Siyasət

Erməni komandir: "Düşünürdük ki, müharibə olsa, yenə qaçacaqlar"

4 May 2016 17:16
9 Şərh     Baxış: 8 254

Aprel ayında Qarabağ cəbhəsində "Dördgünlük müharibə" kimi tarixə düşən döyüşlərlə bağlı müzakirələr davam edir. Rusiyanın "Sputnik" informasiya holdinqinin Ermənistan bölməsinin xəbər portalının və radiosunun  baş redaktoru Dmitri Pisarenko döyüşlərin yekunlaşmasından 1 ay sonra "Aprel gündəliyi" adlı cəbhə xatirələrini oxucularla bölüşüb.

Milli.Az modern.az-a istinadən Azərbaycan oxusu üçün xüsusi maraq kəsb edəcək həmin məqaləni ixtisarla təqdim edir.

Beləliklə, Dmitri Pisarenko yazır:

"Gecə vaxtı komandir heyəti "kaptyorka"da toplanır. Yalnız kofe və çay içirlər. Bir qram içki də yoxdur. Heç simvolik miqdarda da. Cəbhə üçün norma olan "100 qram"dan söhbət belə, gedə bilməz. Bu heyrətləndiricidir, amma həm də düzgündür. Müharibədə rahatlaşmaq olmaz. Ehtiyatın itirilməsi düşmənə sərf edir. Atəşə məruz qalmaq təhlükəsi hələ də qalır. Axı ətrafa nəzarət etməyi imkan verən hakim yüksəklik Azərbaycanın nəzarətindədir. Həmin yüksəklikdən nəinki qarşıdakı mövqeləri, həm də cəbhənin dərinliklərində yerləşən hərbi obyektləri də artilleriya ilə vurmaq olar.

"Bu yüksəklik bizi çox narahat edir. Onun arxasında düşmən qüvvələri toplanıb. Ora xeyli texnika toplayıblar. Gecə-gündüz qazırlar", - deyə erməni komandir danışır.

Komandirlərdən daha biri isə etiraf edir: "Biz düşmənə (Azərbaycan tərəfi nəzərdə tutulur - red.) düzgün qiymət verməmişik. Onlar bütün bu illər ərzində öz səhvlərini analiz edib, hazırlaşıblar. Biz isə özümüzə arxayınlaşıb, oturmuşuq. Düşünürdük ki, yenə müharibə olsa, yenə qaçacaqlar".

Civan adlı döyüşçü isə bu ərazilərdə döyüşüb və azərbaycanlıların əlində saxladığı yüksəkliyin (Lələ təpə yüksəkliyi nəzərdə tutulur - red.) önəmini yaxşı bilir. Yaşayış məntəqələrinə uzaq olsa da, yüksəklik yolları nəzarətdə saxlamağa imkan verir. Eyni zamanda gizlincə texnika və əsgər gətirmək şansı da yox olur.

"Bu yüksəkliyin bizdə olması üçün ölməyə belə, hazıram. Yoxsa düşmən rahatca irəli gedəcək və itkilərimiz daha çox olacaq", - deyə Civan sakitcə deyir.

Söhbətimiz haradasa yaxında intensiv atışmanın başlanması ilə yarımçıq qalır. Biz çölə çıxırıq. Saat 22:50-ni göstərir.

Qərargahda deyirlər ki, gecə bizim olduğumuz hərbi hissənin yaxınında "dron" (pilotsuz aparat) görüblər. Postda duran əsgərlər onu səsindən tanıyıblar. Uzaqdan top səsinin gurultusu gəlir. Postlardan biri güclü pulemyot və minomyot atəşinə tutulur".

Səhər döyüş mövqelərinə getməyə hazırlaşırıq. Səmada 4 göyərçin görürük. Dərhal qərargahdan məlumat gəlir ki, atəşin dayandırılması haqda razılıq əldə olunub".

"Elə bu? Hansı atəşkəs? Uşaqların hamısı borc içindədir..." - deyə komandri Yura Aleksanyan telefonda etiraz edir.

İş ondadır ki, Ermənistandakı iri banklardan birinin müharibə veteranı olan sahibi Qarabağa könüllü döyüşməyə gedəcək hər kəsin kredit borcunu siləcəyini söz verib. Qarabağ veteranlarının çoxunun işi olmadığı üçün bu və ya digər halda borc içində yaşamalı olurlar.

Nəhayət, avtobusa doluşmaq əmri verilir. Biz yola düzəlirik.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.