Siyasət

Ermənistandan Qarabağ ultimatumu

26 May 2016 19:43
1 Şərh     Baxış: 2 508

Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə işçi sənədlərin hamısında belə bir maddə var ki, Dağlıq Qarabağ danışıqlarda tərəf kimi iştirak etməlidir.

Milli.Az xəbər verir ki, anspress-in məlumatına görə, Ermənistan xarici işlər naziri Edvard Nalbəndyan parlamentdə çıxışı zamanı belə deyib.

Onun sözlərinə görə, danışıqlarda Dağlıq Qarabağın iştirakı olmadan hər hansı sənədin imzalanması mümkün deyil.

"Danışıqların bərpası üçün şərait yaradılmalıdır. Əgər şərait yaradılarsa, monitorinqlərin mümkünlüyü təmin edilərsə, danışıqlara başlamaq olar. İndi məhz bu istiqamətdə səylər davam etdirilir. Mümkündür ki, ATƏT-in Minsk qrupunun həmsədrləri Azərbaycan və Ermənistan XİN rəhbərləri ilə görüşü zamanı Vyana görüşündə əldə olunan razılıqların tam şəkildə həyata keçirilməsi ilə bağlı məsələləri müzakirə etsinlər. Bu, danışıqların növbəti mərhələsi üçün yolu aça bilər", - Nalbəndyan deyib.

Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyev və Serj Sarkisyanın görüşü may ayının 16-da Avstriyanın paytaxtı Vyanada olub.

Görüş ATƏT-in Minsk qrupunun həmsədrlərinin təşəbbüsü ilə baş tutub. ABŞ dövlət katibi Con Kerri, Rusiya və Fransa xarici işlər nazirləri Sergey Lavrov və Jan-Mark Eyro görüşdə iştirak edib.

Daha sonra Sergey Lavrov Prezidentlərin görüşü ilə bağlı açıqlama verib. O bildirib ki, danışıqların iştirakçıları regionda 1994-95-ci il sazişi formatında atəşkəsə əməl olunacağına dair razılığa gəliblər.

Toplantının sonunda ATƏT-in Minsk qrupu bəyanatla çıxış edib. Sənəddə deyilir ki, prezidentlər atəşkəsə və münaqişənin sülh yolu ilə nizamlanmasına sadiq olduqlarını təsdiqləyiblər.

Tərəflər təmas xəttində gərginliyi azaltmaq üçün qısa müddət ərzində ATƏT-in araşdırıcı mexanizmləri üzərində işi başa çatdırmaq barədə, ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mövcud rəhbərliyinin səlahiyyətlərini genişləndirməsi barədə razılığa gəliblər.

Tərəflər, həmçinin Beynəlxalq Qırmızı Xaç Komitəsinin vasitəçiliyi ilə itkin düşmüş şəxslər barəsində məlumatların mübadiləsini davam etdirmək barədə razılığa gəliblər.

İlham Əliyev və Serj Sarkisyan münaqişənin hərtərəfli nizamlanmasına dair dialoqun bərpası üçün danışıqların növbəti raundu barədə razılığa gəliblər. İyun ayında Azərbaycan və Ermənistan prezidentləri növbəti danışıqların yerini və vaxtını təyin edəcəklər.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.