Siyasət

Siyasətdə pafos niyə dəbdədir?

24 May 2016 22:19
2 Şərh     Baxış: 1 613

Dünyanın bir çox tanınmış siyasətçilərinin çıxışında pafosa yer  verilir. Ən çox odlu-alovlu çıxışları ilə yadda qalan isə Türkiyənin hazırki prezidenti Rəcəb Tayyib Ərdoğandır. Sadə xalq kütlələri qarşısında pafoslu çıxış edib izdihamı çoşdurmaq, onların alqışlarını qazanmaq əksər cəmiyyətlərdə siyasətçilərin uğuru hesab olunur.

Bəzi cəmiyyətlərdə isə pafos ümumiyyətlə qəbul edilmir.

Bəs, görəsən ümumilikdə siyasətdə hədsiz emosionallığın yeri və rolu nədir? Hansı cəmiyyətlərdə, pafos müsbət, hansında mənfi qarşılanır? Cəmiyyətin buna ehtiyacı varmı? Auditoriyanın tərkibindən asılı olaraq pafoslu çıxışlara münasibət necə dəyişir?

Milli.Az musavat.com-a istinadən bildirir ki,politoloq Qabil Hüseynli bildirdi ki, siyasətdə pafos mütləq lazımdır: "Bu kütləni coşdurur, qeyri-real fikirləri də real fikirlər kimi kütləyə çatdırmağa kömək edir. Pafosla  emosionallıq birləşəndə kütlənin qavramaq qabiliyyəti xeyli artır. Bəzi məqamlarda kütlənin çoşmuş  və idarəedilməz bir izdihama çevrilməsi, dağıdıcı bir qüvvəyə dönməsi üçün  pafos önəmli rol oynayır. Amma demokratik ənənələrin oturuşduğu, inkişaf etmiş ölkələrdə pafosa  çox az rast gəlinir. Əhalisinin intellektuallıq səviyyəsindən asılı olaraq, ölkələrdə pafosa münasibət də fərqlidir. Necə ki, Amerikada Hillari Klinton auditoriyaya baxaraq çıxışının pafoslu və ya pafossuz olmasını müəyyənləşdirir. Auditoriya intellektualdırsa, aristokratik təbəqənin nümayəndələrindən  ibarətdirsə burada pafosa ehtiyac yoxdur. Bu onun əleyhinə işləyə bilər. Pafos kütlə üçün, daha çox intellektual səviyyəsinin aşağı olduğu adamların toplaşdığı ortam üçün lazımdır və əksər ölkələrdə çox geniş istifadə olunur".

Politoloq Qardaş Türkiyə siyasətçilərinin də çıxışlarında pafosa geniş yer verildiyini vurğuladı: "Məsələn, Türkiyədə bu geniş yayılıb. Əsasən Ərdoğanın çıxışlarında müşahidə edilir. Lakin mahir dinləyici Davudoğlunun çıxışdakı pafosla Ərdoğanın çıxışındakını dərhal fərqləndirə bilir. Davudoğlunun çıxışındakı pafos emosional deyil, daha çox intellektualdır.  Onun çıxışında pafos cüzi yer alırdı. Ərdoğanın çıxışları isə başdan-başa pafosdur. Bu kütlənin səviyyəsinə enib, xalqla onun dilində danışmaq tərzidir. Pafosda intellektuallıq çox aşağı səviyyədə olur, daha çox insanların eşitmək istədiyi, qulağı oxşayan sözlər üstünlük təşkil edir. Bu mənada Ərdoğan ən sadə bir məsələ ətrafında da sensasiya yaradır və odlu-alovlu çıxış edir. Ancaq pafossuz, intellektual çıxış da aşağı səviyyəli kütlə tərəfindən yaxşı qarşılanmır".

Azərbaycan siyasətçilərinin çıxışlarında yer alan pafosa gəlincə, ekspert daha çox müxalifətin buna meylli olduğunu diqqətə çatdırdı: "Azərbaycanda isə iqtidarda olan siyasətçilər pafosu sevmirlər.  Çünki onlar bir qayda olaraq, mitinq şəraitində deyil, auditoriya şəraitində danışırlar. Ona görə də, onların çıxışında intellektuallıq daha çox üstünlük təşkil edir. Çalışırlar ki, sakitcə öz fikirlərini auditoriyaya  çatdırsınlar. Mənim zənnimcə, iqtidarın pafosa bir o qədər ehtiyacı da yoxdur. Müxalifə isə pafos vacibdir. Bu cür çıxışları ilə ən çox fərqlənən AXCP sədri Əli Kərimlidir. Düzdür, indi müxalifətdən əvvəlki kimi geniş auditoriyası yoxdur. Ancaq ildə  bor-iki dəfə hansısa mitinqlərdə siyasətçilər çalışırlar ki, pafoslu çıxışa üstünlük versinlər. Bu  zaman sanki bir-biri ilə yarışırmış kimi görünürlər. Lakin necə çıxış etməkdən asılı olmayaraq, Azərbaycanda hər bir dinləyici öz mənsub olduğu partiya rəhbərinin çıxışını bəyənir və onu haqlı hesab edir".

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.