Siyasət

"Türkiyə yenə də doğru edib"

28 İyun 2016 10:03
Baxış: 1 505

Türkiyə 7 ay öncə Rusiya təyyarəsini vurub. Yəni birbaşa. Doğru edib. Bütün dünyaya başa salıb ki, kimin hansı gücü olmasından asılı olmayaraq, mənim sərhədlərimi keçmək olmaz və belə olduqda ən sərt addımlara hazıram. 7 ay sonra Türkiyə Rusiyadan üzr istəyib. Yəni dolayı yolla. Yenə də doğru edib!

Milli.Az xəbər verir ki, bunu Milli Məclisin üzvü Fazil Mustafa bildirib.

Millət vəkili fikirlərini belə əsaslandırıb: "Türkiyə atdığı addıma görə Qərbdən lazımi dəstəyi ala bilmədi və ABŞ Suriyada Rusiya ilə münasibətlərini gərginləşdirən Türkiyəyə PYD və PKK-ya dəstəyini gücləndirməklə cavab verdi, Avropa Birliyi miqrant məsələsində verdiyi vədi yerinə yetirmədi və bütün yükü Türkiyənin üzərinə qoydu, Almaniya isə daha irəli gedərək saxta erməni soyqırımını tanıdı. "Mən demişdim axı, üzr istəyəcək", "mən demişdim axı, rusun təyyarəsini vurmaq olmaz" ifadələrini indi daha tez-tez bizim və Türkiyənin mediasında gözdən keçirəcəyik, ancaq siyasətdə bunun qısa bir izahı var: xarakterimi göstərdim, gücüm çatana qədər dirəşdim, sonda dalandan qurtulmaq üçün bu yolu seçdim. Situasiyanın tələbi budur ki, Türkiyə ordusunun küncə sıxışdırdığı PKK-nı ABŞ, Avropa Birliyi və Rusiyanın birgə dəstəyindən məhrum etmək lazımdır. Açığını söyləyim, rus təyyarəsi ilə bağlı epizodda ölkə prezidentinin addımı bədəli nə olursa-olsun, əsaslandırılmış idi və bu həm də Rusiya ilə sanksiya dili ilə danışan Qərb dövlətləri üçün müttəfiqlik naminə edilən misli görünməmiş fədakarlıq idi. Ancaq Qərb müttəfiqlik əxlaqını yerinə yetirmədi".

Onun fikrincə, Ərdoğanın əsl problemi İsraillə münasibətlərin mənasız yerə pozulmasından başladı: "Qəzza məsələsinə görə bu qədər dərinə gedilməsinin izahını vermək mümkün deyil. Məsələn, Azərbaycana görə Ermənistanla sərhədləri bağlamaq, diplomatik münasibətlər qurmaqdan imtina siyasəti hərtərəfli anlaşılandır. Çünki bunun qarşılığını Azərbaycan hər zaman enerji və başqa məsələlərdə ayrıca jestlərlə verib və bundan sonra da verəcəkdir. Qəzzaya yardım və dəstək də lazımdır, ancaq bunu İsraillə münasibətləri pozmaq bahasına etmək doğru deyil. Nəticədə sırf iqtisadi baxımdan bölgədə hər iki dövlətin maraqlarına ciddi zərbə vurulmuş oldu. Məncə, İsrail və Rusiya həmlələrinin ardından Ərdoğan özündə güc tapıb Misirlə də münasibətlərin normallaşmasına çalışmalıdır. İranla bağlı siyasətin də müsbət məcrada dəyişməsi vacibdir. Zaman göstərdi ki, xarici siyasətdə məsələlərə ideoloji prizmadan yanaşmaq Suriya kimi çözülməz bir problemi qarşıya çıxara bilər. Azərbaycan üçün isə bu addımların müsbət sonluğa varması hava-su kimi lazımdır. "Fillər savaşanda çəmənlik əzilir". Təqribən belə bir şey..."

F.Mustafa qeyd edib ki, müasir siyasət çeviklik tələb edir: "Bu arada Böyük Britaniyanın baş nazirinin Türkiyənin Avropa Birliyinə daxil olmasına ölçdüyü üç min illik müddət də yadıma düşdü. Özü isə Avropa Birliyində qalmaqla bağlı keçirilən referendumun nəticəsinə heç üç saat da qatlana bilmədi. Deməli, siyasətin konturları texnoloji inqilab sürəcində daha çevik dəyişəndir. Ona görə də düşmənçilikdə söyüşlərin hamısını işlətməmək, dostluqda da təriflərin hamısını yağdırmamaq məsləhətdir. Sonra istənilən üzr qəbahətdən betər olur..."

Pünhan Mirzə

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.