Siyasət

"Müsəlman dünyasına Respublika məfhumunu və məfkurəsini Azərbaycan xalqı gətirdi"

28 May 2016 07:54
1 Şərh     Baxış: 1 856

28 May - Azərbaycan xalqının tarixinin şərəfli səhifələrindən biridir.

Milli.Az xəbər verir ki, bunu Milli Məclisin üzvü, professor, tarix elmləri doktoru Musa Qasımlı bildirib.

Onun sözlərinə görə, 1918-ci il mayın 28-də Azərbaycan xalqını təmsil edən Milli Şura müsəlman Şərqində ilk dəfə olaraq respublika formasında Azərbaycanın dövlət müstəqilliyini elan etməsi tarixindən zaman etibarilə nə qədər çox uzaqlaşırıqsa, onun təkcə xalqımız və müsəlman Şərqi deyil, bütün dünya üçün böyük əhəmiyyət daşıdığı özünü daha aydın şəkildə göstərir, Cümhuriyyət irsinə təkrarən müraciət olunur və çoxlu suallara olan cavabları yenidən oxumaq və ibrət almaq lazım gəlir:

"Çümhuriyyətin yaradılması və fəaliyyəti əhəmiyyətinə görə Azərbaycan sərhədlərini aşaraq daha geniş bir anlam daşıyırdı. Müsəlman dünyasına Respublika məfhumunu və məfkurəsini Azərbaycan xalqı gətirdi. Azərbaycan Xalq Cümhuriyyəti bütün müsəlman Şərqinin "Dan Ulduzu" oldu. Bu gün Şərqdə müstəmləkəçiliyin və müstəmləkə zülmü altında inləyən  xalqların olmaması eyni zamanda Cümhuriyyətin təsiridir. Azərbaycan xalqı müstəmləkə zülmü altında inləyən xalqlara xilas yolunu göstərdi. Onların ürəyində ümid çırağı yandırdı. Heç əbəs deyil ki, Cümhuriyyət yaradıldıqdan sonra Sibir sürgünündə azərbaycanlılarla yanaşı zülm çəkən yüzlərlə ərəb, fars, əfqan və başqa xalqların nümayəndəsi Azərbaycanın vətəndaşı olmaqdan ötrü İrkutskdakı konsulluğa müraciət etmişdilər".

Millət vəkilinin fikrincə, Sovet dövründə Azərbaycan tarixinin barəsində yazılmayan və danışılmayan, üstündən sükutla keçilən, yazılan və danışılanda isə kobudcasına təhrif edilən səhifələrindən biri 1918-1920-ci illər Azərbaycan Xalq Cümhuriyyəti dövrü olub: "Bu tarixə dair arxiv sənədləri daim "məxfi", "tam məxfi" qrifləri altında  saxlanıldığından tədqiqatçılar tarixi həqiqətlərin heç də hamısını bilməyiblər, bilənləri isə ideologiyanın təsiri altında onu məqsədli şəkildə, düşünərək təhrif edərək yazıblar. Lakin Azərbaycanın dövlət  müstəqilliyi bərpa edildikdən sonra yaranmış yeni şəraitdə "tam məxfi", "məxfi" arxiv fondları açıldıqda tamamilə başqa bir mənzərə üzə çıxdı. Cümhuriyyət tarixinə yeni baxış meydana gəldi. 1998-ci ildə ümummilli lider Heydər Əliyevin imzaladığı Azərbaycan Xalq Cümhuriyyətinin 80 illiyinin qeyd edilməsi barədə sərəncamından sonra bu sahədə xeyli işlər görüldü. Cümhuriyyət dövrü tarixinin sistemli araşdırılmasına başladılması məhz Heydər Əliyevin adı ilə bağlıdır. Parlament iclaslarının stenoqramları nəşr edildi. Kitab və monoqrafiyalar çapdan çıxdı".

             

M.Qasımlı qeyd edib ki, bu gün ölkəmizdə milli tariximizə, mədəniyyətimizə xüsusi qayğı göstərilir: "Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin sərəncamı ilə ölkəmizin paytaxtında Cümhuriyyət xadimlərimizin şərəfinə abidə ucaldılıb. Onların xatirəsi əbədiləşdirilib. Adlarına küçə, prospekt və qəsəbələr vardır. Görkəmli xadimlər haqqında sənədli filmlər çəkilib. Xarici ölkələrdəki məzarları təmir edilib. Cümhuriyyətimiz 98-ci ildönümü ilə əlaqədar olaraq ölkəmizdə geniş tədbirlər həyata keçirilir".

O bildirib ki, Azərbaycan dövləti son 25 ildə bir çox ölkələrin bəlkə də yüz ildə keçdiyi yolu keçib: "Güclü, rəqabətə davamlı dövlət qurulub. Cənab prezidentimiz İlham Əliyevin rəhbərliyi altında tariximizdə bir sıra ilklərə imza atılıb. Azərbaycan Kosmos klubunun üzvü olub, BMT Təhlükəsizlik Şurasının üzvü seçilib. Ölkəmiz beynəlxalq toplantıların keçirildiyi, sivilizasiyaları qovuşduran, əməkdaşlığa cəlb edən ölkəyə çevrilib. Azərbaycan dövlətinin parlaq gələcəyi vardır".

İlkin İzzət
Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.