Siyasət

İşğalçıya Qarabağ möhləti - Ermənistan üçün "qum saat"ı işə düşüb...

25 İyun 2016 10:33
0 Şərh     Baxış: 2 566

Azərbaycanın cəbhə xətti yaxınlığında 5 günlük, genişmiqyaslı, 25 min hərbçinin, yüzlərlə zirehli texnika və artilleriya qurğusunun cəlb olunduğu təlimləri dünən başa çatdı. Prezidentlərin Peterburq görüşünə təsadüf edən bu təlimlər, gözlənildiyi kimi, düşməni heç vaxt olmadığı şəkildə təlaşlandırdı. Həm də o səbəbə ki, həmin təlimlər maksimum döyüş şərtlərinə uyğun şəraitdə keçirilirdi.

Milli.Az musavat.com-a istinadən bildirir ki, hərbi ekspertlərə görə, faktiki olaraq Azərbaycan Ordusu Qarabağı azad eləmək üçün bu dəfə yeni və olduqca dağıdıcı bir hücum taktikasını sınaqdan çıxarıb. Erməni tərəfinin əndişəsinin əsas motivi qismində bu göstərilir - Azərbaycanın istənilən an apreldəki hərbi uğuru daha geniş miqyasda təkrarlaya bilməsi reallığı.

***
Ermənistan prezidenti Serj Sərkisyan Sankt-Peterburq görüşündən dərhal sonra Qarabağa gedişi daha çox bu fonda diqqət çəkməkdədir. "Sərkisyan Qarabağa ona görə gəlmişdi ki, erməni tərəfinin "indiki situasiyada torpaq güzəştə getmək niyyətində olmadığını" göstərsin. Və əgər lazım gələrsə döyüşsün". Bu haqda Ermənistanda nəşr olunan "Qraparak" qəzeti yazıb (Virtualaz.org).

Qəzet qeyd edir ki, hazırda Dağlıq Qarabağ məsələsində Ermənistanla Rusiyanın mövqeyi yalnız bir məsələdə üst-üstə düşür: bu da status-kvonun saxlanılması və hərbi əməliyyatların başlanmasına imkan verilməməsi. Bildirilir ki, digər tərəfdən aprel döyüşlərindən sonra Sərkisyan döyüş postlarında vəziyyətin necə dəyişdiyini öz gözləri ilə görmək istəyib.

"Postlarda indi hər şey dəyişib. Bütün postlar istisnasız olaraq gecə müşahidə cihazları ilə təchiz edilib, bu cihazlar istənilən hərəkəti qeydə alır. Pilotsuz aparatlar verilib, hərbi texnikanı gizlətmək üçün xüsusi saxlanc yerləri qazılıb, indi texnikanı görmək mümkün deyil. Əvvəl isə texnika açıq havada, günün altında idi. Bu iki ay ərzində 20 il boyu görülməyən işlər görülüb", - qəzet iddia edib.

Bildirilir ki, aprel olaylarından sonra Sərkisyan artıq üçüncü dəfədir Qarabağa gedir. "O, Qarabağdakı erməni qüvvələrinin komandanlarının qarşısında konkret vəzifələr qoyub və indi vaxtaşırı olaraq bu vəzifələrin necə yerinə yetirildiyini yerində müşahidə edir", - bunu qəzetə Qarabağdakı erməni rejiminin yüksək vəzifəlisi deyib.

Xatırladaq ki, apreldəki hərbi uğursuzluqdan sonra Sərkisyan Müdafiə Nazirliyinin bir neçə generalını işdən qovub, orduda həbslər aparılıb. Bu, işğalçı ordunun təchizatında və kəşfiyyat məlumatları ilə təchiz edilməsində ortaya çıxan ciddi problemlərlə bağlı idi. Məsələn, məlum olmuşdu ki, postların əksəriyyətində gecə müşahidə cihazları yoxdur. İndi belə görünür ki, ermənilər aprel döyüşlərindən dərs götürərək postları belə cihazlarla təchiz edib, habelə hərbi texnikanı, artilleriya vasitələrini təmas xəttinə yığaraq gizlədib, maskalayıb.

***
Ancaq Azərbaycan Müdafiə Nazirliyi, sözsüz ki, təmas zonasında aprel əməliyyatlarından sonra vəziyyətin dəyişməsini ciddi ölçüdə nəzərə alır. Və son irimiqyaslı təlimlərdən də göründüyü kimi, düşmən mövqelərinə qəfil həmlələrin yerini sarsıdıcı birbaşa zərbələr tuta bilər. Yəni işğalçı tərəfin son hazırlıqları ordumuzun imkanları və manevrləri qarşısında həlledici önəm daşımır, daşımaq gücündə ola bilməz.

