Siyasət

"Bu bədbəxt erməni konyakının təsiri altında..."

5 May 2016 13:11
1 Şərh     Baxış: 5 646

Hamımız - bir nəfər kimi hər şeyə hazır olmalıyıq. Bu bizim missiyamızdır və əgər biz üzərimizə düşən bu şərəfli vəzifəni sonacan yerinə yetirməsək, tarix də bizi bağışlamayacaq. Qüdrətli və rəşadətli Silahlı Qüvvələrimiz ətrafında sıx birləşərək Qarabağımızı düşmən caynağından nəhayət ki, xilas etməliyik!

Milli.Az xəbər verir ki, bunu hərbi-siyası məsələlər üzrə ekspert, ehtiyatda olan polkovnik-leytenant Üzeyir Cəfərov bildirib.  

Onun sözlərinə görə, son günlər Qarabağ ətrafında o qədər maraqlı, bəzən ziddiyətli, bəzən ümidverici və ya əksinə, narahat edən hadisələr baş verir ki, adam çaş-baş qalır: "Prinsip etibarı ilə məsələnin incəliklərindən xəbərdar olanlar yaxşı anlayırlar ki, nə isə olmalıdır və inşallah, olanlar da xalqımızın xeyrinə olsun. Sadə dillə desək, hər yer "qaynayır". Hərbisi də, mülkisi də əvvəlki illərdən çox-çox fərqli bir durumda öz işləri ilə məşğuldurlar. Amma bəzi əmmalar var ki, o olmasa, bəlkə də biz çoxdan bu "illərin yarasını" sağaltmışdıq.

Bu əmmalar açıq şəkildə Qarabağ düyününün açılmasını, münaqişənin tez bir zamanda həll olunmasını istəməyən qüvvələrlə, onların da başında ölkəmizə heç vaxt səmimi münasibəti olmayan Ermənistanla və onun birbaşa havadarı olan Rusiyanın min hoqqalardan çıxan siyasətçilərilə bağlıdır.

 

Bu gün Ermənistan parlamenti Dağlıq Qarabağdakı separatçı rejiminin tanınması ilə bağlı layihəni müzakirəyə çıxarmağa hazırlaşır. Bu təşəbbüsün də müəllifləri müxalif İrs Partiyasından olan deputat Zarui Postancyan və eks-baş nazir, hazırkı deputat Hrant Baqratyandır. Bu həmin eks-baş nazirdir ki, keçən həftə Azərbaycanı "atom bombası" ilə hədələmişdi. Bu bədbəxt, deyəsən, erməni konyakının təsiri altında bəzən nə sayıqladığının fərqində olmur. Onlar Azərbaycanı gah hansısa mifik "İsgəndər-M" raketləri ilə, gah "çirkli" və "atom bombaları" ilə, indi də Ermənistanın "Dağlıq Qarabağın müstəqilliyini tanıması" deyilən reallıqdan uzaq olan mənasız oyunlarla qorxutmaq istəyirlər. Əslində isə onlar bununla özlərini düşdükləri panik durumdan xilas etməyə çalışırlar. Lakin Azərbaycanın sərt münasibəti ilə üzləşən və vəziyyətin onlar üçün kritik olacağını hiss edən Ermənistan və havadarları gecəylə fikirlərindən vaz keçdilər və adını da qoydular ki, guya bunların qondarma "dövləti"ni əvvəlcə qoy başqaları tanısın, sonra isə İrəvan Dağlıq Qarabağın müstəqilliyini tanıyacaq..."

Ekspert bu məsələdə vasitəçi olan Rusiyanın əslində münaqişənin həllində maraqlı olmadığını qeyd edib: "Rusiya xarici işlər naziri Sergey Lavrov dünən bəyan edib ki, guya "yaxın vaxtlarda həmsədrlərin iştirakı ilə Dağlıq Qarabağ münaqişəsi üzrə görüş planlaşdırılır". Regionda hər an başlaya biləcək və çoxsaylı insan itkisinə gətirib çıxaracaq silahlı toqquşmanın olması belə sakitcə qarşılanır. Aprelin ilk günlərində Azərbaycan Silahlı Qüvvələri erməni hərbi-siyasi rəhbərliyinə acı durum yaşadıb, şoka salıb. Bundan sonra Rusiya təcili surətdə Ermənistanı canlı qüvvə və silah-sursatla təchiz edir. Amma bilmək lazımdır ki, regionda hər an ağır nəticələrə gətirib çıxaracaq hadisələr sürətlə yaxınlaşır".

Ü.Cəfərov əlavə edib ki, bu arada Azərbaycanda da bəzi heç də ürək açmayan tendensiyalar nəzərə çarpır: "Kimlərsə səfərbərliyin olub-olmamasını çox böyük "maraqla" müxtəlif rakurslarda müzakirə edir. Xatırladım ki, ehtiyatda olan hərbi vəzifəlilərin bütün ölkə üzrə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölmələrinə çağırılması işi mütəmadi olaraq aparılıb və indi də bu istiqamətdə bəzi işlər intensivləşdirilib. Həmçinin, aprel çağırışının yekunu ilə əlaqədar hərbi xidmətdən ehtiyata buraxılanların hərbi vəzifəlilərin qeydiyyatına alınması, eyni zamanda, ehtiyatda olan resurslar barədə məlumatların bir daha dəqiqləşdirilməsi həyata keçirilir ki, bu da normal bir prosesdir. Vətənimizin 20 faizdən bir qədər çox hissəsi 25 ildən də artıqdır ki, yağı düşmən və onun havadarlarının tapdağı altındadır. Bu işğala kimsə kənardan deyil, biz özümüz son qoymalıyıq. Müharibədə də Azərbaycan vətəndaşının əvəzinə kimsə gəlib burada bu işi görməyəcək".

İlkin İzzət

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.