Siyasət

Bisavad, kinli cırtdanın FACİƏSİ

30 İyul 2016 11:48
3 Şərh     Baxış: 2 475

297 min nəfər... Bu rəqəm 2008-ci ildən 2015-ci ilədək Ermənistanı tərk edən və bir daha ölkəyə qayıtmayan ermənilərin sayıdır - rəsmi statistikada təsdiqlənmiş bir rəqəm.

Əslində isə gerçək rəqəm ən azı iki dəfə çoxdur və bunu Ermənistanda siyasətçilərdən tutmuş, hüquq müdafiəçiləri və jurnalistlərədək hamı bilir, deyir və nəyəsə nail olmağa, nəyisə dəyişməyə çalışırlar.
Amma ölkə prezidenti postunda Serj Sarkisyan olduğu müddətdə belə dəyişikliklərə nail olmaq mümkün deyil.

Dağlıq Qarabağ savaşının veteranı Jirayr Sefilyanın tərəfdarlarından ibarət "Sasna srer" ("Sasun çılğınları") qrupunun İrəvanda Post-Patrul Xidməti Alayının kazarmasını ələ keçirməsindən sonrakı situasiya da bunu göstərir.
Livan vətəndaşı olan Sefilyan iyunun sonlarından bəri həbsdədir: o, qanunsuz olaraq odlu silah saxlamaqda suçlanır.
Sefilyanın tərəfdarlarının yaratdıqları "Təsis Məclisi" ilk əvvəl liderlərinin azad olunmasını mitinq və yürüşlərdə tələb edirdilər. Lakin bir nəticə hasil olmadığını görəndə iyulun 17-də PPXA binasına yollanaraq oranı tutdular, polisləri girov götürdülər. Həmin olaydakı atışmada 5 polis əməkdaşı, bir nəfər də Sefilyan tərəfdarı yararlandı.

"Sasna srer" sakitləşən deyil. 
Qrupun ad seçimi də maraqlıdır və təsadüfi deyil. "Sasna srer" ermənilərin ərəb işğalçılarına qarşı mübarizəsindən bəhs edən orta əsr dastanıdır və Sefilyanın tərəfdarları da indi özlərini işğalçı ilə vuruşan adamlar sayırlar.
Onlar işğalçı qismində Serj Sarkisyanı görürlər və bu səbəbdən də Ermənistan prezidentinin istefasını tələb edirlər.
Jirayr Sefilyan da artıq 13 ildir "Sarkisyan getməlidir!" deyir. O, Ermənistandakı mövcud kriminal oliqopoliya hakimiyyətinin ən radikal, ən emosional "düşmən"lərindən biri sayılır.

Və indi Ermənistanın taleyi həll olunur - Sarkisyanın bütün səylərinə, cəhdlərinə, impulsiv, əksər hallarda isterik davranışlarına rəğmən.
İrəvanda girovlarla bağlı situasiya, mitinq və yürüşlərin dağıdılması Ermənistanı müstəqillik əldə etməsindən sonrakı tarixinin ən pis, ən qaranlıq mərhələsinə sürükləyir. Ölkədə böhran başlayıb. Mövcud partlayışlı situasiya Ermənistanda aksiyaların "vuran ürəyi" sayılan Xorenasi küçələrinin həndəsi silsilə ilə artmasına, polislə vətəndaşların döyüşlərinin ölkənin hər yerinə sirayət etməsinə səbəb ola bilər.

Ermənistanda vətəndaşların səbr kasası dolub. Nədən ki, Sarkisyan hakimiyyəti xalqına nifrət edir, xalqın da İrəvandakı iqtidara olan münasibəti eynidir.
Serj Sarkisyan qərar verəndə, ölkənin xarici və daxili siyasətini müəyyənləşdirəndə xalqla yox, onu dəstəkləyən siyasi güclərlə, asılı olduğu ölkələrlə hesablaşır və erməniləri heçə sayır.

Ermənilər də Sarkisyanı prezident, ölkəni idarə edən sistemi hakimiyyət saymırlar.
Xalqsız hakimiyyət və hakimiyyətsiz xalq situasiyası klassik bakuninçi anarxiya yox, amerikalı politoloqların "failed state" ("itirilmiş dövlət") durumudur. 
Sarkisyan istədiyini etdiyindən və "mənim xalqım" dediyi, amma kütlə, özü demişkən, "bıdlo" saydığı insanları yalnız Dağlıq Qarabağ münaqişəsi zonasında hərbi əməliyyatlar zamanı xatırladığından İrəvandakı etiraz aksiyaları, sadəcə, kütləvi narazılığın təzahürünün ilkin mərhələsi də sayıla bilər.

Bununla belə, Sarkisyan iqtidarı degenaratlar və idiotlar yığını deyil: İrəvandakı hakimiyyət nə baş verdiyini, bu hadisələrin nə ilə sonuclana biləcəyini əla anlayır. Sadəcə, bu iqtidarın tam asılı olduğu böyük güclər və ya güc Ermənistandakı vəziyyəti bilərəkdən ağırlaşdırır, situasiyanın ifrat dərəcədə gərginləşməsinə "oynayır" və öz maraqlarını maksimal dərəcədə təmin etməyə çalışır.

Serj Sarkisyanın durumu isə çox ağır, hətta acınacaqlıdır. Dağlıq Qarabağ münaqişəsi zonasında aprelin əvvəlində başlayan və sürətlə başa çatan "dördgünlük müharibə"də Ermənistanın işğalçı birləşmələrinin məğlubiyyəti həm də ermənilər üçün çox acı gerçəyi aşkarladı.
Ermənistanda ordu yoxdur. Olan sıravilər və zabitlər toplusudur.
Ermənilər bu olayın yaratdığı qəmli heyrətlənmədən qurtulmamış yenidən bədbinliyə düçar oldular, çünki ilk əvvəl İrəvanın Erebuni səmtindəki girovgötürmə əməliyyatı, sonra da Horenasi küçəsində nümayişçilərlə polisin toqquşması Ermənistanda ordu ilə yanaşı, Milli Təhlükəsizlik Xidmətinin də, sadəcə, adının olduğunu göstərdi. 

Əgər bir dəstə silahlı adam asanlıqla ölkə paytaxtında dolaşırsa, sonra gedib polis alayının binasını girov götürürsə, DİN və Milli Təhlükəsizlik Xidməti bu adamların niyyətlərindən əvvəlcədən xəbərdar olub adekvat addımlar atmırsa, deməli, polis, ordu və təhlükəsizlik xidmətləri faktiki olaraq iflic durumundadır.
Bu isə Serj Sarkisyanı qorxudub. Axı onun hakimiyyətinin əsasını məhz güc strukturları, müxalifətə qarşı repressiyaları və təqibləri reallaşdırmaq üçün bu rıçaqlar təşkil edir.

Yaşananlar İrəvandakı iqtidarın iflası olmaqla yanaşı, etiraz aksiyalarının hədsiz dərəcədə genişlənəcəyini göstərən məqamdır.
Bu dəfə ermənilər küçəyə iqtidara qarşı, müxalifəti dinləmək istəmədən çıxdılar.
Çünki Sarkisyanın bıçağı ermənilərin sümüyünə dirənib artıq.

... Dünən gecə İrəvanda yürüş edən ermənilər qışqırırdılar: "Bu balaca, kinli adamdan qurtulmalıyıq!"

Orxan Hun
Milli.Az

Məqaləyə dair fotomateriallar:

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.