Siyasət

Ermənistandakı qarışıqlığın əsas SƏBƏBİ

30 İyul 2016 10:33
0 Şərh     Baxış: 1 490

Qarabağa dair hansısa həll planının müzakirə edildiyi bir vaxtda Ermənistanda daxili vəziyyətin kəskinləşməsi analitiklərin diqqət mərkəzindədir. Belə iddialar var ki, bu gərginlikdə müəyyən qədər hakim Sərkisyan rejimi də maraqlıdır. Çünki daxili dayaqları xeyli zəifləmiş mövcud hakimiyyətin Dağlıq Qarabağ məsələsində istənilən güzəştinin ona baha başa gələcəyinin fərqindədir.

Ancaq bu situasiya sonsuzadək də sürə bilməz. Ya nəhayət ki, Sərkisyan iqtidarı qiyam qaldırmış qüvvəni ram edib öz gücünü, ölkəyə tam nəzarət qabiliyyətini nümayiş etdirməlidir, ya da qarşıdurmadan qalib çıxan etirazçıların şərtlərini qəbul edib istefaya getməlidir. Üçüncü yol yoxdur.

Hər iki hal Serj Sərkisyanın komandasına yaxşı heç nə vəd eləmir. Ona görə ki, ikinci halda hakimiyyət əldən gedəcəksə, birinci halda da Qarabağ məsələsində konstruktiv mövqe tutub Azərbaycan ərazilərinin bir qisminin  boşaldılması zərurətini ciddiyə almalı olacaq. Bu, isə yenə də Sərkisyanın istefasını gündəmə gətirə bilər. 

***

Bəs Ermənistandakı daxili siyasi təlatümlər və çəkişmələr nə ilə nəticələnə bilər?

"İrəvandakı silahlı qiyamların hərəkətləri daha çox ümidsizlik jestidir. Öz-özlüyündə bu, hakimiyyətin süqutuna gətirməyəcək, lakin müxalifətin Serj Sərkisyanı ittiham elədiyi məsələlərə diqqəti cəlb edəcək. Bundan əlavə, polis binasının tutulmasının uzanması əhali arasında həyəcanın artmasına gətirə bilər. Hakimiyyət üçün bu, şübhəsiz ki, daxili siyasi problemlərin artması deməkdir". 

Milli.Az musavat-a istinadən bildirir ki, bu fikri vesti.az-a beynəlxalq siyasət üzrə rusiyalı ekspert Mixail Neyjmakov bildirib. Onun sözlərinə görə, Ermənistanda silahlı qiyamçıların hərəkəti hər iki münaqişə tərəfini hələ ki, geniş miqyaslı hərbi əməliyyatlardan çəkindirir, nəinki buna sövq edir. "Serj Sərkisyan və onu silahdaşları indi bu problemin həllinə cəlb olunacaq" - ekspert qeyd edib.

"Bakı üçün də Ermənistandakı prosesləri kənardan izləmək daha sərfəlidir, nəinki Qarabağda hansısa aktiv hərəkətlər eləmək. Bundan əlavə, Ankara-Moskva barışığı Qarabağda yaxın zamanlarda müharibə ehtimalını zəiflədib. Bununla yanaşı, İrəvandakı qiyam faktı erməni rəsmi şəxsləri üçün Qarabağa dair hətta taktiki güzəştlərə getməmək üçün bir arqument ola bilər. Bu isə problemlə bağlı beynəlxalq danışıqları ləngidə bilər" - rusiyalı ekspert əlavə edib.

*** 

Lakin işğalçı ölkədə yaşananlara fərqli rakursdan yanaşanlar da var. Onların nəzərincə, yaşananlar hakimiyyət tərəfindən məqsədli şəkildə düşünülmüş oyundur. Hədəf isə Qarabağ məsələsində yerinə yetirilməsi vaxtı çatan tələbdən - əraziləri boşaltmaqdan yayınmaqdır.      

"Ermənistanda süni surətdə qızışdırılan qarşıdurmalar uydurulmuş məsələlərdir. Prezident Serj Sərkisyan ölkəni məhz Qarabağa görə bir-birinə qatır. Ermənistanda belə fikir formalaşıb ki, guya danışıqlar prosesində Rusiyanın təklif etdiyi yol xəritəsi Azərbaycan üçün xeyli güzəştlər vəd edir. Ancaq sözügedən güzəştlərin nədən ibarət olduğunu açıqlaya bilmirlər". Bu barədə axar.az-a açıqlamasında politoloq Qabil Hüseynli danışıb. 

