Siyasət

Səfirlər cəbhədə - YENİLƏNİB - FOTO

6 May 2016 16:33
Baxış: 2 532

Xatici İşlər Nazirliyinin təşkilatçılığı ilə Ağdama səfər edən Azərbaycanda akkreditasiya olunmuş diplomatik korpus nümayəndələri rayonda dağılan evlərə və fermer təsərrüfatına baş çəkiblər. 

16:33

Bu barədə Trend-ə Ağdam rayon İcra Hakimiyyətinin başçısı Raqub Məmmədov məlumat verib.

İcra başçısı bildirib ki, səfər zamanı icra hakimiyyətində diplomatik korpus nümayəndələri ilə görüş keçirilib və onlara erməni təcavüzü barədə məlumat verilib: "Sonra onlar özləri hadisə baş verən əraziləri görmək istədilər. Diplomatlar Sarıcalı kəndində dağılan orta məktəbə baş çəkdilər, erməni vandalizmini öz gözləri ilə gördülər. Daha sonra onlar Mahrızlı kəndində ermənilərin ağır artilleriya atəşi nəticəsində dağılan evlərə baş çəkdilər, kənd sakinləri ilə görüşdülər".

R.Məmmədov deyib ki, diplomatik korpus nümayəndələri, həmçinin Ağdamın Əfətli kəndi ərazisində fəaliyyət göstərən, aprelin 27-dən 28-nə keçən gecə erməni silahlı birləşmələri tərəfindən artilleriya atəşi nəticəsində dağılan "Qaramal" fermer təsərrüfatına da baxış keçiriblər. Səfirlik nümayəndələrinə hadisə nəticəsində dəymiş ziyan barədə məlumat verilib. Bununla da Azərbaycanda akkreditasiya olunmuş diplomatik korpus nümayəndələrinin Ağdam rayonuna səfəri başa çatıb.

---------

12:59

Xarici İşlər Nazirliyi (XİN) tərəfindən Azərbaycanda akkreditə olunan diplomatik korpusun nümayəndələrinin cəbhənin Tərtər istiqamətinə səfəri başlayıb.
 
APA-nın xəbərinə görə, nümayəndə heyətində Türkiyə, Rumıniya, Rusiya, Pakistan, İtaliya, Norveç, Əfqanıstan, Fələstin, İspaniya səfirləri, ABŞ, Böyük Britaniya səfirliklərinin hərbi attaşeləri, Fransa səfirinin müavini də təmsil olunur.
 
Diplomatlar öncə Tərtərin Qapanlı kəndində olublar. Burada onları Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov qarşılayıb. İH başçısı nümayəndə heyətinə cəbhədə baş verən son atışmalar zamanı dinc əhalinin üzləşdiyi çətinliklər, ermənilərin yaşayış məntəqələrini atəşə tutması nəticəsində yaranan problemlər barədə məlumat verib.
 
Daha sonra ermənilərin atdığı mərmilərdən birinin dağıtdığı, kənd sakini İlqar Məmmədovun evinə baxış keçirilib.
 
Qeyd edək ki, XİN tərəfindən Azərbaycanda akkreditə olunan diplomatik korpusun nümayəndələrinin cəbhənin Ağdam və Tərtər istiqamətinə səfəri təşkil olunub.
 
Səfərin məqsədi 2016-cı ilin aprel ayı ərzində Ermənistan silahlı qüvvələrinin qoşunların təmas xətti boyunca iri çaplı minaatanlar, ağır artilleriya və toplardan istifadə etməklə təmas xəttinə yaxın kəndlərdə sıx şəkildə yaşayan mülki Azərbaycan əhalisi, fərdi və dövlət mülkiyyətində olan obyektlər və Azərbaycan ordusunun mövqelərini intensiv atəşə tutmasının və dəymiş ziyanın humanitar və sosial nəticələri ilə yerindəcə tanış olmaqdır.
 
Diplomatik nümayəndəliklərin rəhbərləri və hərbi attaşelərin daxil olduğu 80-ə yaxın nümayəndənin səfərinin məqsədlərindən biri də qoşunların təmas xətti boyunca mövcud vəziyyətin diplomatların təmsil etdiyi ölkələrə obyektiv çatdırılmasının təmin edilməsidir. 

----------

12:03

Xarici ölkələrin Azərbaycandakı diplomatik nümayəndələri cəbhə bölgəsindəki kəndlərdə səfərdədirlər.

Bu barədə Milli.Az-a Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev  məlumat verib. Onun sözlərinə görə,  əsas məqsəd hazırda xarici ölkələrin Azərbaycanda akkreditasiya  olunmuş 80-dən çox nümayəndəsini cəbhəyanı ərazilərdəki vəziyyətlə tanış etməkdir.

"2 aprel tarixindən başlayaraq Ermənistan Silahlı Qüvvələrinin təmas xəttində törətdikləri təxribatlar, xüsusən də, Tərtər, Ağdam istiqamətində yaşayış məntəqələrini hədəfə alması və bunun nəticəsində də şəxsi və dövlət mülkiyyətinə dəymiş zərər haqqında beynəlxalq ictimaiyyəti, xüsusilə də, Azərbaycanda akkreditasiya olunmuş xarici diplomatların məlumatlandırılması məqsədi daşıyır. Onlar bu erməni vəhşilikləri ilə bir daha tanış olacaqlar. Proqramda diplomatik nümayəndiklərin rəhbərləri, hərbi attaşelər iştirak edirlər", - deyə qurum rəsmisi bildirdi.

Cəbhəyanı ərazilərə səfər edənlər arasında Rusiyanın, Avstriyanın, İtaliyanın, Niderlandın və Türkiyənin Azərbaycandakı səfirləri də var. 

Bundan əvvəl, yəni, aprelin 6-da da Azərbaycanda akkreditasiya olunmuş və xaricdən Azərbaycana gəlmiş xarici kütləvi informasiya vasitələri nümayəndələri cəbhə bölgəsinə səfər ediblər. 

Qrupa "Al Jazeera International", "Komsomolskaya pravda", "Reuters", "Associated Press", "France-Presse", "Kommersant",   "Novaya vremya", "Anadolu" agentliyi, TRT, İran və Çindən olan jurnalistlər daxil idi. 

Səfər 1 gün davam edib. Onlar əsasən Füzuli, Tərtər və Ağdam istiqamətlərində olublar. Jurnalistlərin cəbhə xəttinə səfəri Xarici İşlər Nazirliyinin təşkilatçılığı ilə həyata keçirilib. 

Aprelin 2-dən 5-dək Azərbaycan və Ermənistan təmas xəttində baş verən gərginliklərə görə qarşı tərəfin ağır silahlardan istifadə etməsi nəticəsində cəbhəyə yaxın ərazilərdə yerləşən kəndlərə ziyan dəyib. Onlar əsasən Füzuli, Ağdam, Tərtər və Goranboyun cəbhəyanı kəndlərini atəşə tutublar. Nəticədə dinc sakinlərin  yaşadığı evlərə ağır artilleriya mərmiləri düşüb. 

Milli.Az

Məqaləyə dair fotomateriallar:

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.