Siyasət

"Belə bezdiricilik Qarabağda çoxsaylı insan itkilərinə gətirib çıxaracaq"

25 İyul 2016 14:47
1 Şərh     Baxış: 4 681

Ermənistan Azərbaycanın işğal olunmuş ərazilərini geri qaytarmamaq üçün mümkün olan və olmayan bütün variantlardan istifadə edir. Hələ aprelin əvvəllərindən də bəlli idi ki, bu məsələ uzanacaq və biz öz proqnozlarımızda yanılmadıq.

Bu barədə Milli.Az-a hərbi-siyasi məsələlər üzrə ekspert Üzeyir Cəfərov Ermənistanda baş verən son hadisələri və prezident Serj Sarkisyanın davranış və çıxışlarını şərh edərkən deyib.

Onun sözlərinə görə, indi tam açıq şəkildə görünür ki, Serj Sarkisyan, onun ətrafı, o cümlədən ona kənardan təlimat verənlər plan əsasında işləyirlər: "Gündə də guya araşdırma mexanizmi, öz müqəddəratını təyinetmə hüququ ilə bağlı bir hoqqa çıxarırlar. Əsas məsələ - Azərbaycan ərazilərinin işğaldan azad olunması isə qalıb bir kənarda, üçüncü, dördüncü, bəlkə də yeddinci dərəcəli məsələlər müzakirə olunur. ATƏT-in Minsk qrupunun ABŞ-dan olan həmsədri Ceyms Uorlikin dünənki açıqlamasını oxudum. Mən təəccüblənirəm ki, bunlar bir kəlmə də olsun işğalçının işğal etdiyi əraziləri boşaltmasından danışmırlar. Onlar yüz məsələni qabardırlar, amma Azərbaycanın ərazi bütövlüyünün təmin olunmasından danışmırlar. Sözsüz ki, Sarkisyan da onun üçün yaradılmış bu şəraitdən və vaxtdan istifadə edib gündə bir bəyanat verir, danışıqlardan sonra işğal olunmuş ərazilərə gedir, hərbi təlimlər keçirir, səngərlərin qazılması barədə göstəriş verir, Ermənistanda daxili vəziyyəti qarışdırır. Bir sözlə, bu proses sosnsuzluğa qədər davam edə bilər".

Ekspert hesab edir ki, Azərbaycan isə buna imkan verməməli, ATƏT-in Minsk qrupu həmsədrlərindən, xüsusən də Rusiyadan təkidlə tələb etməlidir ki, Ermənistanla bağlı konkret bir qərar qəbul olunsun. Çünki belə yorucu və bezdirici məsələlər sonda çoxsaylı insan itkilərinə gətirib çıxaracaq:

"Bunun qarşısının alınmasının yeganə yolu, Ermənistanın işğalçılıq siyasətindən çəkindirilməsi və ona öz yerinin göstərilməsidir.
S.Sarkisyanın bəyanatlarına gəlincə, sözsüz ki, gah gedib Dağlıq Qarabağdakıların guya fikrini öyrənir, gah başqa yollara əl atır, eyni zamanda deyir ki, səngər qazın, çünki Azərbaycan, yəqin ki, Dağlıq Qarabağ ermənilərinin öz müqəddəratını təyin etməsinə razı olmayacaq və müharibə başlayacaq. Məlum məsələdir və bunu Azərbaycanın dövlət başçısı da dəfələrlə deyib ki, biz Azərbaycanın ərazisində ikinci erməni dövlətinin yaranmasına imkan verməyəcəyik. Ona görə də mən yenə də o fikrimdə qalıram ki, bu məsələnin həlli Azərbaycan əsgərinin üzərinə düşür və o da düşmənə bunu başa salmağı bacaracaq".

İlkin İzzət
Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.