Siyasət

Qarabağ danışıqlarında MÜHARİBƏ YELLƏRİ

19 May 2016 10:52
12 Şərh     Baxış: 14 324

Vyanada Azərbaycan və Ermənistan prezidentləri arasındakı danışıqlardan sonra rəsmi İrəvanın mənsubları aşkar yalanlara, gerçəyin həyasızcasına interpretasiyasına xüsusi fəallıqla davam edirlər. Onlar indi hər vəchlə çalışırlar ki, Dağlıq Qarabağ münaqişəsinin dinc yolla nizamlanmasına yönəlmiş danışıqlar prosesində "həqiqəti söyləyən yeganə tərəf" təsiri bağışlasınlar.

Fəqət belə siyasi naqqallıq, hətta hərcailik ermənilərin ümidlərinin və gözləntilərinin tam əksinə olan effekt verir. Özü də İrəvan hakimiyyətindəkilər nə qədər çox danışırlarsa, bir o qədər rüsvay olurlar.
Ermənistan prezidenti Serj Sarkisyan Vyanadan İrəvana qayıdarkən təyyarədə erməni jurnalistlərin suallarını cavablayanda demişdi: "Dağlıq Qarabağ münaqişəsi zonasında apreldəki hərbi əməliyyatlarda 800 hektar ərazi itirdik. Amma bu ərazilər nə taktiki, nə də strateji baxımdan əhəmiyyət kəsb edir".

Sarkisyanın bu sözləri erməniləri çılğına döndərib. Ermənilər sosial şəbəkələrdə yazırlar: "Əgər o 800 hektar əhəmiyyətsiz idisə, nə üçün yüzlərlə hərbçini itirdik?! Və əgər yüzlərlə hərbçi itirmişiksə, niyə o əraziləri Sarkisyan önəmsiz sayır?
İndi bu boşboğazlıq şousuna Ermənistanın XİN başçısı Edvard Nalbandyan da qatılıb. 
Təbii ki, erməni xarici işlər nazirinin söylədikləri də Sarkisyanın dedikləri təki absurd və provokasiyadır. 
Məsələn, əvvəl Sarkisyan, sonra da Nalbandyan bildirdilər ki, guya Vyana görüşündə əldə edilmiş razılaşmalardan biri də ATƏT sədrinin daimi nümayəndəsinin mandatında dəyişikliklərlə bağlıdır. Yəni ermənilərin dediklərinə görə, Ancey Kaspşikin səlahiyyətləri artırılacaq, müşahidəçilər missiyası böyüdüləcək.
Halbuki belə razılaşma olmayıb və A.Kaspşikin səlahiyyətlərində də ciddi dəyişikliklər olmayacaq. Bu, rəsmi Bakının yox, ATƏT-in Minsk Qrupunun mövqeyidir.

Üstəlik, Bakı müşahidə missiyasının heyətinin artırılması ilə bağlı heç bir öhdəlik götürməyib.

Mayın 16-da Vyanada ABŞ-ın dövlət katibi Con Kerri, Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov, Fransa Respublikasının Avropa məsələləri üzrə dövlət katibi Harlem Desir, ATƏT-in Minsk qrupunun həmsədrləri, ATƏT-in hazırkı sədrinin xüsusi nümayəndəsi A.Kaspşikin iştirakı ilə Azərbaycan və Ermənistan prezidentlərinin görüş keçirilib. 
Avstriyanın paytaxtındakı danışıqlar bir neçə məqam baxımından Ermənistan üçün uğursuz, Azərbaycan üçünsə əksinə, irəliləyiş sayıla bilər:

1) Ermənistanın ciddi səylərinə və müqavimətinə baxmayaraq, Azərbaycan ordusunun aprelin 1-5 tarixlərində 2000 ha ərazini işğaldan azad etməsi beynəlxalq birlik tərəfindən qəbul olundu. Ermənistan Vyana danışıqlarına qədər ciddi-cəhdlə orduların təmas xəttinin 1994-cü mayında imzalanmış atəşkəs zamanı müəyyən edilən xəttə çəkilməsinə çalışmış, əks halda beynəlxalq ictimaiyyəti atəşkəsin pozulacağı ilə şantaj edirdi;

