Siyasət

Partiya sədrlərinin istirahət planları zəngin deyil

27 İyul 2016 23:40
0 Şərh     Baxış: 1 414

Yay mövsümü ilə əlaqədar, demək olar ki, hər kəs istirahətə yollanır. Bu mənada, siyasi partiya rəhbərlərinin istirahətlərini necə quracaqları da maraq doğurur. Ona görə də bir neçə partiya sədri ilə əlaqə saxlayıb, dincəlmək üçün hər hansı planlarının olub-olmadığı haqda sual ünvanladıq. Diqqət çəkən məqam o oldu ki, danışdığımız partiya rəhbərlərindən heç biri istirahət üçün xaricə getməyi planlaşdırmır. Vəhdət Partiyasının sədri, millət vəkili Tahir Kərimli dedi ki, hələlik konkret istirahət planı yoxdur, ona görə də Bakıdadır: "İmkan olsa, avqust ayında İsmayıllıdakı evimizə gedib dincələcəyik. Əlbəttə, hələ dəqiq qərar vermədiyimizə görə sonra planımız dəyişə bilər, ekstremal qərar qəbul edə bilərik. Amma hələ qəti planımız yoxdur. Hazırda partiyadayam, hamımız iş başındayıq. Bir neçə nəfər məzuniyyətə gedib, amma işimiz öz axarındadır. Ölkədən çıxmağı isə ümumiyyətlə planlaşdırmıram. Çox güman ölkəmizin digər rayonlarına da getməyəcəyəm".

Həmsöhbətimiz qeyd etdi ki, bu il kiçik oğlu qəbul imtahanı verib. Ona görə də ailəlikcə Bakıda qalıb ona dəstək olmağa qərar veriblər: "Onun yanında olmağı vacib bildik. Bundan sonra isə rahat şəkildə İsmayıllıya, evimizə gedib dincələ bilərik. Ora çox gözəl məkandır. Təkcə İsmayıllıya getmək də bizə bəs edir. Amma müəyyən məsələlər var ki, onları həll etməliyəm. O cür işlər istirahət başında həll olmur. Ona görə də iş başında olmağa qərar vermişik. Onu da nəzərə çatdırım ki, istirahətə uzun müddətli getməyəcəyik. Bakı ilə əlaqəmiz kəsilməyəcək. Bildiyiniz kimi, mayın 21-də qurultayımız olub. Hazırda sənədləşmə işləri gedir. Çünki nizamnamədə dəyişikliklər etmişik. Buna görə də Ədliyyə Nazirliyi ilə sənədləşmə işi aparılır. Bir sözlə, hamımız iş başındayıq. Mən özüm işçilərimizdən xahiş etmişəm ki, istirahətlərindən qalmasınlar və avqust ayında məzuniyyətə getsinlər".

Azadlıq Partiyasının sədri Əhməd Oruc da istirahət üçün ən uyğun məkan kimi rayondakı evlərinə üstünlük verir: "Həmişə boş vaxtlarımda Qusardakı evimizə gedirəm. Orda rahat dincəlmək olur. Ölkə xaricinə çıxmaq fikrim yoxdur. Rayonda istirahət etdikdən sonra qayıdıb dərhal iş başına keçəcəyik. Bildiyiniz kimi, ölkədə müəyyən proseslər gedir, Konstitusiyaya dəyişiklik olacaq. Biz də bu haqda müəyyən partiyalarla danışıqlar aparacağıq. Bundan əlavə, sentyabrın 25-də partiyanın qurultayı olacaq, biz həm də ona hazırlaşırıq".

Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev də hələ ki istirahətlə bağlı yekun qərar vermədiklərini bildirdi: "Bildiyiniz kimi, hökumət referendum keçirir. Bununla bağlı təbii olaraq, müəyyən işlər yaranır. İstirahətə avqustda getməyi planlaşdırırdım. Çünki ailədə hamımız avqustda məzuniyyətə çıxacağıq. Amma referendum bizim Bakıda olmağımızı tələb edir. Hələ ki bu haqda düşünürük, tam qərar verməmişik. Çox güman ki, Bakıdan böyük məsafədə uzaqlaşmayacağıq. Ya Azərbaycanın rayonlarından birinə, ya da Gürcüstana gedə bilərik. Dostlar mənə Daşkəsəni tövsiyə edib. Yəqin ki, o zonaya üz tutacağıq. İstirahət müddətimiz isə 3 həftədən artıq çəkməyəcək".
Demokratik Maarifçilik Partiyasının sədri, millət vəkili Elşən Musayev məsələyə fərqli yanaşır. Düşünür ki, cavan adam yayı da, qışı da, məzuniyyəti də işinə həsr eləməlidir, dayanmamalıdır, mütləq şəkildə "mən də hamı kimi istirahət etməliyəm" düşüncələrinə qapılmamalı, bunu protokola çevirməməlidir: "Mənim ümumiyyətlə, "istirahət" anlayışı ilə bağlı komplekslərim var. Yəni ehtiyac varsa, yorğunsansa, istirahət elə. Bu, başqa məsələ. Amma içində enerji aşıb-daşırsa, istirahətə ehtiyacın yoxdursa, bunu eləməyə məcbur deyilsən. Eyni zamanda, düşünürəm ki, yaşlanınca istirahətə onsuz da gərək duyacağam. İndi isə enerjiliyəm və bu səbəbdən uzun illərdən bəri özüm üçün məqbul bildiyim qrafiki pozmayacağam. Konkret olaraq, bu il dincəlmək məqsədi ilə heç bir yerə getmək fikrim yoxdur".

Həmsöhbətimiz ailəsini də öz prinsiplərinə uyğun davranmağa məcbur etmədiyini nəzərə çatdırdı. Bildirdi ki, onlar üçün istirahət şəraitini yaradır və gedib az da olsa, dincəlib gəliblər: "Amma mən məzuniyyətə çıxdığım gündən Bakıdayam. Üstəlik, iştirak etdiyim tədbirlərdən, intensiv yazılarımdan, müxtəlif mövzulara operativ münasibətimdən də hiss olunur ki, paytaxtdan uzaq deyiləm. Parlamentin növbəti sessiyası başlayana qədər də heç yerə getmək fikrim yoxdur. Bu sırada bir tək Zaqatala səfərlərim istisnadır. Çünki o dairənin deputatıyam. Seçildiyim dairəyə getmək, tez-tez seçicilərimin problemləri ilə maraqlanmaq birbaşa borcum və öhdəliyimdir. Qalan bölgələrdə isə məni görmək, ələlxüsus da, istirahət edərkən görmək müşkül məsələdir. Ayrıca, son bir şeyi də deyim. Mənim üçün ən gözəl istirahət kitab oxumaq və yazı yazmaqdır. Mövzuya bir az əhatəli yanaşsaq, əslində, çox gözəl və səmərəli istirahətim var. Halımdan da məmnunam".

Böyük Quruluş Partiyasının sədri, millət vəkili Fazil Mustafa da bu fikirdədir və istirahət etməyə lüzum görmür: "İstirahət planım yoxdur. Mənim həyatım bütövlükdə həm iş, həm də istirahətdir. Mənə görə işləmək özü istirahətdir. Ona görə də Bakını tərk etmirəm və burdayam. Oxumaq və yazmaqla məşğulam. Kənara çıxmaq fikrim yoxdur. Biz millət olaraq, çox işləməliyik ki, normal, arzuladığımız kimi istirahət edə bilək. Problemlərimiz həll olduqdan sonra istirahət haqda düşünə bilərik. Çox çalışmasaq, arzuladığımız cəmiyyəti qura bilmərik. Problemlərimiz həllini tapsın ki, dincəlməyi düşünək. O cəmiyyətlər istirahət edirlər ki, onların bütün məsələləri həll olub. Bizim 20 faiz torpağımız işğaldan azad olmayıb, cəmiyyətin gündəlik problemləri həllini tapmayıb. Ona görə də hələ çox işləməliyik".

"Kaspi"

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.