Sabiq dövlət müşaviri bildirib ki, Dağlıq Qarabağın həlli çoxdan tapılıb: "NATO-nun son sammitində qeyd edildi ki, postsovet dövlətlərinin ərazi bütövlüyü "Helsinki Yekun Aktı"nın müddəalarına uyğun surətdə həyata keçirilməlidir. Yəni hər hansı bir ərazi, sərhəd dəyişikliyinə gedilə bilməz. Beləliklə, Dağlıq Qarabağın taleyi də öz həllini tapmış olur. Güman edirəm ki, prezidentlərin Paris görüşündə Qarabağ məsələsi daha ciddi və sərt şəkildə qoyulacaq. Çünki Fransa nə qədər ermənipərəst dövlət olsa da, NATO-nun üzvüdür və sammitdə qəbul edilmiş qərarlara tabe olmaq məcburiyyətindədir. "Helsinki Yekun Aktı"nın müddəalarının nizamlanma prosesinə tətbiq edilməsi üçün həmsədr ölkə kimi Fransa da səy göstərməlidir".

Politoloqun sözlərinə görə, Azərbaycan dünya siyasətində baş verən pozitiv dəyişiklikləri nəzərə almaqla inadla ərazi bütövlüyünün bərpasını tələb edəcək: "Danışıqlar prosesinin əsas məğzini erməni qoşunlarının işğal edilmiş ərazilərimizdən çıxarılması, Azərbaycanın ərazi bütövlüyünün tanınması və Ermənistan ətrafında yaradılmış blokadanın götürülməsi, yəni kommunikasiya vasitələri, dəmir yolu və qaz kəmərlərinin açılması, həmçinin Türkiyə tərəfdən də blokadanın qaldırılması, Sürix protokollarının işə düşməsi təşkil edəcək. Hətta danışıqlar uğurlu gedərsə, Ermənistanla diplomatik münasibətlər də yaradılacaq. Əgər Sərkisyan bütün bu müddəalara əməl etsə və sülhyaratma prosesində müəyyən kompromislərə getsə, Ermənistan bölgədəki irimiqyaslı layihələrə qoşula, iki ölkə arasında düşmənçilik aradan qalxa bilər. Bu, hər iki ölkəyə sərf edən ən yaxşı variantdır. Hazırda Ermənistana təzyiq böyükdür, İrəvanın qarşısına beynəlxalq hüquq normalarına əsaslanan faktlar qoyulub və Azərbaycanın ərazi bütövlüyünə hörmət göstərilməsi tələb olunur".

***

Qeyd edək ki, Ermənistan və Azərbaycan prezidentlərinin sonuncu görüşü iyunun 20-də Rusiyanın Sankt-Peterburq şəhərində keçirilib. Növbəti görüşün isə avqustda Parisdə, daha sonra ABŞ-da baş tutacağı gözlənilir. İrəvandakı son olayları həm də bu kontekstdə dəyərləndirmək lazım gəlir. Belə görünür ki, Sərkisyan iqtidarı qarşıdakı görüşlərə zəif mövqe ilə getmək istəmir. Bu görüşlər isə Vyana və Sankt-Peterburq görüşlərinin ardınca nəhayət ki, problemin həllində real irəliləyişə gətirməlidir. Çünki nəticəsiz təmaslar sonsuzadək davam edə bilməz. 

Nəticənin olması üçün də ilk addımı Ermənistan atmalıdır - işğal elədiyi Azərbaycan ərazilərini azad eləməyə başlamaqla. Azərbaycanın güzəşt adı ilə atacağı addım artıq qalmayıb, yoxdur. Azərbaycanın Ermənistana ən böyük güzəşti işğal rejiminə 22 il səbir göstərməsi olub - o da münaqişənin ədalətli həlli naminə edilib. Əfsus ki, nə təcavüzkar tərəf, nə də həmsədrlər bu böyük zaman kəsiyini lazımınca ciddiyə almadılar. 

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.