çox nəzarət altına alması kimi qiymətləndirilir (bax: Единственный выход - "выйти" из региона / "Грузия Online", 10 avqust 2016).

Tbilisinin bu addımları təsadüfi deyil. Ölkədə mümkün iğtişaşların qarşını almaq üçün təhlükəsizlik tədbirlərini və güc strukturlarına nəzarəti yüksəltmək lazımdır. Gürcüstan siyasi dairələri Türkiyə və Ermənistanda baş verənlərdən örnək götürmək lazım gəldiyini deyirlər. Ekspertlər etiraf edirlər ki, Gürcüstan təkbaşına təhlükələrə qarşı durmaq iqtidarında deyil. O cümlədən Rusiya tərəfdən gələn təzyiqlərin qarşısını ala bilməz. Buna görə də bir sıra siyasətçilər qəribə görünən təklif edirlər. Onlar hesab edirlər ki, Gürcüstan regionu məcazi mənada "tərk edərək" təhlükəsizliyini Qərb və NATO ilə sıx əlaqələndirməli, onlardan "çətir" kimi istifadə etməlidir (bax: əvvəlki mənbəyə).

Ancaq açıq desək, bunun səmərəli bir yol olduğunu düşünmürük. Çünki birincisi, regiondan hansı mənada "çıxsan" da, coğrafi, iqtisadi, mədəni, hərbi və s. aspektlərdə burada mövcud olaraq qalacaqsan. İkincisi, təcrübə göstərir ki, Qərbə "çətir" kimi baxanlar yarıyolda qalırlar. Faktiki olaraq onların heç biri ardıcıl olaraq təhlükəsizliyini təmin edə bilmir. Təkcə Ukraynanı xatırlamaq kifayətdir. Gürcüstan heç də Ukraynanın yerləşdiyi məkandan daha az ziddiyyətli geosiyasi mühitdə yerləşmir. Tbilisinin özünümüdafiə imkanları da Kiyevdən dəfələrlə azdır.

Sabitliyin təmini: rəsmi Bakının konkret proqramları

Nəhayət, faktiki olaraq Gürcüstanın iki regionunun xarici qüvvələr tərəfindən zəbt edilməsinə Qərb mane ola bilmədi. O vaxtdan nə dəyişib ki? Əksinə, Rusiya indi daha iddialı və güclüdür. Onun qarşısını hərbi yolla çətin ki, Cənubi Qafqazda kimsə kəsə bilsin. Bu səbəblərdən Gürcüstanda bir sıra müxalif qrupların Qərbi təhlükəsizliyin təminatçısı kimi görməyə çalışması növbəti yanlışlıq olub reallığı tam görə bilməməyin əlamətidir.

Belə çıxır ki, Ermənistan və Gürcüstanda təhlükəsizliyin təmini ilə bağlı ciddi narahatlıqlar vardır. İrəvan vəziyyətdən KTMT-nin üzvü olmasını göstərərək çıxmağa çalışır. Avqustun 16-da bu təşkilatın müdafiə nazirlərinin İrəvandakı toplantısından sonra erməni hərbi dairələri müdafiənin güclənməsi aspektində müəyyən informasiyalar yayıblar.

O cümlədən Ermənistan müdafiə nazirinin müavini Rusiyadan 200 milyonluq silah alınması prosesinin 80 faiz yerinə yetirildiyi haqqında məlumat verib. Ermənistan KİV-in yazdığına görə, Rusiyanın müdafiə naziri isə bununla bağlı suala cavab verməyib (bax: Сергей Шойгу не ответил на вопрос, когда состоится поставка в Армению оружия в рамках кредита на $200 млн / "Tert.am", 16 avqust 2016).

Bunlardan başqa, Rusiya və Ermənistan hərbi rəhbərliyi Cənubi Qafqazda təhlükəsizliyin təmini məsələsini də müzakirə etdiklərini bildiriblər. S.Şoyqu erməni həmkarı ilə görüşdə deyib: "Belə düşünürəm ki, bu gün biz regionda təhlükəsizlik, hərbi və hərbi-texniki əməkdaşlıq məsələlərini müzakirə edə bilərik. Plan çox dinamikdir və çoxlu sayda tədbirləri nəzərdə tutur" (bax: Шойгу обсудил с армянским коллегой безопасность в Закавказском регионе / "РИА Новости", 16 avqust 2016). Bunların fonunda erməni ekspertlər Rusiya ilə Ermənistanın birgə hərbi qruplaşma yaratmaqla bağlı irəliyə doğru bir addım da atdığını ifadə edirlər.

Xatırladaq ki, təqribən eyni məzmunda fikri S.Şoyqu Bakıda da bildirmişdi. Bu, o deməkdir ki, Rusiya regionun təhlükəsizliyi məsələsinə kompleks şəkildə baxır. Moskva mümkün qədər balanslaşmış yanaşma ilə Cənubi Qafqazda silkələnmələrin qarşısını almaq istəyir. Lakin region dövlətlərinin özlərinin aktiv surətdə müasir tələblərə uyğun siyasət yeritməsi də mühüm şərtdir. Yuxarıdakı təhlildən görünür ki, Ermənistan və Gürcüstan bu istiqamətdə lazımi səviyyədə ardıcıl və sistemli işlər görə bilmirlər.

Azərbaycana gəldikdə isə, o, regionun yeganə ölkəsidir ki, düşünülmüş daxili və xarici siyasəti ilə həm inkişaf edir, iqtisadi sistemini təkmilləşdirir, həm də təhlükəsizliyin təminində sistemli addımlar atır. Bu gün Azərbaycan rəhbərliyinin həyata keçirdiyi enerji layihələri, regional inteqrasiyaya xidmət edən əməkdaşlıq formatları Cənubi Qafqazda sabitliyin təminində həlledici rol oynayır. Ermənistan və Gürcüstan kənardan böyük yardımlar hesabına təhlükəsizliklərini saxlamaq xəttini tutublarsa, Azərbaycan konkret layihələri, siyasi, hərbi, təhlükəsizlik təklifləri ilə regionun sabitliyi və inkişafı üçün çalışır.

Burada Bakının siyasi addımları ilə əməkdaşlıq üsullarını təkmilləşdirmək sahəsində həyata keçirdiyi proqramları xüsusi qeyd etmək lazımdır. Fikir verin, Azərbaycan regionun bütün böyük dövlətləri ilə müxtəlif sahələri əhatə edən müzakirələr aparır, enerji layihələri yerinə yetirirsə, İrəvan gah Moskvaya, gah da Vaşinqtona irad bildirir və praktiki olaraq heç bir addım atmır. Eynilə rəsmi Tbilisi təhlükəsizliyi üçün Qərblə Rusiya arasında tərəddüd edir, lakin konkret bir təklif irəli sürməkdə çətinlik çəkir.

Azərbaycan hazırda bütövlükdə regionun inkişafına və təhlükəsizliyin təmininə xidmət edən dəqiq addımlar atmaqdadır. Bakı Rusiya, Türkiyə və İranın Cənubi Qafqazda maraqlarını uyğunlaşdıra bilən yeganə dövlətdir. Bu faktı heç kəs inkar edə bilməz. Bu səbəbdən, demək olar ki, regional təhlükəsizlik xeyli dərəcədə Azərbaycanın aktiv xarici siyasi fəaliyyəti ilə əlaqəlidir. Yaxın perspektivdə də belə olacağını proqnozlaşdırmaq mümkündür.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.