Siyasət

Türkiyədə yeni təhlükə: Gülən hücuma keçir

22 İyul 2016 17:40
4 Şərh     Baxış: 14 887

Türkiyədə iyulun 15-dəki hərbi çevrilişin uğursuzluqla başa çatmasından sonra vəziyyətin sakitləşdiyini, suların durulduğunu düşünənlər yanılır.
Nə qədər acı olsa da, osmanlı türklərinin "darbeçiler" dedikləri şəxslərin müəyyən qismi aşkarlanmayıb. "Yatmış hücrələr" formatında olan bu qruplar eyni mərkəzdən idarə olunsalar da, rəhbərlərinin kim olduqlarını, hazırlanan ssenarilərin müəlliflərini tanımırlar. Daha doğrusu, onlar istəsələr də, belə imkana malik deyillər.

ABŞ-ın Pensilvaniya ştatında sığınacaq tapmış Fəthullah Gülənin yaratdığı və idarə etdiyi "Hizmet" ("Xidmət") hərəkatı ilə yanaşı, bu hərəkat mənsubları olan "nurçular" iyulun 15-dəki olayları uğursuzluqları sayırlar.
Bu, çevrilişə cəhd, Türkiyəni qana boyayan hadisə, dinc insanların gülləbaran edildiyi vəhşilik "nurçular" üçün, sadəcə, hakimiyyətin qəsb olunması istiqamətində "aralıq mərhələ" sayılır.

Çünki onlar yenidən dövlət çevrilişi etmək niyyətindədirlər və hədəfləri, daha doğrusu, başlıca nişangahları Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğandır.
Türkiyədəki mövcud siyasi sistemin ən ciddi dayağı sayılan siyasəti, mövcud hakimiyyət konstruksiyasının aparıcı elementi olan R.T.Ərdoğan çevrilişçilərin başladıqları şahmat partiyasını vaxtından əvvəl başa vuraraq rəqiblərini sunqsvanq durumuna saldı.

Türkiyədə hakimiyyəti zorla dəyişmək istəyənlərin qarşısını da Ərdoğanın tərəfdarları, iqtidardakı Ədalət və İnkişaf Partiyasının (AKP) mənsubları yox, məhz xalq aldı. 
O xalq ki ayrı-ayrı fərdlərin toplusu, sosial, mənəvi, iqtisadi, siyasi və ya digər maraqlar sarıdan bir araya gəlmiş qruplaşmalar məcmusu yox, əldə etdiklərini qorumaq və gələcəyini təcavüzlərdən müdafiə etmək iqtidarındakı millətdir.
Millətə meydan oxuyanların taleyi elə meydanlarda həll olundu: tankların qarşısına çıxan insanların qətiyyəti, gülləbaranda torpağı qanı ilə suvarmaqdan zərrəcə çəkinməyib Allahın verdiyi həyatını onu yaşadan Vətəninə qurban verənlərin qəhrəmanlığı ilə.

Nəcib millət nanəciblyi qəbul etmədi.
Və dövlət çevrilişinə uğursuz cəhd başa çatmamış Fətullah Gülənin tərəfdarları, deyəsən, yeni cəhdə başlayıblar.
Bu dəfə zərbə istiqaməti dəyişib: Türkiyə mediasının FETÖ ("Fethullahçı Terror Örgütü") adlandırdığı, əslində isə "Hizmet" hərəkatının mənsubları ilə onların ələ aldıqları, rüşvət, kompromat və şantaj vasitəsilə idarəolunan fiqurlara döndərdikləri şəxslərə fəallaşmaq əmri verilib.

İyulun 15-dəki olaylarda aparıcı qüvvə "hizmet"çilər olsalar da, ssenari müəllifi Fəthullah Gülən deyildi. Nədən ki, Gülənin özü də istifadə olunan alətə çevrilmişdi. Müəllifi başqa yerdə, başqa səviyyədə aramaq gərəkdir.
Güman etmək olar ki, həmin ssenarini hazırlayanlar, təbii ki, qismən və ya total uğursuzluq variantlarını da nəzərə aldıqlarından, hərbi çevrilişin qarşısının xalq tərəfindən alınmasından sonra yaranmış müvəqqəti fasilədən FETÖ və ya "Hizmet"in aldığı zərbələrdən özünə gəlməsi üçün istifadə olunur.