2) Ermənistan 2014-cü ildə Paris danışıqlarından sonra ATƏT-in Minsk qrupu çərçivəsində davam etdirilən sülh müzakirələrini pozub, hər dəfə danışıqlarda irəliləyişə ümid yarananda, cəbhə xəttində təxribatlara əl atıb və danışıqları pozmağa çalışıb. Almaniya federal kanslerinin təşəbbüsü ilə bu ilin fevral ayında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı aparılmış müzakirələrdən sonra da aprelin əvvəllərində Ermənistan belə təxribata əl atdı. Ermənistan bütün beynəlxalq müzakirələrin formal olduğunu nümayiş etdirir, heç bir vəchlə danışıqlar masası arxasında ciddi müzakirələr aparmağa meyl göstərmirdi. Azərbaycan ordusunun aprel zəfəri həm Ermənistanı danışıqlar masası arxasına oturmağa məcbur etdi, həm də ATƏT-in Minsk qrupunu Ermənistana konstruktiv danışıqlar məcrasına qayıtması üçün rəsmi İrəvana təzyiq göstərməyə vadar etdi;

3) Həm Ermənistan, həm də ATƏT-in Minsk qrupunun üzvü olan dövlətlər anladılar ki, mövcud status-kvonun zaman limiti bitib, status-kvonu uzatmaqla Azərbaycan dövlətini işğal faktı ilə barışmağa məcbur etmək mümkün deyil,  bundan sonra da münaqişə dondurulmuş vəziyyətdə saxlana bilməz. Azərbaycan dövləti, Azərbaycan xalqı konstruktiv danışıqlar ruhuna sadiq olmaqla yanaşı, münaqişəni istənilən  vaxt beynəlxalq hüquq çərçivəsində güc yolu ilə həllinə qadirdir. Bununla da, Ermənistan tərəfi mövcud status-kvonun dəyişdirilməsi üçün konstruktiv danışıqları davam etdirməyə məcbur edildi.

4) Vyana danışıqlarında aprel insidentinin araşdırılması məqsədilə ATƏT-in yeni faktaraşdırıcı missiya yaratması qərara alınıb. Şübhə yoxdur ki, münaqişə bölgəsində monitorinqlər aparacaq missiyanın gələcəyi qənaət də ATƏT-in əvvəlki missiyalarının rəyləri kimi Azərbaycanın xeyrinə olacaq. Çünki Azərbaycan ordusu özgə ərazisində deyil, Azərbaycan Respublikasının beynəlxalq hüquqla tanınmış ərazisində işğalçı ordunun təxribatlarına cavab verir. Ermənistan ordusu   yaşayış məntəqələrini, mülki əhalini hədəfə alır, xəstəxanaları, məktəbləri, əkin sahələrini bombardman edir. Dinc sakinlərə qarşı beynəlxalq konvensiyalarla qadağan edilmiş silahlardan, o cümlədən kimyəvi silahdan istifadə olunur. Bu faktlar təsbit edilərək dəfələrlə beynəlxalq ictimaiyyətin, o cümlədən ATƏT üzvü olan dövlətlərin nəzərinə çatdırılıb. Azərbaycan isə yalnız atəşkəsin pozulması hallarında, düşmənin hərbi obyektlərini hədəfə almaqla cavab verib. Son aprel hadisələri zamanı ordumuzun qarşısında qoyulmuş tələblərdən biri də Dağlıq Qarabağda yaşayan mülki əhalinin hədəfə alnmaması ilə bağlı olub.  

Vyana danışıqları aprelin əvvəllərində Azərbaycan ordusunun zəfərinin diplomatiya sahəsində davamı kimi dəyərləndirilməlidir. Əldə edilmiş hərbi və diplomatik üstünlük Azərbaycanın Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı mövqeyini gücləndirir və münaqişənin beynəlxalq hüquq norma və prinsipləri çərçivəsində həlli üçün ciddi zəmin yaradır.

Orxan Hun
Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.