Siyasət

Böyük qalmaqal: Rusiya Azərbaycanı müttəfiq saymır?

20 May 2016 13:32
9 Şərh     Baxış: 12 531

"Rusiyanın Ermənistanla münasibətləri müttəfiqlikdir. Azərbaycanla münasibətlərimiz isə müttəfiqlik deyil. Həmin münasibətləri strateji tərəfdaşlıq kimi dəyərləndiririk".

Rusiya Xarici İşlər Nazirliyinin MDB ölkələri üzrə 4-cü departamentinin direktoru Aleksey Pavlovski Moskvada erməni jurnalistlərin suallarını cavablayarkən belə deyib.

O daha sonra bəyan edib ki, hər iki söz yetərincə aydın və sadədir.

"Tərəfdaşlıq odur ki, qarşılıqlı əlaqələrimiz var, strateji ünsiyyətlərimiz var və bunlar uzunmüddətli xarakter daşıyır. Rusiya-Azərbaycan münasibətlərinin əsasını təşkil edən obyektiv amillər bəllidir: coğrafi yaxınlıq, iqtisadi əlaqələr, Rusiyada nəhəng azərbaycanlı diasporunun mövcudluğu - bütün bunları biz strateji tərəfdaşlıq sayırıq. Hərbi-siyasi birliymiz, qarşılıqlı yardımlar, o cümlədən hərbi yardım barədə bir sıra müqavilələrimizin olduğu Ermənistandan fərqli olaraq Azərbaycanı müttəfiq ölkə hesab etmirik.

Fərq də elə budur. Ermənistan və Azərbaycanla münasibətlərə eyni səviyyədə baxmağımız barədə deyilənlər də düz deyil. Təbii ki, belə mühüm təfərrüatları hər kəs nəzərə almır".

Rusiya XİN-in yüksək rütbəli mənsubunun, təcrübəli diplomatın belə qalmaqallı açıqlaması təsadüfi, spontan deyil.

A.Pavlovski erməni jurnalistlərin suallarını cavablayanda ilk əvvəl Rusiyanın baş nazirinin müavini Dmitri Roqozinin açıqlamasının İrəvanda yaratdığı effekti zəiflətmək istəyib.

D.Roqozin: "Azərbaycanla əlaqələrə çox böyük önəm veririk, çünki Azərbaycan strateji tərəfdaşımızdır", - demişdi.

Həmin açıqlama Ermənistanda Dağlıq Qarabağ münaqişəsi zonasındakı "dördgünlük müharibə"dən sonra antirusiya əhval-ruhiyyəsinin dəfələrlə gücləndiyi Ermənistanda "bomba partlayışı" effekti yaratmışdı. Ermənilər prezident Serj Sarkisyan hakimiyyətini xalqın mənafelərini və dövlətin maraqlarını öz istəklərinin reallaşmasına qurban verməkdə, Ermənistanı Rusiyanın müstəmləkəsinə çevirməkdə suçlayırlar.

Bu, həqiqətdir, çünki Serj Sarkisyan rejiminin hakimiyyətdə qalmasının əsas və müəyyənləşdirici şərti bu iqtidarın Rusiyadan alınan bütün göstərişləri qeyd-şərtsiz yerinə yetirməsidir.

Ermənistan iqtisadiyyatının strateji sahələrinin bütünlüklə Rusiya şirkətlərinin nəzarətində olması, İrəvanın xarici siyasətinin ən kiçik detallarının belə, Rusiya ilə razılaşdırılmasının gərəkdiyi də reallıqdır.

Bununla belə, Rusiya Ermənistanı özünə müttəfiq bilmir: A.Pavlovski erməniləri sakitləşdirməyə çalışaraq diplomat üçün yolverilməz olan emosional, hətta paradoksal açıqlamalarla çıxış etsə də.

Rusiyanın Cənubi Qafqazdakı forpostuna çevrilmiş Ermənistandan sadəcə, bölgədəki hadisələrə təsir vasitəsi kimi istifadə edirlər və ermənilər də bunu anladıqlarından sinirlərin, köləliyin müqabilində daha böyük güzəştlər tələb edir, haqq istəyirlər.

Ermənistanla Rusiya MDB ölkələrinin Kollektiv Təhlükəsizlik Müqaviləsi (KTMT), Avrasiya İqtisadi Birliyi və Avrasiya Gömrük İttifaqı kimi təşkilatlarda təmsil olunublar. Rəsmi açıqlamalarda və sənədlərdə belədir.

Gerçəkdə isə Rusiya erməniləri bu təşkilatlara qatılmağa vadar edib və İrəvan da həmin məcburi addımları atmayacağı, müvafiq qərarları verməyəcəyi təqdirdə üzləşə biləcəyi risklərlə təhlükələri hesablayaraq müti davranmağa üstünlük verib.

Dağlıq Qarabağdakı "dördgünlük müharibə" günlərində də ermənilər məhz həmin qurumlarda birgə "tərəfdaşlığa" istinad edərək Rusiya qarşısında tələblər səsləndirir, az qala münaqişə zonasına rus qoşunlarının yeridilməsini tələb edirdilər.