Cəhdin uğursuzluğundan sonrakı alternativ plan bu dəfə Türkiyədə hakimiyyətin hərbi çevriliş ilə devrilməsi yox, ölkə iqtisadiyyatında ciddi problemlər yaratmaqla iqtidardakı AKP partiyasından vətəndaşların kütləvi narazılığına nail olmaqdır.
Qlobal miqyasda iqtisadiyyatlardakı çətinliklər, dünya bazarlarında enerjidaşıyıcılarının qiymətlərinin ossilloqrafdakı əyrilər təki sürətlə dəyişməsi, geosiyasi amillərin maliyyə bazarlarına birbaşa təsirinin hədsiz dərəcədə artması, böyük dövlətlərin kiçik ölkələrə təzyiq etmək üçün iqtisadi rıçaqları daha da gücləndirməsi, ən nəhayət, müstəqil siyasət yürüdərək ilk əvvəl vətəndaşlarının maraqlarını təmin etmək istəyən, kimsənin alətinə çevrilməməyə çalışan ölkələrin ağır sınaqlara çəkilməsi çağdaş düzənin, nə yazıq, aşkar təzahür formalarıdır. 

Belə vəziyyətdə, təbii ki, Türkiyə iqtisadiyyatı proseslərdən kənar qala bilməz. İyulun 15-dəki hərbi çevriliş cəhdi ölkədəki durumu daha da ağırlaşdırıb.
"Hizmet" də situasiyadan öz maraqları üçün istifadə etmək, geniş xalq kütlələrində narazılığa nail olmaq üçün Türkiyə iqtisadiyyatındakı vəziyyəti maksimum dərəcədə ağırlaşdırmağı qarşısına məqsəd qoyub.
Bu da ki ölkədəki siyasi rejimə qarşı əsl qiyam, dövlət çevrilişinə pərdələnmiş cəhd ola bilər.
Türkiyə mediasının FETÖ adlandırdığı "Hizmet" əvvəllər yarıgizli, son çevriliş cəhdindən sonra isə tam gizli, geniş şəbəkələnmiş strukturdur. Bu strukturun fəaliyyət taktikasındakı ən önəmli məqamlardan biri "nurçular"ın Türkiyənin dövlət qurumlarında mümkün qədər geniş və yüksək vəzifələrə yiyələnməsinə, təyinatına və seçilməsinə nail olmaqdı.

Türkiyədə indi silahlı qüvvələrdə, jandarmeriyada, məhkəmələrdə, həttğa təhsil sistemində "Hizmet" mənsublarından təmizlənmə prosesi gedir. Lakin Fəthullah Gülənin yaratdığı hərəkatın çoxillik, ustalıqla maskalanmış və hələ aşkarlanmamış mənsubları ilə yanaşı, "Hizmet"ə rəğbət bəsləyənlər də var.
İndi həmin hərəkat, daha doğrusu Türkiyədə mövcud siyasi sistemlə yanaşı, siyasi və mənəvi dəyərlər mexanizmlərinə, demokratiyaya qənim kəsilən fiqurlar məhvdən qurtulmaq üçün "əks-hücum" saydıqları yeni əməliyyata hazırlaşırlar.
Fəthullah Gülən tərəfdarlarının fikrincə, iqtisadi qiyam və maliyyə üsyanı məhv olmamaqla yanaşı, ölkədə hakimiyyəti qəsb etmək üçün az qala "ideal variant"dır.

FETÖ bu dəfə müxtəlif təxribatlar, manipulyasiyalar və spekulyasiyalar vasitəsilə dünyanın ən böyük şirkətlərindən tutmuş, kiçik firmalara qədər bütün əcnəbi strukturları Türkiyədə işləməyin "çox təhlükəli" olduğuna inandırmaqdır.
Çox ağır zərbələr alan, planları alt-üst olan "Hizmet" özünü terrorçu yığını yox, intellektuallar və praqmatlar toplusu kimi təqdim etmək istəyir. Elə bu səbəbdən də cavab vermək üçün Fətullah Gülən tərəfdarlarına "hərəkətə gəlin" əmrini verib.
Türkiyə iqtisadiyyatındakı turbulentlikdən, laübəli proseslərdən yararlanmağa çalışan Gülən tərəfdarları bu dəfə iqtidarı iqtisadi çətinliklərlə zəiflətmək istəyirlər. Özü də bu şəxslərin fikrincə, iyulun 15-dən fərqli olaraq, yeni cəhdin qarşısını ordu və ya polis ala bilməyəcək: söhbət axı biznesdən gedir.

Rəsmi Ankara uğursuz dövlət çevrilişi cəhdi əsnasında düşmən kəsilmişlərin planlarından və taktikasından xəbərsiz qaldısa, bu dəfə yanlışlıqları təkrarlamaq niyyətində deyil.
Türkiyənin yeni sınaqdan çıxması, artıq "iqtisadi çətinliklər" adı ilə yeni terrora keçmək istəyən "Hizmet"-FETÖ-nü tam zərərsizləşdirəcəyinə ümid edirəm.

Çünki Fətullah Gülən düşərgəsi ilə davranışda mülayimlik qarşı tərəfin daha da aqressivləşməsinə, azğınlaşmasına səbəb olasıdır.
Belə mübarizədə gecikmək, astagəllik etmək yaramaz.

Elçin Alıoğlu
Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.