Siyasət

Siyavuş Novruzov: "Belə məsələlər parlament səviyyəsində müzakirə olunmur"

24 Avqust 2016 16:03
Baxış: 1 454

"Azərbaycanın konstitusion quruluşuna təhdid yaranarsa, Yeni Azərbaycan Partiyası bu təhlükənin aradan qaldırılması üçün bütün zəruri addımları atacaq".

Bunu Trend-ə açıqlamasında millət vəkili Siyavuş Novruzov Azərbaycanda Gülən tərəfdarlarına qarşı aparılan əməliyyatların parlamentdə müzakirə edilib-edilməməsinə münasibət bildirərkən deyib.

S.Novruzov bildirib ki, BMT tərəfindən terror təşkilatları ilə bağlı müvafiq siyahı hazırlanır və həmin siyahılar Xarici İşlər nazirliklərinə verilir: "Belə məsələlər heç vaxt parlament səviyyəsində müzakirə edilmir. Bu, XİN-in səlahiyyətinə daxil olan məsələdir. Terror təşkilatlarının maliyyələşməsinə, onların fəaliyyətinə hər hansı formada kömək göstərilməsi cinayət hesab olunur. Azərbaycan da erməni terrorizmindən əziyyət çəkən bir dövlət kimi hər zaman belə məsələlərdə həssaslıq göstərir və terrorizmə qarşı mübarizə iştirak edir".

Azərbaycanda "Dini etiqad azadlığı" və "Dini ekstremizmə qarşı mübarizə haqqında" qanunların olduğunu deyən millət vəkili əlavə edib:

"Hər hansı dini təşkilat bu qanunlardan kənar fəaliyyət göstərərsə, qanunun aliliyi tətbiq edilir, həmin şəxs və qurumlar qanun qarşısında cavab verir. Ölkə daxilində belə bir fəaliyyət varsa, həmin fəaliyyət Azərbaycanın qanunları ilə tənzimlənir. Ölkə xaricində isə bu cür hallarla bağlı həmin ölkələrin XİN-ləri və beynəlxalq konvensiyalar səviyyəsində tədbirlər görülür".

S.Novruzov qeyd edib ki, Azərbaycanda ümummili lider Heydər Əliyev hakimiyyətə gəldikdən sonra dövlət və dövlətçiliyə qarşı atılan addımların qarşısı qətiyyətlə alınıb və bu gün də həmin siyasət prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir:

"Azərbaycanın konstitusion quruluşuna, dünyəvi-demokratik dəyərlərinə təhdid yaranarsa, Yeni Azərbaycan Partiyası Azərbaycan xalqı və Azərbaycan Prezidentinin dəstəyi, həmçinin hüquq-mühafizə orqanlarının köməyi ilə  bu təhlükənin aradan qaldırılması üçün bütün zəruri addımları atacaq".

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.