Rusiya, təbii ki, belə tələbləri cəbhə bölgəsində uduzan ermənilərin paranoidal, hətta isterik çığırtıları kimi qəbul etdiyi üçün İrəvanı məmnun edəcək qərarlar vermədi.

Ermənistan hökumətinin iclasında "Dağlıq Qarabağın müstəqilliyinin tanınması"nı nəzərdə tutan qanun layihəsinin bəyənilməsi, sonra da müzakirə üçün parlamentə göndərilməsi də bununla bağlı idi.

Amma Rusiyanın XİN başçısı Sergey Lavrov ermənilərə sərt xəbərdarlıq kimi səslənən "Dağlıq Qarabağın statusu yalnız danışıqlar çərçivəsində həll olunacaq və ümid edirəm ki, Ermənistan prezidenti Serj Sarkisyan bunu unutmayıb, Ermənistan hakimiyyəti də düşünülməmiş addımlar atmayacaq" bəyanatı ilə çıxış edəndən sonra "tanınma prosesi" başladığı kimi də bitdi.
Rəsmi İrəvan Dağlıq Qarabağ münaqişəsinin dinc yolla nizamlanmasına yönəlmiş danışıqlar prosesinə "tanınma" təki təsir rıçaqını itirdiyindən Rusiyadan təhlükəsizlik təminatı almağa çalışır.

A.Pavlovskinin bəyanatını da bu baxımdan Moskva ilə İrəvan arasındakı münasibətlərdə erməniləri narahat edən məqamların aradan qaldırılmasına yönəlmiş açıqlama saymaq olardı: bu qədər sadəlövh, düşünülməmiş "etiraf" şəklində səslənməsəydi.

Rusiya XİN-in yüksək vəzifəli mənsubunun açıqlaması faktiki olaraq Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqlara "torpedo atəşi" sayıla bilər. 

ATƏT-in Minsk Qrupunda həmsədr ölkələrdən biri olan Rusiyanın elan edilməmiş müharibə şəraitində olan Azərbaycanla Ermənistan arasında belə seqraqasiya etməsi və seçimə vararaq "müttəfiq-tərəfdaş" müəyyənləşdirilməsini bəyan etməsinin danışıqlara çox pis təsiri istisna deyil.
Ən azı ona görə ki, A.Pavlovskinin "etiraf"ından sonra Ermənistan danışıqlardakı mövqelərini daha da aqressivləşdirərək "Rusiyanın müttəfiqi" statusunu bəlirləyərək təsdiqlətmiş tərəf olduğu fikrinə düşəcək və bu da ermənilərin iddialarının artmasına gətirib çıxaracaq.

Eyni zamanda, A.Pavlovskinin bəyanatı Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında vasitəçi, daha doğrusu, konflikt tərəfləri arasında moderator rolunu oynayan Minsk Qrupunun həmsədrlərinin işi formatında Rusiyanın obyektivliyindən şübhələnməyə əsas verir.

A.Pavlovski, deyəsən, unudur ki, Rusiya ilə Azərbaycan arasındakı münasibətləri yalnız diaspora, iqtisadiyyat və ya müəyyən məsələlərdə birgə fəaliyyət müəyyənləşdirmir.

Diplomat üçün diletant səviyyədə danışan, xarici siyasəti az qala folklor nümunələrinin bədii qiraətinə çevirən A.Pavlovski belə primitiv açıqlamalarla çıxış etməzdən əvvəl Rusiya-Azərbaycan əlaqələrinin nədən ibarət olduğuna dəlalət edən müqavilələr, anlaşmalar və sazişlərin sadəcə, sayına nəzər salaydı.

Sonra isə indiki situasiyada Ön Asiyada və Cənubi Qafqazda kimin kimdən daha çox asılı olması ilə bağlı təhlillərə vara bilərdi.

Etibarlı qonşu, dost və müttəfiq olan Azərbaycandan fərqli olaraq Ermənistan həmişə Rusiyadan sırf merkantil məqsədlər üçün yararlanıb, öz məqsədləri üçün istifadə etməyə çalışıb.

Bunu anlamaq o qədərmi çətindir?

A.Pavlovski düşünülməmiş, absurd bəyanatı ilə Rusiyanın Cənubi Qafqazda illərdən bəri qurduğu sxemləri, formalaşdırmağa çalışdırdığı qüvvələr nisbətinə sarsıdıcı zərbələrdən birini endirib.

Əgər özü bunun fərqindədirsə.

Növbə Rusiya XİN-in rəhbərliyinindir. Əcəba, bu strukturun başçısı Sergey Lavrov əməkdaşının "hisslərə qapıldığı"nı deyəcək, yoxsa Ermənistanla Azərbaycan arasında Rusiyanın "dəqiq seçim etdiyini" vurğulamağa çalışan Aleksey Pavlovskinin sözlərinin dezavuasiya olunmasına can atacaq?

Elçin Alıoğlu
Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.