Fakt budur ki, Azərbaycan özünün hərbi potensialını iqtisadi göstəricilərinə adekvat surətdə artırmaqda, buna uyğun geniş miqyaslı hərbi təlimlər keçirməkdə davam edir. Kasıb və sürətlə boşalan Ermənistanın isə obyektiv olaraq belə imkanları yoxdur, ola bilməz. Ermənistan heç Rusiyanın ötən il kreditlə vəd elədiyi 200 milyon dollarlıq silah-sursatı ala bilmir.

Son mötəbər bilgilərə görə, Rusiya bu silahları İrəvana yalnız ilin sonunda çatdıra biləcəyini bildirib, o da şərtlə - Ermənistan Moskvanın Qarabağ planına  - "Lavrov planı"na (ona "Kazan variantı" da deyirlər) əngəl yaratmasın, pəl vurmasın. Bu isə mərhələli həll plandır və Azərbaycanı da minimum qane eləməklə yanaşı, Rusiyanın bölgədə hərbi və geosiyasi cəhətcə möhkəmlənməsini ehtiva edir. Azərbaycan rəsmisi Novruz Məmmədova görə, Peterburqda məhz bu planın işə salınması qərara alınıb.

***

Qarabağın yekun statusunu sonraya saxlayan mərhələli həll planına razılıq isə Sərkisyan rejiminin, bütövlükdə "Qarabağ klanı"nın hakimiyyətinin sonu deməkdir. Çünki onlar Levon Ter-Petrosyanı məhz belə bir plana görə iqtidardan salıblar. Bu mənada plana razılıq 18 illik Qarabağ siyasətinin iflas olmasının, erməni xalqının aldadılmasının acı etirafı demək olardı.
Yeri gəlmişkən, Sərkisyanın təcili Qarabağ səfərinin bir motivi də yəqin ki, budur - gerçəyi separatçı rejimin başçıları ilə müzakirə eləmək. Belə bir rəy də artıq daşlaşmaqdadır ki, Ermənistana konkret addımların atılması üçün vaxt verilib. Əgər İrəvan Qarabağla bağlı təklifləri qəbul etsə, prezidentlərin növbəti görüşünün gündəliyi daha konkret olacaq. Söhbət ilk öncə torpaqların azad olunmağa başlamasından gedir.

Bu mənada işğalçı tərəfdə Azərbaycan sarıdan təlaşın güclənməsi məntiqlidir. İrəvan indi heç vaxt olmadığı qədər anlayır ki, Kreml istənilən an göz yummaqla Azərbaycanın növbəti blits-hərbi zəfərinə zəmin yarada bilər - Ermənistanı daha üzüyola eləmək üçün təbii ki. Çünki ilk güzəştə gedəcək tərəfin İrəvan olduğunu indi artıq hamı anlayır, o cümlədən Rusiya.

Bunu az öncə tanınmış rusiyalı ekspertlərdən biri  Aleksandr Karavayev də dilə gətirmişdi. Politoloq demişdi: "Vyana görüşündə anlaşma var idi ki, Minsk Qrupunun ofisi xüsusi texniki avadanlıqlarla gücləndiriləcək və bu da imkan verəcək ki, atəşkəs pozuntularına real qiymət verilsin. Görünür, vəsait, pul çatmayıb. Əslində bu, təhlükəsizlik rejiminə necə münasibət bəslənilməsi baxımından Ermənistan üçün (Rusiya tərəfdən - red.) olduqca qəribə bir siqnaldır. Azərbaycan üçün isə onun əlamətidir ki, Bakıya imkan veriləcək ki, kəskin taktiki zərurət olduqda işğal altındakı ərazilərə nəzarəti genişləndirmək üçün apreldəki kimi daha bir əməliyyat həyata keçirə bilsin".

Ermənistanı narahat edən həm də təmas xəttində güclü nəzarət mexanizmlərinin yaradılması, daha doğrusu, yaradılmaması məsələsində Rusiya ilə Azərbaycanın mövqeyinin üst-üstə düşməsidir. Çünki Moskvanın əminliyinə görə, belə mexanizmlər daha çox Qərbin maraqlarına işləyir və Ermənistanın özünü daha sərbəst, cəzasız hiss eləməsi demək olacaq.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.